Ermənistan atomla Türkiyəni təhlükəyə atır
6-05-2015, 12:43
Ermənistan Türkiyə ilə sərhədin 16 kilometrliyində yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər uzatmağı düşünür. Modern.az xarici mediaya istinadən xəbər verir ki, artıq fəaliyyət müddəti başa çatan və işləməsi ətraf bölgələr üçün ciddi təhlükə yaradacaq nüvə stansiyası hələ də Ermənistanın maraq dairəsindədir.
Ermənistan parlamentində bu ölkənin Türkiyə ilə sərhəddindən 16 kilometr uzaqlıqdakı stansiyanın istifadə müddətinin 2026 ilə qədər uzadılması barədə Rusiya ilə əməkdaşlıq müqaviləsi təsdiq edilib.
Müqaviləyə görə, Rusiyanın “Rosatom” şirkəti Ermənistanın enerji ehtiyacının 40 faizini təmin edən stansiyanın ümumi təmir və avadanlıq dəyişikliyinə məsul olacaq, eyni zamanda kadr yetişdirmə işlərini də aparacaq.
Ermənistanın enerji və təbii ehtiyatlar nazirinin müavini Areg Galstyan parlamentdə “Rosatom” şirkəti rəsmilərinin Metsamor Atom Elektrik Stansiyasında hazırlıq işləri apardığını bildirib. Onun sözlərinə görə, hazırlıq uğurla başa çatarsa, stansiya 2026-cı ilə qədər fəaliyyətini davam etdirəcək.
Paytaxt İrəvanın 32 kilometr qərbində yerləşən stansiya 1970-ci ildə inşa edilib. Bölgədə 1988-ci ildə baş verən və 25 min adamın ölümünə səbəb olan zəlzələdən bir il sonra stansiya təhlükəsizlik səbəbi ilə bağlanıb. 1995-ci ildə yenidən açılan stansiya, o vaxtdan bəri fasiləsiz çalışır.