"Anonim zəng gəldi ki, həkim, evinizi satdılar" - cərrah "mənzil fırıldağı" ilə bağlı cinayət işində dindirilib

14-01-2019, 18:29           
"Anonim zəng gəldi ki, həkim, evinizi satdılar" - cərrah "mənzil fırıldağı" ilə bağlı cinayət işində dindirilib
Həbsdə olan iş adamının oğlu da hakim qarşısına çıxarılıb. Onların bir evi bir neçə nəfərə satdığı məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən 1984-cü il təvəllüdlü Samir Alışov və 1983-cü il təvəllüdlü Elçin Əsədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər və şahidlər ifadə verib.

Məhkəmə iclasında şahidlərdən Hidayət Quliyev ifadə verib. O, deyib ki, mənzili tanışından alıb və pulu da ona ödəyib: "Evi 57 minə almışam. Amma sənədləşməni Samir Alışovla etmişik. Sonra da bir neçə nəfər çıxdı və evi aldıqlarını dedilər. Hazırda həmin evdə mən yaşayıram. Mən evi Seyfulla Əliyevdən almışam. Ev addan-ada keçirilib və mənə müqavilə verilib. Mən evi alanda MTK-nın sədri Cahangir Alışov idi".

MTK-nın şəriklərindən olmuş Etibar İsmayılov da məhkəmədə şahid qismində ifadə verib. Etibar İsmayılov MTK-da 20 faiz pay sahib olduğunu, sonradan payını satdığını deyib. Şahidin suallara cavabından məlum olub ki, Etibar İsmayılov bir müddət MTK-nın sədri də olub. O, deyib ki, sədr olduğu zaman heç bir satış aparılmayıb. Mənzillərin bir neçə nəfərə satılmasından xəbərsiz olduğunu deyən E.İsmayılov şəriklikdən çıxmasının səbəbini də məhkəməyə izah edib. O, deyib ki, şəriklərdən biri vəfat edib və alqı-satqı ilə bağlı problemlər yarandığına görə payını satıb.

Suallara cavab verən Etibar İsmayılov MTK-ya nə zaman sədrlik etdiyini xatırlamadığını deyib. Lakin hakim və prokuror bu cavabı qəbul etməyib. Etibar İsmayılovdan növbəti məhkəmə iclasına sənədləri gətirməsi tələb olunub.

Məhkəmədə şahid qismində Ələsgər Həsrətov ifadə verib. Ə.Həsrətov Respublika Neyrocərrahiyyə Xəstəxanasında cərrah işlədiyini, adıçəkilən MTK-dan mənzil aldığını deyib: "Bir gün mənə anonim zəng gəldi. Dedilər ki, həkim, evinizi satdılar. Mən də binaya gəldim. Gördüm ki, evimdə şıdırğı iş gedir. Sonra da bu məsələlər oldu. Hazırda evdə mən yaşayıram. Bununla bağlı məhkəmə qərarı da var".

Məhkəmə iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, bu işə görə Samir Alışovun atası Cahangir Alışov da həbs edilib. Cahangir Alışov “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri olub. Cahangir Alışov dələduzluğa görə hazırda həbsdədir.

Cahangir Alışov MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdı. Amma işi araşdıran Bakı Hərbi Məhkəməsi Cahangir Alışovun zərərçəkmiş kimi tanınmasına xitam vermişdi. Cahangir Alışov bu məhkəmədə də dindirilib. Alışov söyləyib ki, oğlu günahsızdır. O, oğlunun şirkətdə heç bir rəsmi sənədə imza atmadığını, vəzifəli şəxs olmadığını deyib. Qeyd edib ki, oğlu sadəcə binanın qaz, işıq, su problemlərinə nəzarət edib.

"Mən ona satış üçün heç bir səlahiyyət verməmişəm. Oğlumun bu işdə günahı yoxdur. Mən şirkətin təsisçisi, sədri olmuşam. Sonra da sədrin səlahiyyətlərini icra erməsini Habil Fətəliyevə tapşırmışam" - deyən C.Alışov daha sonra sualları cavablandırıb.

Əvvəlcə ondan mənzillərin ayrı-ayrı şəxslərə təkrarən necə satılması soruşulub. Cahangir Alışov deyib ki, inşa etdiklərini binanın şərikıərindən biri də Xaləddin Baxışov olub: "Xaləddin evlərin satışına nəzarət edirdi. Satılan evlərin siyahısı da onda idi. Sonra o həbs ediləndə mənzillərin kimə satılmasını bilmədik. 2008-ci ildə sənədlər ona təhvil verilmişdi. 2014-cü ildə isə mən maliyyə arayışları və blankları Habil Fətəliyevə verdim. Ondan həmçinin sədrin səlahiyyətlərini icra etməsini istədim".

Məlum olub ki, Cahangir Alışov Habil Fətəliyevə verdiyi boş maliyyə arayışlarını və blankları əvvəlcədən imzalayıbmış. Cahangir Alışov bunu belə izah edib: "Mən həmin sənədləri imzalamışdım ki, nə vaxtsa alqı-satqı olsa, istifadə eləsinlər. Həmin sənədlər evini başqasına satmaq istəyənlərə verilmək üçün nəzərə tutulmuşdu. Habilin həmin evləri təkrarən satmasından xəbərsizəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.