"Vərdiş yaratmalıyıq ki, şəhid ailələrinə və qazilərə həssaslığı artırsınlar" - deputat

17-05-2021, 09:15           
"Vərdiş yaratmalıyıq ki, şəhid ailələrinə və qazilərə həssaslığı artırsınlar" - deputat
Azərbaycanın Ermənistan üzərinə qələbəsini bütün dünyaya əyani nümayiş etdirən Hərbi Qənimətlər Parkına girişin ödənişli olması ilə bağlı müzakirələr hələ də davam edir.

Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova özünün sosial şəbəkədəki hesabında bildirib ki, Hərbi Qənimətlər Parkında girişdə onlardan pul alıblar. Xanım şəhid ailəsi olduğunu götərən vəsiqəni təqdim etməsinə baxmayaraq, giriş üçün adambaşına 2 manat ödəməli olublar.

Başqa bir sosial şəbəkə istifadəçisi Vüqar Seyidov isə köhnə bilet satıldığını iddia edib:

“Bu gün nəhayət ki, Hərbi Qənimətlər Parkına getdim. 30 dəqiqəlik növbədən sonra kassaya çata bildik. 6 bilet istədim, xanım 3-5 dəq qurdalanandan sonra qarşısında qalaqlanmış biletlərdən 6 dənə seçib verdi. Bu ana qədər hər şey normal görünürdü.

Amma qarşıda turniket və əllərində QR kod yoxlamaq ücün cihaz olan iki xanım gözləyirdi. Xanimlar bir-bir biletləri “scan” edir və cihaz hər dəfə “not found” siqnalı verir. Səbəbini soruşduqda “Olur belə” dedilər.

Biletləri atmaq üçün zibil qutusu olmadığından, cibimə qoydum. Daha sonra atmaq istəyərkən bizə köhnə bilet satıldığını, cihazın bu səbəbdən QR tanımadığını anladım. Yəni bilet alarkən saat 16.45 göstərsə də, biletin üzərində saat 10.00 qeyd olunmuşdu və kassada onu çap edilmədiyini məhs masa üzərində seçilib verildiyinə şahidəm. Toplanan vəsait Yaşat Fonduna yatırıldığından buna bir açıqlama verilməsi lazımdır”.

Cebhe.info məsələ ilə bağlı Hərbi Qənimətlər Parkı ilə əlaqə saxlamaq istəsə də, bu, mümkün olmayıb. Parkın saytında əlaqə üçün sadəcə email adresi verilib.

Email adresinə yazmaq istədikdə, ünvanın səhv olduğunu üzə çıxıb. Beləliklə, məsələ ilə bağlı parkdan kimdənsə rəsmi məlumat almaq mümkün olmayıb.

Cebhe.info-ya açıqlamasında deputat Fazil Mustafa bildirib ki, cəmiyyətdə şəhid ailələrinə və qazilərə həssaslıq artırılmalıdır:

“Belə insidentlər ayrı-ayrı yerlərdə ara-sıra olur. Cəmiyyətdə artıq vərdiş yaratmalıyıq ki, şəhid ailələrinə və qazilərə həssaslığı artırsınlar, diqqət göstərsinlər. Ola bilər ki, orada hansısa məmur, ya da səlahiyyətli şəxs məsələnin mahiyyətini unudar. Belə hal olanda işıqlandırmaq lazımdır ki, kimsə bu kimi məsələlərdə səhvə yol verməsin. Mən ümumiyyətlə, həm şəhid ailələrindən və qazilərdən, həm də vətəndaşlardan pul alınmasının əlehinəyəm. “YAŞAT” Fonduna pul yığmaq olar, ancaq Hərbi Qənimətlər Parkının pullu edilməsi doğru deyil. İndi bu qayda qoyulubsa, heç olmasa, şəhid ailələrinə və qazilərə güzəşt olunmalıdır. Bilinməlidir ki, Parka kim baxır. Koordinasiya olunmalı, yoxdusa, bu nöqsan düzəldilməlidir”.

“Hərbi Qənimətlər Parkından “YAŞAT” Fonduna pul köçürülməsi xəbəri səhvdir”.

Bu sözləri isə Cebhe.info-ya “ASAN” Xidmətin mətbuat katibi Elnur Niftəliyev deyib:

“Hərbi Qənimətlər Parkı ilə “YAŞAT” Fondunun heç bir əlaqəsi yoxdur. Ordan gələn pulun bu Fonda köçürülməsi ilə bağlı heç bir rəsmi xəbər yoxdur. Sadəcə, kimsə belə bir xəbər deyib və yayılıb”.

“YAŞAT” Fondundan da bildirilib ki, Parkdan yığılan pullar quruma köçürülmür: “Bu, yalnış məlumatdır. Bunu kim deyibsə, çox yalnış məlumat verib”.

Qazi Natiq Mehdiyev də şəhid ailələrindən və qazilərdən pul alınmasını “yolverilməzdir və utancverici hal” adlandırıb:

“Birincisi elə bir hadisənin olması, şəhid ailələrinə və ya qazilərə biletlərin satılması yolverilməzdir. O qənimətlər şəhidin sayəsində ora gətirilib. Kimsə pul alıbsa, bu yolverilməzdir və utancvericidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.