Tikintiyə ayrılan milyardlar: Yenidən büdcəyə qaytarılacaq?
4-08-2017, 14:16

Ramil Osmanlı: “O demək deyil ki, nəzərdə tutulan xərclər tam şəkildə istifadə olunmalıdır”
Məhsul istehsalı və xidmət obyektlərinin, yaşayış evlərinin, ümumtəhsil məktəblərinin, xəstəxanaların, məktəbəqədər təhsil müəssisələrinin və digər obyektlərin tikilib istifadəyə verilməsi, habelə mövcud tikinti və obyektlərin bərpa edilməsi məqsədilə 2017-ci ildə dövlət büdcəsində inşaat işlərinin maliyyələşdirilməsi üçün 2 milyard 731 milyon 300 min manat dəyərində vəsait nəzərdə tutulub.

Dövlət Statistika Komitəsi məlumatında bildirib ki, cari ilin altı ayında həmin vəsaitin 771milyon 500 min manatından və ya 28,2 faizindən istifadə edilib. İnşaası həyata keçirilən tikili və obyektlər üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmiş vəsait istifadə edilmiş ümumi vəsaitin 83,7 faizini təşkil edərək 645 milyon 6 min manat olub. İstifadə edilmiş vəsaitin 83,5 faizi İqtisadiyyat, Müdafiə Sənayesi, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, “Azəravtoyol”, “Azərişıq”, “Azərsu”, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” səhmdar cəmiyyətlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin payına düşüb. İlk yarımildə dövlət büdcəsində inşaat işlərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin cəmi 28,2 faizi istifadə edilib. İstifadə edilməmiş 2 milyarda yaxın vəsaitin xərclənməsi isə maraq doğurmaya bilməz. Mənzərə onu deməyə əsas verir ki, ölkədə yaşayış evlərinin, ümumtəhsil məktəblərinin, xəstəxanaların, məktəbəqədər təhsil müəssisələrinin və digər obyektlərin tikilib istifadəyə verilməsinə ehtiyac yoxdur.
“Əmlak Ekspert Mərkəzi”nin direktoru Ramil Osmanlı “Cümhuriyət” qəzetinə bildirib ki, büdcə planlaşdırılarkən bu tipli xərclər nəzərdə tutulur:
“Amma bu o demək deyil ki, nəzərdə tutulan xərclər tam şəkildə istifadə olunmalıdır. Ola bilər ki, büdcədə nəzərdə tutulmuş xərc maddələrinin müəyyən hissəsi göstərilən hesabat dövründə istifadə olunsun, amma əksər hissəsi xərclənməsin. Statistika Komitəsinin açıqlamasından da görünür ki, indiki vəziyyətdə bu vəsaitlərin böyük hissəsi xərclənməmiş qalır. Düşünmürəm ki, növbəti yarımildə xərclənməmiş vəsait tam olaraq istifadə olunacaq. Ayrılan vəsait sonuna kimi istifadə olunmasa, yenidən büdcəyə qayıdır. Həmin vəsaitlərdən xəclənməmiş vəsait kimi növbəti ilin büdcəsində istifadə olunur. Hətta ola bilər ki, icmal büdcəsindən ayrı-ayrı dövlət qurumlarına ayrılmış vəsaitin bir hissəsi göstərilən xərc maddələri üzrə xərclənməyib başqa məqsədlərə istifadə olunsun”.
Ayrılan vəsaitlərin istifadəsinə ehtiyac olmamasına gəlincə, ekspert bildirib ki, ehtiyac olmasaydı, büdcədən həmin vəsaitin ayrılması nəzərdə tutulmazdı:
“Ehtiyac olub ki, büdcədən həmin vəsaitin xərclənməsi nəzərdə tutulub. Çünki büdcə hazırlananda əvvəlcədən bütün xərclərlə bağlı ayrı-ayrı müvafiq icra hakimiyyəti orqanları dövlət xərcləri barədə Maliyyə Nazirliyinə hesabat verirlər. Həmin hesabatlar təhlil olunur. Daha sonra Maliyyə Nazirliyi rəy verir ki, hansı xərclərə ehtiyac var, hansılarına yoxdur”.
Yeganə Oqtayqızı
Cebhe.info