Belarusda tutulan “Vagner” muzdlularına Suriyadan, sonra Venesueladan zəng gəlib “SERGEY PETROVİÇ” KİMDİR...

8-08-2020, 00:09           
Belarusda tutulan “Vagner” muzdlularına Suriyadan, sonra Venesueladan zəng gəlib “SERGEY PETROVİÇ” KİMDİR...
İyulun 29-da Minsk ətrafında tutulan və Belarus hakimiyyətinin bəyan etdiyi kimi bu ölkədə avqustun 9-da keçiriləcək prezident seçkilərində vəziyyəti qarışdırmaq təlimatı alan rusiyalı muzdlularla bağlı yeni maraqlı məqamlar üzə çıxıb. Virtualaz.org xəbər verir ki, “Komsomolskaya Pravda” həmin muzdluların özünü “Sergey Petroviç” kimi təqdib edən, Suriya mobil nömrəsindən zəng vuran naməlum şəxs tərəfindən “verbovka” olunduğunu yazır.

Qəzet təsdiq edir ki, həmin muzdlular həqiqətən “Vagner” özəl hərbi şirkətinə bağlı olublar və onlar Suriyada, Liviyada, Donbassda gedən döyüşlərin iştirakçılarıdır. Qrupun “verbovkası” Suriyadan edilən zənglə başlayıb. Hansısa “Sergey Petroviç” “Vagner” özəl hərbi şirkətinin keçmiş muzdlularına zəng vurub, onlara Suriya ərazisində neft obyektlərinin mühafizəsi ilə əlaqəli cəlbedici təklif verib. Bu zaman zəng vuran şəxsin nömrəsi Suriya kodu ilə olub, amma daha sonra aydınlaşıb ki, nömrə virtualdır. Mobil rabitə şəbəkələrində qeydiyyatdan keçməyib və yerini müəyyən etmək mümkün deyil, ondan ancaq zəng etmək mümkündür, vurulan zəngləri qəbul etmir.



“Sergey Petroviç” muzdluların döyüş keçmişi ilə maraqlanıb. Özünü söhbət zamanı elə aparıb ki, ya “Vagner”in rəhbərlərinən biri, ya Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti olduğu qənaəti yaranıb. “Ən azından polkovnik! Ona görə də o, muzdlulardan “Buk” zenit-raket kompleksinin idarə edilməsi vərdişləri və Donbassdakı Rusiya hərbçiləri barədə soruşanda heç kim şübhələnməyib”,-qəzet yazır.

Bildirilir ki, “Sergey Petroviç” muzdlulardan biri-“Şaman” ləqəbli Artyom Milyayevi qrup toplamağa inandırıb. Bu söhbətlər may ayında olub. Lakin iyulun 6-da “Şaman”a xəbər gəlib ki, “Sergey Petroviç” Liviyada qəhrəmancasına həlak olub. Bir neçə gün sonra onunla Venesuela nömrəsindən yeni kurator əlaqə saxlayıb. (Sonradan həmin nömrənin də virtual olduğu üzə çıxıb). Kurator bildirib ki, Venesuelada vacib obyektləri qorumaq üçün 180 nəfər lazımdır. Həmin adamlar 4 qrup şəklində getməli idilər. Birinci qrup üçün İstanbul-Havana-Karakas reysinə biletlər alınıb. Qəzet araşdırıb ki, həmin biletlər Ukrayna ərazisində qeydiyyatdan keçmiş agentlik tərəfindən alınıb. Qrup iyulun 25-də Rusiya-Belarus sərhədini keçib, onlara təlimat gəlib ki, əvvəl alınan biletləri məhv etsinlər. Çünki plan dəyişib iyulun 30-a olan reysə yeni biletlər alınıb. Daha sonra isə muzdluları yaxalayıblar.



Bu məqamları nəzərə alan qəzet ehtimal edir ki, muzdluları əslində Suriyaya getmək adı altında aldadıblar və Belarus ərazisində ələ veriblər. Və bu işin arxasında həm də Ukrayna xüsusi xidmət orqanları olub.

Xatırladaq ki, Rusiya tərəfi muzdluların Belarus üzərindən üçüncü ölkəyə getməyi planlaşdırdıqlarını, heç bir qanunsuz əmələ yol vermədiklərini bildirir. Lakin Belarus prezidenti Aleksandr Lukaşenko bu versiyanı “uydurma” adlandırıb və muzdluların konkret tapşırıq-onun ölkəsində diversiyalar törətmək üçün göndərildiyini bildirib. Lukaşenkonun sözlərinə görə, saxlanılanlar bunu təsdiqləyən ifadələr veriblər.

Qəzetin Rusiya-Belarus münasibətlərini son dərəcədə kəskinləşdirən bu qalmaqalla bağlı araşdırması: https://www.kp.by/daily/217165/4266019/

Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.