""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir"

22-04-2019, 09:01           
""Space"in rəhbəri heç olmazsa öz kanalına baxırmı, bu, söyüşdən də pisdir"
Aparıcı Kamran Həsənlinin “Musiqili meydan” verilişində korifeylərimizlə bağlı səsləndirdiyi fikirlər yazıçı Seyran Səxavətin etirazına səbəb olub. Redaksiyamıza zəng vuran S.Səxavət bildirib ki, K.Həsənlinin hər şeyi öz arşınıyla ölçməsi düzgün deyil:

“Kamran Həsənli verilişində deyir ki, Müslüm Moqamayevin və digər korifeylərimizin oxuduğu mahnılardan sadəcə 10-u uğurlu ola bilər. Bu adam necə belə hökm verə bilər? Axı onların zəif oxuduğu mahnı yoxdur. K.Həsənli yəqin bunları öz arşınıyla ölçür, amma onun aparıcısı olduğu verilişlərin biri də baxmalı deyil. Bu adam niyə bizim dünyasını dəyişmiş (ancaq həyatda dünyasını dəyişmiş, sənətdə onlar hələ min illərlə oxuyacaq) klassiklərimizə durub hansı haqla belə fikirlər səsləndirir. K.Həsənli hansı zövq sahibidir? Xahiş edirəm bu məsələni ictimailəşdirin. Ümumiyyətlə, Space-in rəhbəri heç olmazsa öz kanalına baxırmı? Düşünürəm ki, bu hadisə söyüşdən də pisdir. K.Həsənli buna görə cavab verməlidir. Bəlkə mən səhv başa düşmüşəm siz K.Həsənlinin özündən də soruşun ki, hansı əsaslarla bu fikirləri səsləndirir”.

Məsələylə bağlı əməkdaşımız aparıcı Kamran Həsənliylə əlaqə saxlayıb. K.Həsənli saytımıza açıqlamasında fikirlərini bu cür əsaslandırıb:

“Mən verilişimdə demişəm ki, onların oxuduğu mahnıların hamısı uğurlu deyil. Eləsi var hitə çevrilib, elə də var ki, yox. Yəni bütün mahnılar uğurlu ola bilməz ki. Mən orda Müslüm Moqamayevin adını çəkmişəm və dəqiq yadımda deyil daha hansı korifeylərimizi demişəm. Dünyada məşhur olan sənətçilərin də oxuduğu mahnıların içində hamısı uğurlu və hit ola bilməz. Mən peşəkar musiqiçiyəm və dediyim şeylər sadə bir fikirdir”.
moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.