Bakıda razılaşdırılmamış aksiya: - Müxalifət dəstək vermədi

18-10-2019, 18:53           
Bakıda razılaşdırılmamış aksiya: - Müxalifət dəstək vermədi
Milli Şura oktyabrın 19-da şəhərin mərkəzində razılaşdırılmamış aksiya keçirəcəyini bəyan edib.

Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” təşkilatının fəalları və Milli Şura tərəfdarları sosial şəbəkələrdə razılaşdırılmamış aksiyaya çağırışlar edirlər. Xatırladaq ki, Milli Şura oktyabrın 19-da mitinq keçirmək niyyəti ilə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİN) müraciət edib. BŞİH mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, "28 May" küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Amma sosial şəbəkələrdəki çağırışlarda təşkilatçılar tərəfdarlarını "28 May" metrostansiyası ətrafına səsləyir.

Ekspertlər, müxalifəti təmsil edən siyasi partiyalar isə razılaşdırılmamış aksiyanın keçirilməsini məqbul saymırlar.

Razılaşdırılmamış aksiyanın nəticəsi və fəsadları nə ola bilər? Baş verə biləcək hər hansı olaya görə məsuliyyət kimin üzərinə düşür?

“Məsuliyyətin də bir payı onların üzərindədir”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Cebhe.info-ya açıqlamasında deyib ki, qanunlarda aydın şəkildə vətəndaşların sərbəst toplaşmaq azadlığı təmin olunur:

“Ona görə də insanların sərbəst toplaşmaq azadlığı təmin edilməlidir. Bu halda konkret məlum tərəf qanunları pozur, insanların hüquqlarını məhdudlaşdırır. Mən də razılaşdırılmamış tədbirlərin keçirilməsinin əleyhinəyəm. Çünki bu halda günahkar qanunları pozan tərəfdir. Hər halda məsuliyyətin də bir payı onların üzərindədir”.

“İnsanlara ziyan dəysin deyə mitinq təşkil etmək məqsədəuyğun deyil”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, mitinq keçirmək vətəndaşların konstitusion hüququdur:

“Azərbaycan və beynəlxalq hüquqda qeyd olunur ki, qanunda nəzərdə tutulmayan qaydada vətəndaşların mitinq azadlığını kimsə məhdudlaşdıra bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin indiki halda mövqeyi Azərbaycan Konstitusiyasına, ölkə və beynəlxalq hüquqlara ziddir. Azərbaycan Konstitusiyasının pozulmasına görə də məsuliyyət yaradan bir hərəkətdir. Digər tərəfdən, nəyin bahasına olursa-olsun, mitinq keçirmək yalnız o halda tələb olunur ki, mitinqlər həyati əhəmiyyətə malik məsələrlə bağlı olsun və mitinqin nəticəsində xalqın taleyi həll edilsin. İndiki halda elə qeyri-adi hal görmürəm ki, bu mitinq keçirilməsə, böyük fəlakət baş verə bilər. Hər bir mitinqin konkret məqsədi olmalıdır. Yəni bu aksiya ictimai sferada hansısa nailiyyət əldə etmək, yaxud da gələcək nailiyyət üçün zəmin yaratmaq məqsədinə hesablanmalıdır. İndiki halda Milli Şuranın mitinq təşəbbüsünün konkret məqsədə çatmaq, təxirəsalınmaz problemin həllinə cəhd kimi dəyərləndirilmir. Əslində, onlar bununla müxalifət cəbhəsində birinciliyini təsdiq etmək istəyirlər. Bu məqsəd o qədər kiçikdir ki, ona görə mitinq qərarı verib, icazəsiz aksiya keçirmək indiki şəraitdə effektli deyil. Əgər bu mitinq Qarabağ probleminin həlli, yaxud hakimiyyət dəyişikliyi ilə bağlı olsa idı, ölümü gözümüzün qarşısına alıb bu aksiyanı təşkil edər və xalqı küçələrə çıxarardıq. Sadəcə olaraq, bir partiya, yaxud bir liderin bir addım qabağa çıxıb cəmiyyətə, insanlara ziyan dəysin deyə mitinq təşkil etməsi məqsədəuyğun deyil”.

Partiya sədri onu da əlavə edib ki, qanuna görə, mitinqin təşkilat komitəsi Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirəcəyi ilə bağlı xəbərdarlıq etməlidir:

“Orada razılaşdırmadan söhbət getmir. Sadəcə olaraq, xəbərdarlıq etməli və Bakı Şəhər İcra Hakimiyyəti ilə mitinqin keçirilməsinin təhlükəsizliyi ilə bağlı əməkdaşlıq etməlidir. Bakı Şəhər İcra Hakimiyyətinin qanuna uyğun şəkildə təyin edilmiş mitinqlərin yerini və vaxtını dəyişmək hüququ yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.