Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır...

Bu gün, 11:18           
Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır...
Hökumət Rusiyadan gözlənilən ticari qadağalara və deportasiyaya hazırlıq görməlidir

Son günlərdə Azərbaycanla Rusiya arasında artan siyasi gərginliyin ticarət-iqtisadi əlaqələrə də təsir ehtimalı yüksəkdir. Çünki artıq Kreml ruporları Bakını “cəzalandırmaq” üçün Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarına əngəllər yaradılması barədə çağırışlar edir. Rusiya bu “kartdan” başqa postsovet ölkələri ilə yanaşı, Azərbaycana qarşı da dəfələrlə istifadə edib, ixrac məhsulları gömrükdə günlərlə saxlanılıb, geri qaytarılıb, nəticədə fermerlərə ciddi ziyan dəyib. İstehsalçılar üçün alternativ bazarlar tapmaq çox çətindir, region ölkələri (Türkiyə, İran, Gürcüstan) Azərbaycandan daha böyük meyvə-tərəvəz və s. məhsulların ixracatçısı olduğuna görə, Rusiya bazarlarında rəqabət aparırlar.

Rusiyaya göndərilən məhsullardan əldə edilən qazancla bərabər, qonşu ölkədə sayı milyonlarla ölçülən azərbaycanlı miqrantların qazanıb ailələrinə göndərdiyi vəsait də Azərbaycanda sabit sosial-iqtisadi vəziyyətin bərqərar olmasında mühüm rol oynayır. Rusiya hökumətinin əsas təhdidlərindən biri də azərbaycanlılara qarşı yönəlib. Sahibkarların həbsi, fiziki zorakılığa məruz qalması, cəmiyyətdə onlara qarşı düşmənçilik əhval-ruhiyyəsinin yaradılması yaxın gələcəkdə Azərbaycana böyük köçün başlamasına rəvac verə bilər.

Beləliklə, mövcud reallıqları və təhlükələri nəzərə alaraq, iki ölkə arasında böhran həddinə çatan gərginliyin ticari-iqtisadi münasibətlərə mümkün təsirini araşdırmağa çalışdıq.

2023-2025-ci illərin birinci yarısına dair statistika göstərir ki, ticarət dövriyyəsində artım müşahidə olunsa da, strukturda bəzi dəyişikliklər və asılılıq riskləri müşahidə olunur.

Ticarət həcmi və dəyişən balans
2023-cü il Azərbaycan-Rusiya ticarəti üzrə rekord həcmlə xarakterizə olunur:

Ümumi dövriyyə: 4,36 milyard dollar

Azərbaycandan Rusiyaya ixrac: 1,2 milyard dollar

Rusiyadan idxal: 3,16 milyard dollar

2024-cü il də bu artım davam edib:

Ümumi dövriyyə: 4,8 milyard dollar

İxrac: 1,18 milyard dollar (azacıq azalma)

İdxal: 3,62 milyard dollar (+14,5% artım)

2025-ci ilin yanvar-aprel aylarında:

Ümumi ticarət: 1,82 milyard dollar (+39,4% illik artım)

İxrac: 322,9 milyon dollar (-0,8%)

İdxal: 1,5 milyard dollar (+52,7%)

Rəqəmlərdən görünür ki, son illərdə Rusiyadan idxal artır, ixracda isə sabitlik və ya azalma müşahidə olunur.

Ticarətin strukturunda qeyri-neft sektoru üzrə ixrac əhəmiyyətli yer tutur. 2024-cü il ərzində qeyri-neft ixracı 1,162 milyard dollar təşkil edib. Bu, Azərbaycanın Rusiyaya ixracının 30%-ə yaxınını təşkil edir.

Ərzaq və qeyri-ərzaq məhsulları baxımından:

Əksər idxal malları qeyri-ərzaq xarakterlidir - avadanlıq, avtomobil, mühərrik, metal, taxta, plastik, tibbi məhsullar)

Əksər ixrac malları isə ərzaq sektoruna aid edilir - meyvə-tərəvəz, pomidor, konserv məhsulları, su, alçaq dəyərli neft məhsulları.

Gərginlik riskləri: İqtisadi çəkilmə potensialı
Rusiya üzrə idxalda çoxsaylı ərzaq məhsullarının payı olduğu üçün siyasi gərginlik fonunda Azərbaycan məhsullarına texniki maneələr, sərhəd yoxlamalarının artması, ya da logistika gecikmələri yarana bilər. Bu, Azərbaycan fermerləri və ixracatçıları üçün ciddi iqtisadi itki deməkdir.

Digər tərəfdən, idxalda Rusiya texnikası, elektrik malları, təchizat sistemləri Azərbaycan bazarında əsas paya malik olduğundan, bu istiqamətdə sanksiyalar və ya qeyri-rəsmi qadağalar qiymətlərdə artım və təchizat gecikmələrinə səbəb ola bilər.

Xüsusilə, Rusiya tərəfindən buğda və un ixracına məhdudiyyətlərin qoyulması halında Azərbaycan bazarında ciddi ərzaq böhranı yarana bilər. Rusiya buğda idxalında Azərbaycanın əsas tərəfdaşıdır və ölkənin ümumi buğda tələbatının böyük hissəsi Rusiyadan gələn məhsullarla təmin olunur. Belə vəziyyətdə daxili un və çörək məhsullarında qiymət artımı, istehlak zəncirində pozuntu və ərzaq təhlükəsizliyi ilə bağlı risklər yaranacaq.

Alternativ ölkələr kimi Qazaxıstan, Ukrayna (müharibə şəraitində məhdud), Rumıniya, Türkiyə və hətta Hindistan nəzərdən keçirilə bilər. Lakin bu ölkələrdən idxal həm logistika, həm də qiymət baxımından Rusiyadan edilən tədarüklə müqayisədə daha çətin və baha başa gəlir. Bu baxımdan, strateji ehtiyatların yaradılması və yerli istehsal imkanlarının artırılması məsələsi gündəmdə saxlanılmalıdır.

Eyni zamanda, əgər Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının öz ərazisinə ixracına inzibati, texniki və ya logistik əngəllər yaratmağa başlasa, bu da ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər. Azərbaycanın ixrac etdiyi məhsullar arasında pomidor, xiyar, alma, fındıq, gilas, nar və digər meyvə-tərəvəzlər mühüm yer tutur. 2023-cü ilin məlumatlarına görə, təkcə pomidor ixracı 160 milyon ABŞ dollarından çox olub və bunun 90%-dən çoxu Rusiya bazarına yönəlib. Xiyar ixracı təqribən 25 milyon dollar, alma isə 35 milyon dollar civarındadır. Fındıq ixracı 45 milyon dollar, nar ixracı isə 15 milyon dolları keçib. Bu məhsulların böyük əksəriyyəti Rusiya bazarına göndərildiyi üçün orada yaranacaq hər hansı maneə Azərbaycan üçün həm valyuta gəlirlərinin azalması, həm də kənd təsərrüfatında iqtisadi tənəzzül riski yarada bilər. Bu məhsulların əsas ixrac bazarı məhz Rusiyadır və alternativ bazarlara giriş hazırkı mərhələdə həm logistik, həm də fitosanitar səbəblərlə məhduddur.

Bu məhsulların Rusiyaya ixracı dayanarsa və ya əhəmiyyətli dərəcədə azalarsa:

Daxili bazarda məhsul bolluğu yaranaraq, qiymətləri kəskin şəkildə aşağı sala bilər;

Fermerlər və istehsalçılar gəlir itkiləri ilə üzləşə bilər;

Yığım və saxlama infrastrukturuna təzyiq arta bilər;

Kənd təsərrüfatı mövsümündə işsizlik artar, regionlarda sosial gərginlik müşahidə oluna bilər.

Bu riski azaltmaq üçün Azərbaycan məhsullarının Yaxın Şərq, Körfəz ölkələri, Avropa İttifaqı və Çin bazarlarına çıxışı genişləndirilməlidir. Eyni zamanda, logistika xərclərini azaltmaq üçün dəmir yolu, dəniz və hava yükdaşıma infrastrukturunun gücləndirilməsi prioritet olmalıdır.

Rusiyadan göndərilən vəsaitlərə təhlükə

Rusiya Federasiyasında yaşayan azərbaycanlılar hər il Azərbaycana yüz milyonlarla dollar vəsait göndərirlər. Rəsmi məlumatlara görə, 2021-ci ildə bu məbləğ 690 milyon ABŞ dolları, 2022-ci ildə 750 milyon dollar, 2023-cü ildə isə 825 milyon dollar təşkil edib. 2024-cü ilin ilk yarısında bu rəqəmin 430 milyon dollara yaxın olduğu bildirilir. Bundan əlavə, qeyri-rəsmi kanallarla göndərilən vəsaitlərin də əhəmiyyətli həcmdə olduğu ehtimal olunur.

Bu pul köçürmələri Azərbaycanın regionlarında, xüsusilə kənd və kiçik şəhərlərdə yaşayış səviyyəsinin qorunmasında mühüm rol oynayır. Rusiyada yaşayan azərbaycanlı miqrantların kütləvi deportasiyası baş verərsə və ya onlara qarşı təzyiqlər artırılsa, bu, ölkəyə daxil olan valyuta axınının kəskin azalmasına səbəb ola bilər.

Belə ssenaridə:

Ailə gəlirlərində ciddi azalma;

İstehlak xərclərində azalma və daxili bazarda durğunluq;

Bank sisteminə daxil olan depozit və ödəniş axınlarının zəifləməsi;

Regionlarda sosial gərginliyin artması və işsizlik göstəricilərinin yüksəlməsi baş verə bilər.

Bu baxımdan, Azərbaycan hökuməti həm ölkə daxilində alternativ məşğulluq imkanlarını genişləndirməli, həm də xaricdə yaşayan vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində aktiv diplomatik addımlar atmalıdır. Dövlət səviyyəsində miqrantların gəlirlərindən asılı olan regionlar üçün əlavə sosial proqramların tətbiqi, məşğulluq mərkəzlərinin gücləndirilməsi və əmək bazarına reinteqrasiya tədbirləri üzrə konseptual yanaşma formalaşdırılmalıdır. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Əmək Nazirliyi vasitəsilə potensial risklərə qarşı ilkin monitorinq və məlumatlandırma tədbirləri aparılmalıdır.
Yekun olaraq qeyd edək ki, Azərbaycan-Rusiya ticarətinin cari formulu Azərbaycanın idxal və logistikada Rusiyaya çoxyönlü asılılığını göstərir. Gərginliyin davam etməsi halında iqtisadi zərbənin təsiri daha çox Azərbaycana dəyə bilər. Şaxələndirmə, alternativ bazarlar və məhsul marşrutları bu fonda prioritet hala gəlir.

Hökumət gözlənilən riskləri nəzərə alıb, ciddi tədbirlər görməlidir. İlkin olaraq, deportasiya başlayarsa, vətəndaşlarımızın Rusiyadan asan təxliyəsi üçün hava nəqliyyatında qiymətlərin ucuzlaşması, sərnişin qatarları ilə daşımaların bərpası vacibdir.
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.