"Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər" - Mehriban Xanlarova
10-11-2016, 19:01
teref.az əməkdar artist Mehriban Xanlarovanın azxeber.com-a müsahibəsini təqdim edir:
- Mehriban xanım, sənət işləriniz necə gedir?
- Dünən uşaq tamaşası oynamışam. "Aldanmış ulduzlar”. Bunu hamı bilir ki, mən orda keçi obrazındayam. Sevə-sevə də oynadığım obrazdı, çünkü mən körpələri çox sevirəm. Bu ay başqa tamaşam yoxdu.
- Peşəkar aktrisa kimi hər iki sahədə uğurlarınız var. Müqayisədə teatr yoxsa kinonu seçərdiniz?
- Özümə şanslı aktrisa deyə bilərəm ki, sənətə filmlə, əsas da baş rolla gəlmişəm. Bu Moskvanın göstərişi ilə çəkilən "Sarıköynək və Valehin nağılı”nda Sarıköynək obrazı olub. Elə həmin il də "ADMİU”ya qəbul oldum. Universitetdə oxuyanda yenə də Moskvanın təsdiqi ilə çəkilən ikinci filmdə baş rolda oynadım. Şahmar Ələkbərovun "Sahilsiz gecə”filmində də Zibeydə rolunu oynadım. Bu filmdən sonra mənə rejissorlar tərəfindən çox müraciətlər oldu. Ona görə kino mənə daha doğmadır.
1998-ci ildən teatrda işləyirəm. Teatr fərqlidir. Burada hər şey bir dəfəyə olur. Filmdə hər hansı səhvi düzəltmək üçün iki-üç dubl çəkmək mümkündür. Amma teatr səhvi bağışlamır. Bəzən də səhnədə aktyor həmkarın sənin səhv etdiyini görəndə tez bunun qarşısını alır, heç tamaşaçı bunu hiss etmir. Hər iki sahə çətindir. Əsas odur ki, sevgi ilə yanaşmağı bacarasan. Kiminsə yerini tutmayasan.
- Aktyor, aktrisa olmayan insanların seriallara, filmlərə çəkilməsinə necə baxırsız?
- Bu gün əksər aktyor, aktrisalar səhnədən, ekrandan kənardadır. Çünki, müğənnilər, aparıcılar rol oynayırlar. Mənim aktyor, aktrisa yoldaşlarım bu barədə səsərini çıxarmır. Tək mən danışanda da elə bilirlər ki, mən kiməsə paxıllıq edirəm. Mən niyə paxıllıq edim? Özümə görə sevilirəm, adım sanım var. Heç vaxt efirdə çıxıb "mənəm-mənəm” deməmişəm. Əslində sənətim də var, "vidim-fasonum” da. "Mən-mən” deyən aktrisalara "5” çəkərəm! Məni görən insanlar tez-tez soruşur ki, "Mehriban xanım, seriallarda niyə yoxsuz?”. Ona görə də mən səsimi çıxaranda deyirlər, paxıllıq eləyir.
Ona görə də hər kəs deyir ki, bu gün Azərbaycanda serial çəkilmir. Belə olanda mənim sözüm olmur. İndən belə çəkilməsəm də teatrım var, teatrda oynayıram. Şükür. Qoy rejissorlar mənə yalvarsınlar, mən niyə onların ayağına getməliyəm.
- Seriallara baxırsız?
- Heç birinə baxmıram. Ancaq rus və türk seriallarına baxıram. Artıq Rusiyanın köhnə kinolarına keçmişəm, onları izləyirəm.
- Filmlərimizdə ən problemli məqamlardan biri də sevişmə səhnələrinin azlığıdır...
- Bilirsiz niyə? Çünki, seriallarımızda, Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər. Mentalitetdən çəkinirlər. Biz mentalitetdən danışırıq, amma xarici seriallara baxan bizim kişilərin yadına mentalitet düşmür. Amma biz onu eləsək, lap elə ürəkdən qucaqlaşsaq da mentalitetə yaraşmayan bir şey olur.
- Deyəsən, "Təhminə" filmində Təhminə roluna siz çəkiləcəkdiniz...
- Bəli. Məşqlərdə Fəxrəddinlə mən idim. Sonra bilmədim nə səbəbə Meral Konrat gətirildi. Bir də ayıldım ki, o çəkilir. Rasim Ocaqov idi rejissor. Görün indi bizimkilər Meral Konrata bir söz dedilər? Amma mən çəkilsəydim, o səhnədə mən olsaydım görün nə olardı. Vay dədə, Vay! Dünyada söz qalmazdı mənə qoşmadıqları. Səmimiyyətimə inanın. Ona görə də deyirəm ki, bizim sənət həm gözəldir, həm də çox qorxuludur.
- Bu yaxınlarda sizin səhnə yoldaşınız xalq artisti Fuad Poladov AzDramadan getdi. Sizcə düzmü elədi?
- Yox. Çünki, elə aktyorlar çox azdır. Onlardan da biri Fuad Poladov idi. Gərək getməyəydi. Amma o elə sənətkardı ki, şəxsən mən ona müdaxilə edə bilmərəm. Mən srağagün "Aktrisa” filminə baxdım. Fuad Poladovun oradakı oyunu mənə dəhşət ləzzət elədi. Mən deyərdim ki, o filmə onun oyununa görə baxmaq olar. Nədənsə biz yaxşı sənətkarlarımızı get-gedə itiririk. Artıq özümüz-özümüzə də dəyər vermirik.
- Flora Kərimova Zeynəb Xanlarova ilə bağlı xoşagəlməz sözlər demişdi. Siz də bu qalmaqalda Zeynəb xanımı müdafiə etmişdiniz. Sizcə bu qalmaqal nədən qaynaqlanmışdı?
- Mən çox sərt cavab vermişdim. Mən sənətkar kimi Flora xanımı çox istəyirdim. Birdən birə onun belə sözlər deməsi mənə çox pis təsir elədi. Həmin dəqiqə də mən cavab verdim, sonra heçnə demədim. Amma niyə belə eləyib, onu bilmirəm. Kimin fətvasına getdi... Flora xanım da ağılsız qadın deyil. Amma niyə bunu elədi? İlhamə qurtardı, Zeynəbəmi keçdi? Başa düşmədim. Görürsünüzmü Zeynəb xanım necə ağıllı qadındır. Heç bir cavab vermədi. Ən gözəli susmaqdır. Düzdür mən onun qardaşı qızıyam deyə dözə bilmədim cavab verdim. Mən peşman deyiləm bundan. Yenə kimsə Zeynəb xanıma artıq söz desə, cavabını verəcəyəm.
- Mətbuatda sizin bir şəxslə kəbin kağızınızın olduğu barədə məlumatlar var idi. Bu məsələ necə sonlandı?
Allah tərəfi o adamın cəzası verildi. Bu qədər pisliyin qarşısında o adamın tutulması üçün ərizə yazmamışdım. O Azərbaycan xalqı qarşısında üzr istədi ki, "Mən Mehriban xanıma şər atmışam”. Bəzi insanlar cahildir. Ona inanırdılar. Hansı ki, cibində 20 qəpiyi də olmayan adam idi. Allah hər kəsi şərdən uzaq eləsin. Mən çox dostcanlı adamam. Gecə saat 3-də zəg eləsən, qaça-qaça gələrəm köməyə. Amma namərdlər çoxdur. Amma mən o namərd insanlara yaxşılıqla cavab vermişəm. Amma mən düz sözü deyəndə mənə dəli də, həyasız da, bazar arvadı da deyiblər. Amma o insanlar öz keçmişlərinə baxsınlar ki, əqrəbalarında kimlər var.
- Öz övladınız olmayıb, eləmi?
- Bəli. 21 yaşında bacım rəhmətə gedib. Bacımın 3 yaşlı qızını mən saxlamışam. Artıq 4-cü nəvəm olacaq.
- Belə söhbətlər gəzir ki, qızınız boşanıb. Doğrudur?
- Xeyr. Elə bir şey yoxdur. Ağ yalandır. Çalışacam o ailə sona qədər ayaqda dursun.