Ermənilər bu dəfə Roma iddiasında: - 29 il sərsəmliyi

9-10-2019, 09:59           
Ermənilər bu dəfə Roma iddiasında: - 29 il sərsəmliyi
Ermənilər tarixi gülünc şəkildə saxtalaşdırmaqda davam edirlər.

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, son illər Ermənistan təbliğat maşını paytaxt Yerevanın Romadan da yaşlı olduğunu iddia etməyə başlayıb. İddialara görə, Romanın əsası e.ə. 753-cü ildə qoyulmuşdusa, Yerevan şəhər kimi e.ə. 782-ci ildən məlumdur. Bu tarix əsasında ermənilər Yerevanın “əbədi şəhər” Romadan 29 il daha “yaşlı” olması iddiasını irəli sürürlər.

İddiaların kökündə isə 1950-ci ildə erməni arxeoloqlarının Yerevan yaxınlığındakı Arin-Berd təpəsində tapdığı daş lövhə dayanır. Daş lövhədə Urartu hökmdarı I Argiştinin e.ə. 782-ci ildə müasir Yerevan şəhərinin yerində o zamanlar Erebuni qalasının əsasının qoyulması barədə göstərişi yazılıb.

Qəribəsi odur ki, Urartunu ilk erməni dövləti kimi qələmə verən erməni tarixşünaslığı həmin daş lövhənin ekspertiza olunmasına hər vəchlə mane olurlar. Hazırda həmin lövhə “Erebuni” tarixi-memarlıq muzeyinin ərazisində saxlanılır.

Ermənistan rəhbərliyinin Yerevanın real yaşı ilə bağlı manipulyasiyaları hələ Sovet İttifaqı dövründə başlanıb. Belə ki, 1958-ci ildə Gürcüstan SSRİ-də Tbilisi şəhərinin əsasının qoyulmasından 1500 il keçmişdi. Qonşu dövlətlərə daim qısqanclıqla yanaşan Ermənistan dərhal elmi dairələrə verilən göstərişlə Yerevanın 2750 illiyini qeyd edəcəklərini elan edirlər.

Beləliklə, Tbilisi ilə rəqabət xatirinə Erebunidə tapılan daş lövhədən tarixi qədimlik üçün istifadə edirlər.

Bu il oktyabrın 19-da Ermənistan rəhbərliyi şəhərin 2801 yaşını qeyd etməyi düşünür.

Xatırladaq ki, tarixi mənbələr Yerevan şəhəri ilə bağlı heç bir məlumat vermir. Yerevan barədə ilk tarixi məlumatlar XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin hökmdarı Şah İsmayılın göstərişləri ilə bağlıdır. Həmin orta əsr sənədlərində indiki Yerevan ərazisində Rəvan qalasının inşa olunması barədə məlumat var.

1650-ci il üçün isə Yerevan artıq orta ticarət şəhəri idi. Fransalı səyyah Jan Batiast Tavernie və Jan Şarden şəhərin quruluşu və əhali tərkibi barədə dolğun məlumat verib. Onlar şəhərdə yerli sakinlərin türk olmasından yazıblar.

Statistik məlumatlar da Yerevanda daim azərbaycanlı əhalinin mütləq çoxluq təşkil etdiyini sübut edir. Belə ki, hətta 1829-cu ildə şəhərə İran və Türkiyədən erməni ailələrinin köçürülməsinə rəğmən Yerevan əhalisinin 63,95%-i azərbaycanlılardan ibarət olub.

Yalınz 1897-ci ildə Rusiya İmperiyasının keçirdiyi siyahıyaalma zamanı 29 min Yerevan sakinindən 12523 nəfəri (43,17%) erməni, 12359 nəfəri (42,61%) azərbaycanlı olub.

Beləliklə, tarixi sənədlər və əlyazmalar Yerevan şəhərinin 2800 illik tarixə malik erməni şəhəri olmasının tamamilə absurd olduğunu, şəhərin XVI əsrdə Səfəvilər dövləti tərəfindən Osmalı İmperiyası ilə mübarizədə sərhəd qalası olduğunu və türk mənşəli əhaliyə malik olduğunu göstərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.