Azərbaycandan təbii qaz almağa çalışan Ermənistan... - "...öncəliklə sülh müqaviləsinə ehtiyacı var"

25-04-2024, 18:43           
Azərbaycandan təbii qaz almağa çalışan Ermənistan... -
Ermənistan Parlamentinin spikeri Alen Simonyan qeyd edib ki, İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.
Qazaxın dörd kəndinin qaytarılması və ilkin sərhəd dirəklərinin qoyulmasından dərhal sonra Ermənistan Parlamentinin sədrindən belə bir açıqlama verilməsini necə şərh etmək olar?
Ermənistan və Azərbaycan indiki vəziyyətdə iqtisadi münasibətləri bərpa etməyə hazırdılarmı?
Lazımi şərait və gərəkli mühit artıq yetişibmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info xəbər portalının suallarını şərh edib.

"Bir neçə gün öncə əslində Azərbaycan Prezidenti də çıxışı zamanı bunun anonsunu verdi. Belə münasibətlərin olması çox yaxşıdır. Yəni iqtisadi münasibətlərin olması qarşılıqlı asılılıq yaradır. Qaz məsələsində Ermənistanın Azərbaycandan asılılığı yarana bilər ki, bu, qarşılıqlı münasibətlər üçün kifayət qədər önəmlidir. Amma bunun üçün hər iki ölkə arasında münasibətlərin tam normallaşmasına ehtiyac var. Yəni sülh müqaviləsinin tezliklə imzalanması və bu məsələnin yekunlaşması, qarşılıqlı iddialardan tamamilə əl çəkilməsi - bilirsiniz ki, Ermənistan Azərbaycanla bağlı absurd iddiaları beynəlxalq məhkəmələrə daşıyır. O məhkəmələrdən həmin iddiaların geri çəkilməsi, münasibətlərin bərqərar olunması, ilkin mərhələdə konsul xidmətinin açılması və sonrakı mərhələdə səfirliklərin açılması baş verməlidir ki, bundan sonra iqtisadi münasibətlərin tənzimlənməsində müəyyən mexanizmlər yaransın.

Sovet dövründən qalma belə bir infrastruktur var. Ermənistan kiçik bir ölkədir və əhalisi də azdır. Qaza da çox cüzi ehtiyacları var. Bu sahədə Rusiyadan da yüz faiz asılıdırlar. Rusiya da bu asılılığı Ermənistana qarşı bir təzyiq vasitəsi kimi istifadə edir. Azərbaycanın bu işdə iştirakı Ermənistanın da xeyrinə ola bilər və Ermənistanın müəyyən təzyiqlərdən qurtulmasına yardım edə bilər. Amma dediyim kimi, bunun üçün ümumi sülh müqaviləsinin bağlanmasına ehtiyac var" - deyə, iqtisadçı qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.