Nəsimi Manafovun icra başçısı olmaq arzusu - Şamaxıda
3-07-2015, 15:17
«Təzadlar»ın elektron poçtuna Şamaxı rayon sakini Həmid Rəsulov tərəfindən göndərilmiş bir məktub diqqətimizi çəkdi. Oxucu iddia edir ki, rayon İH-nin hüquq şöbəsinin müdiri Nəsimi Manafov icra başçısı olmaq istəyir və guya bunun üçün də o, hazırkı RİH başçısının barəsində yuxarı instansiyalara şikayət məktublarının göndərilməsinə rəvac verir: «…Şikayətində hüquqi izahlara ehtiyac olan vətəndaşlar Nəsimi Manafovun qəbulunda olurlar. Lakin onları nəinki hüquqi izah və kömək, əksinə, başqa problemlər gözləyir… O, Mədrəsə qəsəbəsinin keçmiş icra nümayəndəsi Marufcan Muradovla əlbir olaraq icra başçısının əleyhinə təbliğat aparır. Belə ki, M.Muradov yenidən vəzifə almaq istəsə də, hazırkı RİH başçısı buna imkan vermədiyindən M.Muradov acıqlıdır… Muradovun həyat yoldaşı Mədrəsədə baxıcı kimi tanınır. Ona görə də icra başçısının vəzifəsinin sona yaxınlaşması ideyasını da bu mənada ortaya atan Nəsimi Manafov bu barədə rayonda başçı haqqında xoşagəlməyən məlumatlar yayır… M.Muradovla N.Manafov Şamaxı rayon Məhkəməsi ilə üzbəüzdə ofis açıblar və vətəndaşlara hüquqi və digər yardımlar etmək adı altında, əksinə, sadə insanları aldadırlar…».
Məktubda araşdırılıb dəqiqləşdirilməsinə ciddi ehtiyac olan ittihamlar da var. Odur ki, Şamaxı RİH-nə dəfələrlə zəng edərək N.Manafovun məsələyə dair mövqeyini öyrənməyə çalışdıq. Lakin iş telefonu cavab vermədi. Həmçinin M.Muradovla da əlaqə yaratmaq cəhdimiz hələki boşa çıxır. Onların hər ikisinin mövqeyini dərc etməyə hazırıq…
Mövzuya qayıdacağıq.