Türk gəmisinə hücum planlı şəkildə törədilib - Təxribatdır !

26-01-2021, 14:02           
Türk gəmisinə hücum planlı şəkildə törədilib - Təxribatdır !
Bir məqamı da unutmayaq ki, gəmiyə hücum edildiyi ərazidə Fransanın təsiri böyükdür

Ekspertlər də bu olayın arxasında hansısa “dəniz quldurlarının” dayandığını düşünmür

Türkiyə şirkətinə məxsus “MV Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxsin Fərman İsmayılov adlı azərbaycanlı mühəndis olduğu bildirilir. Gəminin kapitanı bildirib ki, quldurlar radar sistemini pozduqları üçün hazırda gəminin hansı istiqamətdə hərəkət etdiyi bilinmir.

Türkiyə mediası hadisənin təsadüf olmadığını gündəmə gətirir və Ankaraya qarşı növbəti təhdid mesajı kimi dəyərləndirirlər. Türk hərbi ekspert Coşqun Başbuğ “A Haber”ə açıqlamasında deyib ki, Qvineya körfəzində türk gəmisinə hücum planlı şəkildə törədilib. Onun fikrincə, “İstanbul” freqatının suya endirildiyi vaxtda belə bir hücumun törədilməsi heç də təsadüfi deyil və Türkiyəyə mesajdır: “Bildiyiniz kimi, həmin bölgədə Fransanın təsiri çox böyükdür. Bu nöqtədə dəniz quldurlarından istifadə edə bilərlər. Türkiyənin Şərqi Aralıqda və Afrikada atdığı addımların bəzi Qərb qüvvələrini narahat etdiyini xatırlamaq yerinə düşər”.

Gəmiyə hücumla bağlı iddiaları “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu da bu olayın arxasında hansısa “dəniz quldurlarının” dayandığını düşünmür. Siyasi şərhçinin sözlərinə görə, hadisə əvvəlcədən planlaşdırılmış təxribata bənzəyir:

“Türkiyənin Aralıq dənizində təbii qaz kəşfiyyat işlərini başlatdığını elan etməsi çoxlarının qıcığına səbəb olub. Bir sıra ölkələrin, o cümlədən ABŞ-ın hərbi gəmisi həmin sularda keşik çəkir. Ankara Kipr adası ilə Türkiyə arasındakı bölgəyə iki geoloji-kəşfiyyat və qazma gəmiləri göndərib. Türkiyəyə məxsus “Fatih” geoloji kəşfiyyat gəmisi may ayında Kipr adasının qərbində, ikinci geoloji kəşfiyyat gəmisi “Yavuz” isə bu günlərdə Kiprin Karpaz yarımadasının cənubunda açıq dənizdə fəaliyyətə başlayıb. Lakin bu addım Avropa ölkələri və ABŞ-ın sərt reaksiyası ilə müşayiət olunub. Avropa İttifaqı Ankaranın qazma fəaliyyətlərinin “qanunsuz” olduğunu deyərək Türkiyəyə xəbərdarlıq edib. Bildirib ki, qazma fəaliyyətləri dayandırılmayacağı təqdirdə Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq. Avropa İttifaqı Türkiyənin qazma fəaliyyətlərini “Kiprin iqtisadi bölgəsinə girmək və suverenliyini tapdalamaq”da günahlandırıb. Türkiyə tərəfi isə Şimali Kipr Türk Respublikasının və onun türk vətəndaşlarının haqlarının olduğunu vurğulayıb. Ankara hökuməti Avropa tərəfinin sadəcə yunan tərəfinin haqlarını müdafiə etməsini ədalətsiz yanaşma adlandırır. Şimali Kipr hökuməti də Avropa İttifaqının Türkiyə qərarını tənqid edib. Prezidentin sözçüsü Barış Burcu, Avropa İttifaqının sanksiya qərarının “problemin həllinə yardım etməyən, ədalətli olmayan, qəbul edilməz bir durum” adlandırıb”.

Analitikin qənaətincə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft ehtiyatlarının olduğu güman edilir:

“Nil Deltası hövzəsində 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu deyilir. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində Heredot adlı yataqda 3,5 trilyon kubmetr qazın varlığından bəhs olunur. Bu isə bu günə qədər kəşf olunmuş ən böyük yataqlardan biri deməkdir. Məlumdur ki, Türkiyə milyonlarla qaçqına qucaq açıb, bölgədə terrora qarşı təkbaşına mübarizə aparır, amma bunun qarşılığında Qərbdən dəstək əvəzinə, sanksiya qərarı ilə şantaj edilir. Digər tərəfdən ABŞ-ın təzyiqləri davam etməkdədir. Bir məqamı da unutmayaq ki, gəmiyə hücum edildiyi ərazidə Fransanın təsiri böyükdür. Həmin “dəniz quldurları”nın Fransa kəşfiyyatı ilə bağlı olduğunu ehtimal edə bilərik. Türkiyənin Şərqi Aralıqda və Afrikada atdığı addımları Qərb ölkələrini narahat etdiyi üçün belə təxribatın olma ehtimalı az deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.