Təhsil kreditləri xam xəyaldır

12-06-2016, 16:47           

“Büdcədə pul yoxdur”

SSRİ-dəki “Yenidənqurma” illərində KP MK-nın baş katibi Mixail Qorbaçov 20-ci əsrin sonuna kimi hər ailəyə ayrıca mənzil vermək ideyasını irəli sürdü. İdeyanı dəstəkləyən çox oldu. Axı kommunal mənzillərdə və baraklarda yaşayan sovet ailələri 20-ci əsrin sonlarında mənzil sahibi olacaqdılar. İyunun 10-da tanınmış iqtisadçı Qubad İbadoğlu aztəminatlı ailələrdə tələbələrin təhsil üçün kredit ala bilməsi ilə bağlı şübhəsini bildirib.

O, “Facebook” səhifəsində yazdığı statusda qeyd edib ki, bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələri tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib və qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınıb: “Missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılması olan Fondun əsas fəaliyyət istiqamətləri bu sosial qrupa daxil olan tələbələrə onların təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün müvəkkil kredit təşkilatları tərəfindən güzəştli təhsil kreditlərinin və qrantların verilməsini təşkil etməkdən ibarətdir. Krediti əldə etmək istəyən tələbələr valideynlərin rəsmi cari məvacibinə dair və kredit tarixçəsi üzrə arayışla müraciət etməlidirlər. Maksimum həddi 4000 manat olan standart kreditlər üzrə illik faiz dərəcəsi 8 faiz, güzəştli kreditlər üzrə isə 6 faizdir. Kreditlər üzrə ödənişlərin həyata keçirilməsi tələbə məzun olduqdan sonra həyata keçiriləcək. Məzun olan tələbələr kreditlər üzrə borcların qaytarılmasna standart kreditlər üzrə 1 il güzəşt, güzəştli kreditlər üzrə isə 2 il güzəşt əldə etməklə başlaya bilərlər. Standart kreditlər 5 ilə, güzəştli kreditlər isə 10 ilə verilir. Həm tələbəlik və həm də güzəşt dövründə əsas borclara və faizlərə görə hesablanan faizlər ödənilməsə də onlar sonrakı dövrdə ödənişlərə əlavə olunur. Bu konsepsiya cəlbedici və faydalı olmaqla yanaşı, həm də aktuallığı ilə seçilir. Lakin, hesab edirəm ki, hazırkı situasiyada mövcud şərtlərlə onun icrası zamanı “Maarifçi” Tələbə Kredit Fondunun qarşısına ciddi çətinliklər çıxacaq”.

Qubad İbadoğlu təklif edir ki, Fond kreditləri ayırmamışdan əvvəl universitetlərin məzunlarının iş tapma səviyyəsinə görə reytinqini müəyyənləşdirərək, kreditin ayrılması zamanı həm universitetlər və həm də ixtisaslar arasında fərq qoysun. Digər tərəfdən də təhsil göstəricilərinə görə fərqlənən tələbələr üçün də yanaşma müxtəlif olmalıdır. Başqa bir iqtisadçı Azər Mehdiyevin fikrincə, kreditlərin real iş mexanizmi yoxdur.

“Bu ideya sadəcə ictimaiyyəti aldatmaq üçün irəli sürülüb”, – deyə ekspert kavkaznews.az-a bildirib. Əməkdaşımızın “Niyə belə düşünürsünüz?” sualına Azər Mehdiyev belə cavab verdi: “Ona görə ki, məlum deyil, hansı vəsaitlərin hesabına təhsil kreditləri fondu formalaşacaq. Həmçinin, hansı təşkilatlar tələbələrin kreditləşməsində iştirak edəcək?”.

Onun fikrincə, yəqin ki, bu ideyanı irəli sürənlər prosesin mürəkkəbliyini anlamır. İqtisadçı Oqtay Haqverdiyev kavkaznews.az saytına bildirib ki, bu kreditlərin hansı vəsaitlə veriləcəyi məlum deyil. “Əgər tələbələrin kreditləşməsi dövlət büdcəsi hesabına olacaqsa, dövlət büdcəsi bu yüklənməyə tab gətirə bilməz. Çünki dövlət büdcəmizdə defisit var”, – deyə O.Haqverdiyev əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.