Bu gün İstanbulda son etapı təşkil edilən velosiped turuna qalmaqallar damğasını vurub.
Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yarış zamanı ilk olaraq, jurnalistlərin oturduğu yer boşaldılıb. Ardından medal mərasimi əsnasında prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı podiumdan enmək istəyən idmançılara mühafizəçilər mane olub.
Tur başa çatdıqdan sonra səhnəyə çıxan idmançılara mükafatlarını vermək üzrə gələn prezident Ərdoğan, podiumun qarşısında çıxış etməyə başlayıb.
Ərdoğanın çıxışı davam edərkən, gözləməkdən yorulan Mark Cavendish podiumdan enmək istəyib. Ancaq prezidentin mühafizəçiləri Cavendishin qolundan tutaraq, onu səhnəyə qaytarıblar.
Mark Cavendish mətbuat konfransı əsnasında ondan soruşulan, "10 dəqiqədən çox podiumda gözlədin, əsəbi görünürsən" sualına isə cavab verməyib. Baş verən hadisədən sonra məşhur velosipedçi Cavendish, sosial mediada ən çox danışılan şəxslərdən biri olub.