Gömrükdən büdcəyə daxil olan vəsaitlər kəskin azalıb, yoxsa… - ARAŞDIRMA
Dünən, 00:09

Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 17,8 milyon manat (598,7 milyon dollar) vergi və rüsum daxil olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% və ya 48,5 milyon manat çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında gömrükdən dövlət büdcəsinə 969,3 milyon manat (570,2 milyon dollar) daxil olub.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə gömrükdən büdcəyə daxil olan vəsaitlər ümumi ticarət dövriyyəsinə, o cümlədən idxala nisbətdə azalıb.
Belə ki, ötən ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 7 milyard 226,6 milyon dollar, idxalın ümumi dəyəri isə 2 milyard 446,6 milyon dollar olub.
Bu isə o deməkdir ki, ötən ilin yanvar-fevral aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 7,9%-nə, idxalın isə 23,3%-nə bərabər olub.
Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 8 milyard 904,5 milyon dollar, idxalın ümumi dəyəri isə 4 milyard 138 milyon dollar olub.
Nəticədə bu ilin yanvar-fevral aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 6,7%-ni, idxalın isə 14,5%-ni təşkil edib.

Açıqlanan rəqəmlərdən də göründüyü kimi, ötən illə müqayisədə idxal təxminən 2 dəfə artsa da, büdcəyə ödənilən vergi və rüsumlarda ciddi artım olmayıb.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, idxal artdığı halda, gömrük vergi və rüsumlarının azalması bir neçə səbəbə görə baş verə bilər:
“Bunlardan biri odur ki, bəzi malların idxalı gömrük rüsumlarından azad olunur və bu zaman büdcəyə daxil olan vəsaitlər də azalır. Ötən illə müqayisədə idxalın 2 dəfə artmasının əsas səbəbi Dövlət Neft Fondunun böyük miqdarda qızıl alması ilə bağlıdır. Rəsmi məlumatlar göstərir ki, Neft Fondu bu ilin ilk iki ayında ölkəyə təxminən 1,5 milyard dollar dəyərində qızıl gətirib. Fondun xaricdən gətirdiyi qızıllar gömrük rüsumundan azad olunduğu üçün idxalın 2 dəfə artması büdcə daxilolmalarına heç bir təsir etməyib”.