Xoş qədəmdən düşən izlər hara aparır?

15-11-2016, 15:48           

“Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının ifşa kadrlarının yayılmasını, sadəcə, TV-lərin daxili mətbəxinə aid olan “arvadsayağı razborka” hesab etmək olardı; ATV-nin siyasi yüklü bəyanatına qədər...

Bu kadrları ilk olaraq meydan.tv yayımlayıb. meydan.tv-dən mənbəni açıqlamasalar da, informasiyanın Azərbaycandan ötürüldüyünü təsdiqləyiblər. Xoşqədəm H.-nın dediyinə görə, bütün bu arxiv ATV-də qalıb və onun özündə heç nə yoxdur. ATV isə öz növbəsində bildirib ki, bu kadrları həm də “müvafiq dövlət qurumlarına və həmçinin konkret yetkili şəxslərə təqdim edib”. Nuşirəvan Məhərrəmlinin etirafından sonra məlum oldu ki, bu görüntülər hələ 2014-cü ildə onun rəhbərlik etdiyi MTRŞ-ya təqdim olunub. Böyük ehtimalla, sızma da bu iki mənbənin birindən baş verə bilərdi.

Bu, kimə lazım idi:

Birinci versiya

Xoşqədəm Hidayətqızına ötən həftə “Əməkdar jurnalist” fəxri adı veriləndə bu onun çalışdığı köhnə televiziya kanalında fəxri ad gözləyən və “layiq bilmədikləri” həmkarlarının bu adı alması ilə barışmayan və paxıllıq edən bəzi ATV-li telehəmkarları tərəfindən yaxşı qarşılanmamışdı. Məlumatın məhz bu mənbədən sızması versiyalardan biri ola bilər. Əsas kimi də bu götürülə bilər ki, “Səni axtarıram” verilişinin bütün arxivi həmin kanaldadır (ATV nəzərdə tutulur).

İkinci versiya

ANS–in fəaliyyətinin dayandırılmasından sonra digər kanallar arasında qeyri-sağlam rəqabət kəskinləşib. Əvvəllər televiziya sahəsindəki istənilən problemə görə nişangahda ANS hədəf götürülürdüsə, bu gün hədəfdə ANS olmadığından yerdə qalanlar bir-biri ilə qaydasız döyüş səviyyəsində rəqabət aparmalı olurlar. Vəziyyət o həddə çatıb ki, hətta noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimində ATV adından AzTV-ni təbrik edən teleaparıcı Turan İbrahimov heç kimin gözləmədiyi halda təmsil etdiyi kanalın birmənalı şəkildə bütün digər kanallardan üstün olduğuna yönəli sözlər səsləndirib. Təbii ki, bu hərəkət gözlənilən qalmaqalın əsas səbəblərindən biri ola bilərdi. Bu, əslində ölkənin ana televiziyasına, özü də məhz onun bayramında bir əyləncə kanalının özünü “1 nömrəli kanal” elan etməklə hamıya meydan oxumasına bənzəyir.

Üçüncü versiya

Əlbəttə, yuxarıdakı iki versiya ilə kifayətlənmək olardı: amma ATV-nin rəsmi saytı bu məsələ ilə bağlı bəyanat yayana qədər. ATV-nin rəhbərliyi bu bəyanatla ən ciddi versiyanı ortaya qoydu. Açıqlamanın diqqətçəkən məqamı budur ki, ATV rəhbərliyi əslində TV-nin “mətbəx”ində baş verənləri siyasiləşdirdi: ”ATV kanalının hər zaman bir siması olub. Heç bir siyasi intriqalarda iştirak etməyib. Ən əsası isə bəziləri kimi siyasi əqidəsizliyi özünə həyat tərzi seçməyib. Heç vaxt bir budaqdan digərinə tullanmayıb. Və bundan sonra da öz dəyərlərinə sadiq qalmaqda qərarlıdır. İstənilən provakasiya və sabotajlara baxmayaraq”. Bu, əslində boş-boşuna verilmiş bəyanat deyil və aydın görünür ki, kifayət qədət sərt və çoxmənalı açıqlama hansısa bir aparıcı marağından daha geniş radiusu əhatə edir. Aydındır ki, belə sərt və uzaqvuran bəyanat adi, sosial yönümlü veriliş aparan teleaparıcıya ünvanlana bilməzdi. Deməli, bəyanatın ünvanı başqadır. Heç bir halda yalnız teleaparıcı deyil. Eyni zamanda, aparıcınını çalışdığı kanala də aiddir. Çünki Xəzər və ATV kanallarının hakimiyyətdə müxtəlif qütblərə yaxın olduğu hamıya bəllidir. Hətta “Xəzər”ə xüsusi münasibəti ilə seçilən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu məsələdə yenə də həmin kanalı müdafiə edən müsahibə verib. MTRŞ-nın başqa bir səlahiyyətlisi də müdafiə taktikasına uyğun olaraq deyib ki, MTRŞ yalnız yayımlanan görüntülər barədə hər hansı tədbir görə bilər. Bu açıqlamadan sonra isə sosial şəbəkələrdə qurumun ANS-i efirə getməyən material səbəbindən bağlaması yada düşüb və bu ciddi rezonansa səbəb olub.

Bütün hallarda baş verənlər irəlidə bizi maraqlı hadisələrə hazırlayır. Son hadisəni isə açıq siyası mübarizənin olmadığı şəraitdə hakimiyyət uğrunda çarpışan qüvvələrin qaydasız döyüş şərtlərinə uyğun olaraq toqquşmasının fəsadları kimi qiymətləndirmək olar. Referendumdan sonrakı reallıq müxtəlif administrativ imkan və güclərə malik olan qüvvələrin fəallaşdığını göstərir. Prezidentlə məsələ aydındır, onun hakimiyyəti dəstəklənir, möhkəm və etibarlıdır. Hakimiyyətdə açılmaqda olan yeni iş yerləri (vitse-prezidentlər) üçün mübarizə isə getdikcə daha sərt şəkil alır. Bəzi hallarda isə heç bir qayda-qanuna məhəl qoymadan. Bəzən xoş qədəmlərin də izi çox uzaqlara aparır...

İstiPress












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.