Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsası

Bu gün, 12:52           
Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun əsası
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir. Suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərti kimi çıxış edir.
Suverenliyin müasir dövrdə tam qavranılması ona daha geniş prizmadan yanaşmanı tələb edir. Suverenliyin klassik mahiyyəti sual altına alınmır. Bugünkü dövrün reallıqları kontekstində yeni yanaşmalar onun mahiyyətini daha da gücləndirir. Ermənistanın ölkəmizin ərazilərini işğal etməsi Azərbaycanın müəyyən ərazisi üzərində daxili suverenliyini, yəni ali hakimiyyətin tətbiqi sferasını məhdudlaşdırdı. Başqa cür desək, suveren ali hakimiyyətin dövlətin müəyyən ərazisi daxilində tətbiqinə maneə törətdi. Lakın bu işğal Azərbaycanın beynəlxalq hüquqi suverenliyinə heç bir təsir göstərmədi. Nəticə etibarilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi bütün işğal dövründə Azərbaycanın suveren ərazisi olaraq qaldı. Suveren dövlətin ərazisi daxilində mövcudluğuna və davamlılığına əsaslanan bu prinsip əslində suveren dövlətlər sisteminin mahiyyətindən doğur. Onun inkar edilməsi beynəlxalq hüquqi suverenliyə ciddi zərbə olardı. Beynəlxalq hüquqi suverenlik isə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində tanınmasını ehtiva edir.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən - Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.
Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan, Ermənistanın və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və suveren dövlət daxilində qəbuledilməz bir vəziyyət idi. Bu vəziyyət Azərbaycanın beynəlxalq hüquqi suverenliyini sual altına qoymadan onun suveren ali hakimiyyətini və suverenliyin nəzarət funksiyasını məhdudlaşdırırdı. Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində ötən il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Həmin nəzarət-buraxılış məntəqəsinin yaradılması hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi demək idi. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyət hesab olunur. Həkəri çayının üzərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan bütün beynəlxalq sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bu lokal antiterror tədbirlərinin sonunda qondarma rejimin özünü buraxması Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Xüsusilə onu da qeyd edək ki, Prezident İlham Əliyev ötən il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si Sərəncama əsasən hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Yaşasın müstəqil və suveren Azərbaycan!


Metin Hüseynov - siyasi sərhçi, politoloq













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru