'Gülən camaatına qarşı mübarizə aparan istənilən şəxsi dəstəkləyirəm' - İlkər Başbuğ
6-09-2016, 20:09
“Gülən camaatı gizli bir təşkilatdır, ən böyük təhdiddir. Ona qarşı kim mübarizə aparırsa, dəstəkləyərəm. Bəs ən yaxşı mübarizəni kim aparır? Prezident. Bəli, ortada reallıq var. "Biz aldadıldıq" sözünü isə "siyasi cavabdehlik" olaraq görürəm. Siyasi cavabdehliyin hesab verəcəyi yer isə seçkilərdir”.
APA TV-nin xəbərinə görə, bu fikirləri “Hürriyyət” qəzetinə müsahibəsində Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ deyib.
O, Türkiyə ordusuna rəhbərlik etdiyi dövrdə fətullahçıların ordudan atılması prosesində MİT-in böyük rol oynadığını deyib: “2002-2010-cu illərdə təriqətçilərin ordudan xaric edilmə prosesinə təsirim oldu. Hansısa hərbçinin bir camaat, ya da təriqətlə əlaqəsi olduğuna dair məlumat olan kimi onu ordudan xaric edirdik. Məlumatları bizə Milli İstihbarat Təşkilatı ötürürdü. MİT-dən gələn siyahılarda Gülən camaatından çox adam olmurdu. Nə vaxt ki, Silahlı Qüvvələrimiz MİT-dən uzaq tutuldu, ordu kəşfiyyat baxımından çox geri qaldı. Buna görə təriqət orduya bu qədər sıza bildi. Kəşfiyyat olmadan bu işləri görmək olmaz”.
İlkər Başbuğ ötən illər ərzində ordudan yüksək səviyyəli hərbçilərin qəsdən uzaqlaşdırıldığını deyib: “Bu qorxunc vəziyyətdir. Dünyada bunun təkrarı yoxdur. Bunlara rəğmən, ordunun mayası, strukturu, aldığı tərbiyə çox önəmlidir. Hərbçilərimiz vəzifəsini ən yaxşı yerinə yetirmək üçün həyatlarından keçirlər. Terrora qarşı mübarizədə ordunun peşəkarlıq səviyyəsi dəyişməyib. Bizim dövrümüzdə necə idisə, elə də qalıb. Bir ayağını itirən gəncimiz məndən soruşdu ki, "hərbçi olaraq işimə dönə biləcəyəm?" "Təbii, övladım" deyəndə, gözləri parladı. Türk hərbçisi budur. Bütün haqsızlıqlara rəğmən, onun üçün öncə vətən, millət var”.