Gürcüstanın sabiq Baş naziri həbs olunacaq?
Bu gün, 12:14

Son günlərdə Gürcüstanın bəzi mətbu orqanlarında ölkənin keçmiş Baş naziri İrakli Qaribaşvilinin həbs olunacağı barədə məlumatlar yer almaqdadır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu informasiya onun hökumətə başçılıq etdiyi dövrdə müdafiə naziri olmuş Cuanşer Burçuladzenin bu yaxınlarda korrupsiya ittihamı ilə saxlanılmasından sonra yayılıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin sələfinin həbs olunub-olunmayacağı barədə sualını spekulyativ adlandırıb.
“Bu, mənim üçün spekulyativ sualdır, ona görə də özümü bu suala cavab verməyə borclu hesab etmirəm”, - deyə o bildirib.
İ.Kobaxidze İ.Qaribaşvili ilə ilə bir neçə dəfə konkret mövzular haqqında telefon danışığı apardığını söyləyib.
Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski də sabiq hökumət başçısının həbs olunacağı barədə yayılan məlumatları şərh edib. O deyib ki, İ.Qaribaşvilinin hər hansı korrupsiya sistemində iştirakını təsəvvür etmək çətindir.
Qeyd edək ki, İ.Qaribaşvili 2021-2024-cü illərdə Gürcüstanın Baş naziri olub, bu vəzifəni 2013-2015-ci illərdə də tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, bu ilin aprelin 25-də vəzifəsindən istefa verərək siyasətdən getdiyini bildirib.