Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik açıqladı

25-04-2024, 19:09           
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... -
Azərbaycanın Ermənistan tərəfindən işğalda saxlanılan 8 kəndindən anklav olmayan 4 kəndin təhvil verilməsi müsbət əlamətdir. Ermənistan hakimiyyəti bununla bağlı qərar versə də, daxildə etiraz edənlər də var. Sözsüz ki, Azərbaycanın bu kəndləri azad etmək niyyəti qəti idi. Bu, siyasi yolla baş verməsə, digər vasitələrlə təmin edilməsi də qaçılmaz olacaqdı.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, erməni tərəfinun bundan sonra nə qədər etiraz etməsi prosesə təsir edə bilməyəcək:

“Qazaxın təhvil verilən həmin kəndləri strateji əhəmiyyət kəsb edir. Ermənistanın Gürcüstana, oradan da regiona və dünyaya çıxışı Qazaxın həmin kəndlərinin yaxınlığından keçir. Ona görə də erməni tərəfi bunu az qala özləri üçün böyük itki hesab edir”.

Polkovnik hesab edir ki, Ermənistanda bəzi qüvvələri bu prosesə qarşı qızışdırıcı mövqedə olanlar çoxdur:

“Təxribatlar üçün kənardan təsirlər var. Ermənilərə “məsləhət” görürlər ki, kəndlərin təhvil verilməsinə qarşı çıxsınlar. Mümkün toqquşma, gərginlik yaratmaq istəyirlər. Bütün bunlara baxmayaraq artıq Aşağı Əskipara kəndinə gedən yol açılıb. Proses bu məcrada da davam edəcək”.

Üzeyir Cəfərova görə, Ermənistan 90-cı illərdə Qazaxın bu kəndlərini heç də elə-belə nəzarətə götürməmişdi:

“Onların planı “böyük” idi. Sadəcə olaraq həmin vaxt böyük savaşın hesabına həmin əraziləri qorumaq mümkün oldu. Şəhidlərimiz, yaralılarımız olsa da, onların “planı” baş tutmadı. İndiki halda isə həmin ərazidə yenidən hərbi qarşıdurmanın olması ehtimalı azdır. Kənardan müdaxilə olmasa hər hansı müharibə olmayacaq”.

Hərbi ekspertin fikrincə, Ermənistanın silahlanması fonunda nəsə etmək imkanları yoxdur:

“Azərbaycan Ordusunu gücü, qardaş Türkiyə faktoru var. Digər prosesləri nəzərə alsaq, ermənilərin hay-küyünün heç bir mənası yoxdur. Mayın 15-ə kimi həmin kəndlərin boşaldılmasının baş tutacağı gözlənilir. Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyi ərazidə lazımi işləri görəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.