İsa Qəmbərin Keşikçidağ təklifinə kəskin etiraz: - Təslimçilikdir!

16-05-2019, 10:55           
İsa Qəmbərin Keşikçidağ təklifinə kəskin etiraz: - Təslimçilikdir!
Keşikçidağı bizdən alacaqlarsa, deməli, həm də bir millət olaraq hər cür alçaldılmağa da layiqik.

Axar.az xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İsa Qəmbərin “Keşikçidağ monastr kompleksinin kimə məxsus olmasını alimlər müəyyən etməlidir” və İlham İsmayılın “biz Gürcüstanla ərazi mübadiləsi çərçivəsində monastrı Gürcüstana verə bilərik” kimi fikirlərinə münasibət bildirərkən deyib.

BAXCP sədrinin sözlərinə görə, hər iki fikir çox zərərli və təslimçilik ruhunda verilən açıqlamalardır:

“XXI əsrdə sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Eyni əhəmiyyətli torpaqların dəyişdirilməsindən söhbət gedə bilər. Keşikçidağ kompleksi tarixi abidədir. Azərbaycan həmin ərazidə otellər tikib, turizmi inkişaf etdirib, gəlir əldə etməlidir. Əgər “tarixdə hansı torpaq hansı xalqa məxsus olub” düşüncəsi ilə məsələyə yanaşsaq, bütün Avropada, dünyada dövlətlərin sərhədləri dəyişməli, yeni ərazilər uğrunda qanlı müharibələr başlamalıdır.

Bundan başqa, həmin kompleks Alban abidəsidir. Hətta gürcü abidəsi olsa belə, bu, heç nəyi dəyişmir. Bu məntiqlə Azərbaycan da gərək 1736-cı ildə Nadir şah tərəfindən Gəncə xanlığından alınıb gürcü xanlığı Kaxetiyaya verilmiş Borçalını tələb etsin. Gürcüstanla bizim aramızda viza rejimi yoxdur. Nə vaxt istəyirlər, pulsuz ziyarət etsinlər oranı. Sərhəd rejimini də tam sadələşdirə, yaxud aradan qaldıra bilərik. Halbuki italiyalılar Milandakı məhşur “Duomo” kilsəsini muzeyə çevirib böyük məbləğdə pul yığmağa başlayıblar. Keşikçidağı bizdən alacaqlarsa, xalq olaraq heç vaxt Qarabağı azad edə bilmərik. Deməli, həm də bir millət olaraq hər cür alçaldılmağa da layiqik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.