ABŞ-ın Ukraynadakı keçmiş nümayəndəsi Konqresdə ifadə verib

4-10-2019, 10:05           
ABŞ-ın Ukraynadakı keçmiş nümayəndəsi Konqresdə ifadə verib
ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker oktyabrın 3-də Konqresdə demokratların rəhbərlik etdiyi impiçment araşdırması üzrə dinləmədə bağlı qapılar arxasında ifadə verib.

Volker ABŞ Dövlət Departamentinin bu iş üzrə ifadə verməyə razılıq vermiş ilk rəsmisidir.

Konqresin Nümayəndələr Palatasında üç komitə prezident Trump-ın Ukrayna prezidentindən keçmiş vise-prezident Joe Biden və onun oğlunun araşdırılmasını istəməklə səlahiyyətlərini aşıb-aşmadığını təhqiq edir.

Trump onun 2020-ci il prezident seçkisində əsas rəqibi ola biləcək demokrat Joe Biden və onun oğlu Hunter-i Ukraynada korrupsiya ilə məşğul olmaqda ittiham edir.

Oktyabrın 3-də Trump Ukrayna və Çini Biden-ləri təhqiq etməyə çağırıb. O deyib ki, “Çində baş verənlər, Ukraynada olanlar qədər pisdir”.

Trump-a qarşı impiçment araşdırmasına başlanmasına səbəb onun iyulun 25-də Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbəti olub. Bu söhbət zamanı Trump Ukrayna prezidentindən Biden-lərin araşdırılmasını istəyib.

Bu söhbətdən əvvəl Trump Ukraynaya çatacaq 400 milyon dollarlıq ABŞ yardımının verilməsini dayandırmışdı.

Trump-ın Zelenskiy ilə bu söhbətindən kəşfiyyat nümayəndəsi rəsmi şikayət verib.

Bu telefon söhbətindən bir gün sonra sözü gedən şikayətdə adı çəkilən Volker və ABŞ-ın Avropa İttifaqındakı səfiri Gordon Sondland Ukrayna prezidentinə Trump-ın tələblərinə “necə əməl edilməsinin yolları” barədə məsləhət vermişdilər.

Volker onun adı hallandırılan kimi dərhal öz postundan istefa verib.

Volker habelə Trump-ın şəxsi vəkili Rudy Giuliani-ni Ukrayna prezidentinin köməkçisi Andriy Yermakla calaşdırıb.

Amma Dövlət Departamentinin rəsmisi The Wall Street Journal qəzetinə deyib ki, bu, Yermakın ricası ilə baş verib.

Zelenskiy ilə telefon söhbətində Trump demişdi ki, Biden-lərin işi Giuliani və ABŞ baş prokuroru William Barrla birlikdə araşdırılmalıdır.

Burisma şirkəti

Associated Press (AP) xəbər verir ki, 2018-ci ilin sentyabrında Volker Zelenskiy-nin araşdırmalı olduğu enerji şirkətinin direktorlar şurasının müşaviri ilə görüşmüşdü.

Burisma Group şirkətinin məsləhətçisi Vadym Pozharskiy səfir Volkerlə Nyu Yorkda Atlantic Council analitik mərkəzinin keçirdiyi enerji təbirində görüşmüşdü.

Volker və Pozharskiy Associated Press agentliyinin e-mail-lərinə və telefon zənglərinə cavab verməyib.

Giuliani və Trump-ın başqa dəstəkçiləri Joe Biden-i əvvəllər bu şirkətin işini araşdırmış Ukrayna baş prokurorunun istefaya məcbur edilməsində günahlandırırlar.

Lakin Biden və keçmiş prezident Barack Obama administrasiyasının rəsmiləri bildirirlər ki, keçmiş vise-prezidentin hərəkətləri oğlu Hunter-i müdafiə etmək məqsədi daşımayıb.

Xəbər verilir ki, baş prokurorun işdən kənarlaşdırılması ABŞ və onun Qərb müttəfiqlərinin, xüsusilədə Kiyevə kredit verən ölkələrin, habelə Ukraynanın antikorrupsiya nəzarətçisinin təşəbbüsü olub.

Baş prokurorun korrupsiya faktlarını, o cümlədən Burisma şirkətini lazımınca araşdıra bilməməsi vurğulanırdı.

Keçmiş baş prokuror Viktor Shokin bundan əvvəl Burisma şirkətinin araşdırılmasında Britaniyanın təhqiqatına kömək etməkdən boyun qaçırmışdı.

Hunter Biden Burisma şirkətinə gələndə şirkətin 23 milyon dollarlıq vəsaiti Britaniya hökuməti tərəfindən dondurulmuşdu. Lakin sonradan ittiham sübutlarının olmaması ucbatından vəsaitin üzərindəki sanksiya qaldırılıb.

Bu enerji şirkəti Atlantic Council qurumunun böyük donorlarındandır və ona 2018-2019-cu illərdə 100 min və 249 min dollarlıq iki ianə verib.

AP bildirir ki, Burisma şirkətinin təsisçisi Mykola Zlochevskiy 2014-2016-cı illərdə Konqresdə, ABŞ Maliyyə və Enerji nazirliklərində lobbiçilik fəaliyyətinə 90 min dollar xərcləyib.

Burisma Group özünün 39 qaz lisenziyasını 2010-2012-ci illərdə Zlochevskiy təbii sərvətlər naziri olanda alıb. O vaxt moskvayönlü Viktor Yanukovych prezident idi.

Volker Arizonadakı McCain İnstitutunun icraçı direktorudur. O Ukrayna üzrə xüsusi elçi kimi Dövlət Departamentinin könüllü üzvü idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.