“Problemli kreditlər idarə olunmaz səviyyədə artacaq, dövlət məcbur qalacaq ki...” - Ciddi təlatüm gözlənilir
18-05-2021, 18:29

“Problemli kreditlər idarə olunmaz səviyyədə artacaq, dövlət məcbur qalacaq ki...”
Azərbaycanda otel sahibləri, otel idarəçiliyi və turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar banklardan cəlb etdikləri kreditlərin qaytarılmasında çətinliklərlə üzləşiblər.
Bu barədə sahibkarların Prezident İlham Əliyevə müraciətində bildirilir. İş adamları bildirir ki, pandemiya səbəbindən turist axınının dayanması və hotellərin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər onların gəlirlərinin kəskin azalmasına səbəb olub.
Nəticədə vaxtidlə biznesin inkişafı üçün banklardan götürülən kreditlərin qaytarılmasında çətinlik yaranıb. Yaranmış vəziyyətlə bağlı indiyədək bir sıra dövlət qurumlarına, o cümlədən Mərkəzi Bank və İqtisadiyyat Nazirliyinə müraciət etsələr də, məsələ həllini tapmayıb. Banklar isə kreditləri geri qaytarılmasını tələb edirlər.
Bununla əlaqədar olaraq iş adamları Prezident İlham Əliyevə müraciət edərək ondan bu məsələyə müdaxilə etməyi, hotel sənayesi üçün güzəştlərin müddətinin 2022-ci ilin martınadək uzatmağı xahiş ediblər.
Bəllidir ki, pandemiya bütün iş sahələrini “vurub”, o cümlədən vətəndaşlar gəlirlərdən məhrum qalıblar.
İş adamları müddətin uzadılmasını istəyirlər, sıravi vətəndaslar da uzun müddətdir maliyyə problemi ilə üzləşirlər.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, kredit borcu olan, ümumiyyətlə maddi gəliri olmayan turizm obyektlərinin vətəndaşı işdən çıxartmaq məcburiyyəti yaranır ki, buda sonuc etibarilə sosial məsələyə çevrilir:
“Dünyada pandemiya ilində bir çox ölkələr, Avropa Birliyi ölkələri, Amerika, Türkiyə, Rusiya bir sıra problemlərlə üzləşdi. Bir nüansı qeyd edim ki, dünən Türkiyədə kiçik- orta sahibkarlığın dəstəyinə dair növbəti qərar qəbul olundu. Kiçik-orta sahibkarlığa dövlət tərəfindən böyük həcmdə dəstək paketləri qəbul olunur. Bunların tərkib hissəsi kimi ya kredit faizlərinin dondurulması, yaxud da kreditlərin bir hissəsinin dövlət tərəfindən ödənilməsi kimi məsələlər də var”.
Ekspertin sözlərinə görə, Azərbaycanda biznese yardım paketlərinin həcmi kifayət qədər azdır:
“Həmçinin vətəndaşlara da yardım paketləri çox az oldu. 190 manat ödənilməsinə dair qanun qəbul olundu. Onun yerinə yetirilməsində də ciddi problemlər yaşandı. Vətəndaşlara da dövlət tərəfindən maddi dəstəyin yetərli olduğunu söyləmək mümkün deyil. Biznesə kömək etmək lazımdır, çünki kiçik- orta sahibkarlıq, o cümlədən turizm sahəsində çalışanların özləri də probemlə üzləşib. Ancaq o da var ki, xidmətləri çox bahadır və ölkə daxilində kifayət qədər insanlar bu xidmətlərdən istifadə edərkən problemlərlə üzləşir. Amma onlar da qapalı olublar. Bu sahədə də azərbaycanlılar çalışır. Kredit borcu olan, ümumiyyətlə maddi gəliri olmayan turizm obyektlərinin vətəndaşı işdən çıxartmaq məcburiyyəti yaranır ki, bu da sonuc etibarilə sosial məsələdir. Yəni bu insanların işdən çıxarılması onların maddi vəziyyətinə mənfi təsir göstərir”.
Onun sözlərinə görə, tək turizm yox, elə sahələr var ki, bu gün də qapalıdır:
“Məsələn, idman salonları hələ də bağlıdır. Onların icarədə olanı, kredit borcu olanı var, kifayət qədər ciddi problemi olan insanlar var. Bu insanlara da dəstək lazımdır. Həmçinin vətəndaşlara da ciddi dəstək olunmalıdır. Çox təəssüf ki, hökumət orqanları burada gecikirlər. Biz bir il bundan öncə, hətta keçən ilin may - iyun ayında təkliflə çıxış etdik ki, həm vətəndaşların, həm biznesin bir illik kreditlərlə bağlı faiz hesablamaları dondurulsun. Bu baş verərsə, təbii ki, özəl banklara ziyan dəyə bilər. Bunun əvəzində dövlət həmin banklara vergi güzəştləri tətbiq edə bilərdi. Mərkəzi Bank həmin banklarda bir və iki illik faizsiz kreditlər təklif edə bilərdi ki, onlar da öz itkisini qarşılaya bilsin. Yəni dövlət burada təşəbbüsü öz əlinə almalıydı. Çox təəssüf ki, bu baş vermədi. Son rəqəmlər göstərir ki, həm sahibkarlıqla bağlı kreditlərdə, yəni taksit problemli kreditlərdə, həm də vətəndaşların kreditlərində artım müşahidə olunur. Bir müddətdən sonra bu problemli kreditlərin həcmi o qədər arta bilər ki, dövlət bu problemin həlliylə bağlı addım atmaq məcburiyyətində qalar. Necə ki, biz bunu devalvasiyadan sonra da gördük. Dövlət və hökumət orqanları problemli kreditlərin həlliylə bağlı addımları çox gecikdirdilər. Nəticədə bir neçə bank müflis oldu, bağlandı. Azərbaycanda vətəndaşlara və banklara, bütün maliyyə sektoruna ciddi ziyan dəydi. Amma nəticədə üstündən iki il keçdikdən devalvasiyadan sonra bu qərar verildi”.
Ekspertin sözlərinə görə, indi də məsələ uzadılır:
“Yəni məsələ vaxtında həll olunsaydı, daha ucuz və effektiv qərarlar almaq mümkün idi. İndi uzadılır və bir müddətdən sonra problemli kreditlərin həcmi vətəndaşlar və biznesdə o qədər artacaq ki, artıq idarə olunmaz hala gələ bilər. Dövlət məcburiyyətdən borcların bir qismini öz üzərinə götürəcək. Bu, daha başa gələcək və maliyyə sektorunda da ciddi təlatümlərə səbəb ola bilər”.