"Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:45

Ölkədə son illər sosial-iqtisadi vəziyyət onsuz da ağırlaşıb. Üstəlik, sahibkarlara da ciddi çətinlik yaradılır. Bölgələrdə sahibkarlar məmurların onları sıxışdırmasından şikayətlənir. Əksər hallarda sahibkarların səsini eşidən də olmur.
Bizimyol.info xəbər verir ki, Astaranın Siyaku kəndindən olan sahibkar Fariz İnətullayev Lənkəranda haqsızlıqla üzləşməsindən şikayətlənir. Onun Parakənddəki istixanasını söküblər.
Fariz İnətullayev Lənkəran Şəhər İcra Hakimiyyətinin işləməyə imkan vermədiyini bildirir. Sahibkarın iddiasına görə, icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin baş memarı Mahir Axundov ondan 40 min manat rüşvət istəyib:
“Cənab prezidentə müraciət etmək istəyirəm. İstixananı mənə məxsus olan torpaqda tikmişəm. Əlimdə çıxarış da var. Şəxsi torpağımda təsərrüfat yaratmışam. Prezidentin dediyi sözlərə uyğun iş görmüşəm. O həmişə deyir ki, fərdi təsərrüfatlara dəstək olun, iş yeri açın... Mən də belə bir iş yeri açmışam. Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər. İşi məhkəməyə vermişik. Məhkəmənin qərarı olmadan obyektimi söküblər. Traktor gətirmişdilər... Mənə bu qədər ziyan vurublar. Lənkəranda təsərrüfata dəstək vermək əvəzinə vurub dağıdırlar, bu günə qoyurlar. Lazımi orqanlardan kömək gözləyirəm”.
Lənkəran Şəhər İcra Hakimiyyəti isə ünvanına səslənən ittihamlarla razılaşmır. Bu qurumdan iddia edirlər ki, Fariz İnətullayev haqsızdır. Onun rüşvətlə bağlı ittihamları da əsassızdır.
İcra hakimiyyətindən bildirilib ki, Fariz İnətullayevin təsərrüfatı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun sökülüb: “Məcəllənin tələblərinə əsasən, sahəsi ən çox 300 kvadratmetr olan istixanaların tikintisinə icazə tələb olunmadığı halda, vətəndaş tərəfindən müvafiq icazə alınmadan təxminən 5000 kvadratmetr ölçüdə istixana obyekti inşa edildiyi aşkarlanıb. Məsələ ilə əlaqədar aidiyyəti üzrə tədbirlər görülməsinə göstəriş verilməsindən ötrü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi məktub göndərilib. Agentlik 21 yanvar 2025-ci il tarixdə 0002 nömrəli qərarla “Tikinti obyektinin sökülməsi barədə” qərar qəbul edərək icrasına başlayıb”.
İstər Konstitusiya və digər yerli qanunlara, istərsə də, Azərbaycanın qoşulduğu İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının tələblərinə görə, mülkiyyət toxunulmazdır. Şəxsin əmlakı yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında əlindən alına və ya sökülə bilər. Bunun üçün də çox ciddi qanuni əsaslar olmalıdır. Fariz İnətullayevin dediyindən isə belə məlum olur ki, hələ məhkəmə prosesi davam edir, yəni məhkəmənin nə qərar verəcəyi məlum deyil. Belə olan halda söküntü açıq-aşkar qanunsuzdur.