`Arıqlamaq üçün oruc tutmaqdansa, gedin...` - Elşad Miri
13-06-2016, 17:59
“Bir çoxları orucu müəyyən məqsədlər üçün tutur. Bəziləri arıqlamaq üçün, bəziləri isə kiminsə yanında öyünmək üçün”.
Bunu AzVision.az-a ilahiyyatçı alim Elşad Miri deyib.
Din xadiminin sözlərinə görə, məqsədə qulluq edən oruc Allahla şərt kəsməyə bənzəyir: “İnsanlar sanki Allaha şərt kəsirlər: mən bunu etdim, oruc tutdum, sən də bu istəyimi reallaşdırmalısan. Bu, doğru yanaşma deyil. Kimsə deyə bilər ki, mən arıqlamaq üçün və yaxud pəhriz saxlamaq üçün oruc tuturam. Burada əsas məqsəd o deyil. Niyyət bu olmalıdır ki, mən bunu sırf Allah üçün edirəmsə, savab qazana bilirəm. O zaman bunun bir faydası olar. Əgər buna görə deyil, sırf hansısa bir şərtə görə oruc tutursansa, bunun Allah səviyyəsində faydası yoxdur.
Peyğəmbərimizin dediyi bir söz var, “əgər sən hansısa bir mənfəətli məqsədə qulluq edib, oruc tutrsansa, bu, susuz və ac qalmaqdan başqa bir şey deyil.””
Elşad Mirinin fikrincə, əksər analar uşaqlarının ail məktəbə qəbul olması üçün oruc tutur. Bu isə dində qəbuledilməzdir.
“Uşağın imtahana girməyinin, tələbə olmağının oruca nə aidiyyatı var? İnsanlar düşünürlər ki, oruc tuturamsa, mütləq arzum gerçək olacaq. Bu cür yanaşma kökündən yalnışdır. Bu, dinin korlaşdırılmasından irəli gəlir.
Arıqlamaq istəyirsənsə, get dietoloqa, pəhriz saxla. Daha Ramazandan, Orucluqdan niyə istifadə edirsən ki?!
İbadətlər Allah üçün deyil, Allaha edilir. Məsələn, biz qurban kəsirik, Allah Qurani- Kərimdə buyurur ki, kəsdiyiniz Quranın nə qanı, nə də əti Allah çatmır. Allaha ancaq sizin əməlləriniz çatır. Buna görə də mahiyyəti nəzərə alıb etmək lazımdır”.