Prezident İlham Əliyev:"Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal ..."

29-10-2020, 00:14           
Prezident İlham Əliyev:"Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal ..."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib.

Teref.az müsahibəni təqdim edir.
Cənab Prezident, Siz yerində qeyd etdiniz ki, Bakı baza prinsiplərinə əsasən sadiqdir. Bu prinsiplərin birinci bəndi Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad edilməsi barədə idi. Lakin hazırda beş rayondan dördü bilavasitə Azərbaycan Ordusu tərəfindən demək olar ki, azad edilib. Belə çıxır ki, minimum baza prinsipləri ya aktual deyil, ya da onlara müəyyən düzəliş edilməsinə ehtiyac var.

-Bu, yenə də erməni tərəfin davranışından asılı olacaq. Bilirsiniz ki, sabah Cenevrədə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında danışıqlar olmalıdır. Erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu orada görəcəyik. Bundan sonra biz həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirəcəyik. Hərçənd, bu bir ay ərzində mən dəfələrlə bəyan etmişəm ki, Azərbaycan bütövlükdə bu prinsipləri qəbul edib, əlbəttə, orada bizi qane etməyən müəyyən məqamlar var. Birinci mərhələdə beş rayonun qaytarılmasının nəzərdə tutulmasına gəldikdə isə, əlbəttə, indi bu, artıq aktual deyil. Ona görə ki, baza prinsiplərində ərazilərin qaytarılmasının növbəliliyi müəyyən edilmişdi. Birinci mərhələdə beş rayon, Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qaytarılması. Prinsip etibarilə, bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması. Buna görə də biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq. Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq. Beləliklə, biz müəyyən dərəcədə vasitəçilərin də işlərini asanlaşdıracağıq. Ona görə ki, mühüm bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa ikinci mərhələni gözləməyimiz lazım olmayacaq. O mərhələ dərhal başlamalıdır. Əgər biz siyasi nizamlama barədə razılığa gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.