Vardanyanın "çirkli pullar"ı kimləri maraqlandırır? - Əliqanlı "sülh göyərçini"
25-04-2024, 18:58
Ruben Vardanyanla bağlı növbəti təbiğat kampaniyası başlayıb. Bu prosesə dünyanın məşhur PR şirkətləri cəlb olunub. R.Vardanyan Qarabağda olanda da bu cür kampaniya təşkil etmişdi. indi isə onun azadlığa buraxılması və “qəhrəmanlaşdırılması” istiqamətində kampaniyaya başlanılıb.
Bu sahədə ilk addım kimi, Vardanyanın “Nobel sülh mükafatı”na namizəd kimi göstərilməsi, bunun ardından onun guya aclıq aksiyasına başlaması iddia edilir. Eyni zamanda, ailə üzvlərinin CNN kimi platformalara çıxışı diqqət çəkir. Bu yerdə Ruben Vardanyanın Azərbaycanda separatizmi dəstəkləməsi, Qarabağa qanunsuz gəlişi, terrorçu rejimdə təmsil olunması, silah-sursat alınmasında iştirakını, Azərbaycanın ünvanına hədə-qorxu bəyanatlarını xatırlamaq yaxşı olardı. Vardanyan təkcə Azərbaycanda yox, Ukraynada da separatizmə dəstək verib və Ukrayna tərəfindən sanksiyaya məruz qalıb. Ukraynalı deputatlar bununla bağlı Nobel Komitəsinə etiraz məktubu göndərib.
Vardanyanla bağlı müəyyən mərkəzlərin təbliğat kampaniyasına başladığını vurğulayan millət vəkili Aydın Hüseynov “Sherg.az”a bildirib ki, bu prosesə onun oğlunu da qoşublar:
“Eyni zamanda, ailə üzvləri tərəfindən CNN telekanalına guya Vardanyanın saxlanma şəraitinin yaxşı olmaması ilə bağlı fikirlər səsləndirilib. Digər tərəfdən Vardanyanın “Nobel sülh mükafatı”na layiq görülməsi ilə bağlı sərsəm fikirlər deyilir. Vardanyan necə sülh göyərçini ola bilər ki, onun gəlişi ilə Qarabağda sülhə böyük əngəl törədildi? 2020-ci ilin noyabrında kopitulyasiya imzalandıqdan sonra Ermənistan üzərinə öhdəlik götürmüşdü ki, bütün hərbi birləşmələrini Qarabağdan qeyd-şərtsiz çıxaracaq. Amma Vardanyan gəldikdən sonra həmin ərazidə vəziyyət kəskinləşdi və seperatizm daha böyük vüsət aldı. Eyni vaxtda Qarabağda mina terroru başladı və Laçın dəhlizi vasitəsilə silah-sursat daşınmağa başladı. 2021-ci ilin istehsalı olan minalar torpaqlara basdırıldı və bizim çoxlu soydaşlarımız mina terrorunun qurbanı oldu”.
A. Hüseynov qeyd edib ki, Vardanyan az müddət ərzində Qarabağda qızıl yataqlarının talanması və digər ekoloji problemlərlə bağlı əraziyə ciddi zərər yetirdi:
“Qarabağda seperatizmin yayılması, revanşist qüvvələrin meydana gəlməsi və qondarma Qarabağın ayrıca dövlət olması ilə bağlı fikirlərin banisi olan Vardanyan necə azadlıq göyərçini kimi, qələmə verilə bilər? Vardanyan törətdiyi bütün cinayətlərə görə öz layiqli cəzasını almalıdır. Mətbuat orqanlarımız isə Vardanyanın cinayət əməllərini aşkar etməli və dünya ictimaiyyətinə çatdırmalıdır. Bu gün Vardanyanı müdafiə edənlər niyə Arayik Artunyunyan, Bako Saakyan ilə maraqlanmırlar? Çünki onlar, Vardanyanın çirkli pullarının qoxusunu duyublar. Ona görə də Vardanyanı müdafiə etməkdə məqsəd həmin çirkli pulların yuyulması və yenidən terrora, müharibəyə xərclənməsinə hesablanıb”.