Şairlə müğənninin təhqiri arasındakı fərq
16-08-2016, 14:49
Şair öz eqosuna qapılıb və oxucularının qarşısına ixtiyarı olmayan tələblər qoyur. Müğənni isə bir xalqın faciəsini həzin bir nəğmə kimi dilə gətirir
Şou-biznes adamları arasında üç cəsarətli adam varsa, birincisi Nadir Qafarzadədir. Müğənniyə qarşı illərdir əzilən ləyaqəti ilə silahlanmış adamlar məni onun vəkili zənn etməsinlər. Nə pərəstişkarıyam, nə də dinləyicisi. Amma Azərbaycan teleməkanında və sosial mediada indiyə qədər söylənən həqiqətlərin carçısı elə Nadir Qafarzadədir.
Yadınızdadırsa, 2013-cü ildə Nadir Qafarzadə Azərbaycan ziyalılarının acınacaqlı vəziyyətini ustalıqla təsvir etmişdi. Ona ünvanlanan "Kitab oxuyursuz?" sualına "Mənim soyuducuma da baxın, kitab oxuyanların soyuducusuna da!" cavabını verən müğənni, əslində, demək istəmişdi ki, sənəti toy səviyyəsindən yuxarı qalxmayan müğənnini varlandıran xalq, ziyalını acından öldürür!
İlini xatırlamıram, amma sənət adamlarını şərtsiz günahkar, mütrüb, əxlaqsız adlandıran dindar boşboğazın dərsini verən də Nadir Qafarzadə olmuşdu. Özgələri kimi, dalanlarda özünü vitrinə qoyub efirdə əxlaq pərdəsinə bürünmədi, cəfəng dəyərləri əlində şüar edən adamların saxta qəhrəmanına çevrilmək istəmədi. O, sənəti və sənətin tələblərini müdafiə etdi. Bütün çılğınlığı ilə car çəkdi ki, bu, sənətdir və sərhəd tanımır!
O da yaxşı yadımdadır ki, Sami Yusifin "Allahu Allah" mahnısının Niyaməddin Musayevin "Axtarma məni" mahnısından götürüldüyünü iddia edən də Nadir Qafarzadə olmuşdu. Sonralar kiçik bir araşdırma ilə öyrəndim ki, əslində, sözügedən musiqi əfqan xalq mahnısı "Mullah Mohammad Jan"ın musiqisidir.
Oliqarx məmurların Sibel Canı öz ailəsi üçün konsertə dəvət edib ona bir milyon avro ödəməsini, Türkiyə müğənnilərinin Azərbaycan müsiqisinə hörmətsizliyini və digər bir sıra həqiqətləri çəkinmədən söyləyən də Nadir Qafarzadə olub.
İki gündür ki, Nadir Qafarzadə yenə də medianın gündəmindədir. Nə var ki, müğənni onu təhqir edənləri kölə adlandırıb!? İlk növbədə sual yaranır: bir adam niyə səbəbsiz yerə hansısa müğənnini təhqir etsin ki? Amma tipik azərbaycanlıların ən ağır xəstəliyi də səhnə adamlarını təhqir etmək, alçaltmaqdır. Həm də səbəbsiz yerə… Məgər Nadir Qafarzadə bu təhqirlərə qarşı susmalı idi?
İkinci bir sual yaranır: niyə Nadir Qafarzadə qorxmadan, utanmadan, çəkinmədən böyük bir kütləyə kölə deyə bilir? Məgər Nadir Qafarzadəni şah edib özü kölə olan həmin kütlə deyilmi? Ömründə etiraz etməyi bacarmayan, köləliyinə dözümlülük, qorxaqlığına igidlik ehtiyatı, savadsızlığına qol gücü kimi donlar geyindirən bu adamların ən böyük cəsarəti də Nadir Qafarzadəni təhqir etməkdən ibarət olar. Hə, bir də ki, Nadir Qafarzadə elə həmin adamların toylarından yığıb saraylara doldurduğu pula güvənir, bəs bu zavallılar nəyə güvənsin?
Bir neçə gün əvvəl şair Salam Sarvan da öz oxucularını eşşək adlandırmışdı. Ona doğum günü münasibəti ilə "təbrik edirəm" kimi şablonlar yazanları ağız dolusu təhqir etmişdi. Şair umurdu ki, oxucuları ona mədhiyyələr yazsın, onu tərifləsin, şəninə tostlar desin. Umduğu olmayınca, təbi coşdu və təkəbbür ona bu misraları yazdırdı: "Adama neçə dəfə deyərlər ki, bu mənasız "Şair, təbrik edirəm" şablonlarını yığışdırın. Adama neçə at gücü lazımdır ki, eşşək olmadığını sübut eləyə bilsin?!"
Salam Sarvanın təhqiri ilə Nadir Qafarzadənin təhqiri arasında nəhəng bir fərq var. Şair öz eqosuna qapılıb və oxucularının qarşısına ixtiyarı olmayan tələblər qoyur. Müğənni isə bir xalqın faciəsini həzin bir nəğmə kimi dilə gətirir: "Allah sizi kölə yaradıb!".
Sputnik.az