“Səssiz müharibə”də 10 milyon insan öləcək - Sos

30-11-2018, 09:56           
“Səssiz müharibə”də 10 milyon insan öləcək - Sos
Siqaret çəkməyə aludə olmaq zərərli vərdiş yox, xəstəlikdir, tibdə ona tabakomaniya, yeni tütünçəkmə xəstəliyi, yaxud "kiçik" narkomaniya deyilir.

Siqaret çəkmək insan orqanizmində 20- yə yaxın xəstəlik əmələ gətirir, insan ömrünü isə 15-20 il qısaldır.

Bu sözləri Teleqraf.com-a həkim-narkoloq Asif Kəngərli deyib.

Onun sözlərinə görə, ən böyük insan itkisi ikinci dünya müharibəsi zamanı olub ki, 5 ildə 50 milyon insan ölüb:

“Amma Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 2007-ci ildə təkcə siqaretdən 5.4 milyon, 2020-ci ildə 8.4 milyonun ölməsi gözlənilir. 2030-cu ildə isə 10 milyon adam təkcə siqaretə görə məhv olacaq. İldə 50 milyon insan ilk olaraq siqaret çəkməyə başlayır, ümumilikdə 7 milyard insanın 1,5 milyardı siqaret çəkir. Azərbaycanda isə 10 milyonun 2 milyona yaxını siqaret çəkir, təəssüf ki, buna görə biz dünyada 13-cü yerdəyik.

Demək, ikinci dünya müharibəsində bir ildə müharibədən, xəstəlikdən nə qədər insan ölürdüsə, başqa xəstəlikləri kənara qoyuram, təkcə siqaretdən 10 milyon insan öləcək ki, bu da bəşəriyyətə qarşı xain, “Səssiz müharibə”dir.

Bəs nə etmək lazımdır? Cəza, cərimə qanunları o qədər də əhəmiyyətli rol oynaya bilmir. Ona görə siqaret çəkənlərin sayı çoxalır, çünki maariflənmə işi vaxtında və düzgün aparılmır. İnsan siqaret çəkməyə başlamamışdan onun haqqında düzgün məlumat almalıdır. Uşaq böyüyəndə onu düzgün məlumatlandırmalısan. Belə olan halda, böyük ehtimalla, o, siqaret çəkməz.

Düzgün və vaxtında da məlumatlandırma isə odur ki, teatr tamaşaları olmalıdır.

Tabakomaniyanın doğurduğu 4 minə qədər zəhərli, zərərli, narkotik, radiokativ maddələr, alfa, beta şüaları daxildir ki, bunlar da insan orqanizmində böyük dəyişiklik yaradır, xərçəng əmələ gətirir və öldürür”.

“Siqaret çəkdinsə, ya azardır, ya da məzar “, “Çəksən siqareti ciyərə tərəf, siqaret çəkər, məzara tərəf”kimi maraqlı şüarlardan bəhs edən A.Kəngərli qeyd edir ki, siqareti tərgitmək üçün Heydər Əliyev sərəncam vermişdi, Təhsil Nazirliyinə tapşırılsın ki, tabakomaniya və narkomaniya mövzusunda əsərlər orta məktəb tədris proqramlarına salınsın və tədris olunsu:

“ O vaxt əsərlər yox idi, amma indi var. Niyə müraciət yoxdur, niyə orta məktəbdə sinifdən xaric oxuda və yaxud dərs vəsaiti kimi niyə öyrənilmir, inşa yazılmır, hər sinifdə niyə müzakirə predmetinə çevrilmir?

Mən “Zəhrimar” pyesini yazmışam ki, hər məktəbdə özləri səhnələşdirib oynaya bilsinlər. Bu, onlara və ətraflarına təsir etsin. Yəni insan özü oynayanda məsələyə başqa cür baxır, aktyor oynayanda isə sadəcə, tamaşa kimi baxır.

Bunu xüsusi günlərdə həyata keçirmək olar. Məsələn üçün 31 mart Beynəlxalq Siqaretsiz Günü, hər il noyabr ayının üçüncü çərşənbə axşamı siqaretdən imtina günü var. Ümumdünya Səhiyyə Təşkilatı XXI əsri siqaretə qarşı mübarizə əsri elan edib. Çünki hər şey siqaretdən başlayır, birinci siqaret, sonra nəşə çəkir, daha sonra isə ağır narkotiklərə keçirlər”.

Həkim deyir ki, siqareti tərgidənlərin 90 faizi heç bir həkim olmadan buna təşəbbüs edənlərdi. 10 faiz isə o adamlardı ki, artıq ağır vəziyyətdə depressiyaya düşür, əsəbiləri yerində olmur. Onlar da həkimə müraciət etməlidir. Amma hər tanığı həkimə yox, yalnız narkoloq həkimə müraciət etməlidir.

Məsələn, 40 il kardioloq işləyən tanıdığım həkim siqareti tərgitmək istəyən bir insana deyib ki, birdən-birə tərgitsə, ona pis təsir edər. Həkimlər arasında belə nadan adamlar və yanlış təsəvvürlər var”.

Narkoloq təəssüf hissi ilə qeyd edir ki, artıq qızlar da siqaret çəkməyə başlayıblar. Hətta siqaretdən sonra psixotrop maddələr də qəbul edirlər:

“Elə hallar olur ki, xanımlar kley, benzin, asiton iyləyilər ki, bu da beyni-başı pozur.

Təzə narkotik tərkibli psixotrop maddələr bazara gəlib. Hər ay deyil, hətta hər həftə yeni bir maddə sintez olunub bazara buraxılır. Biz bunun qarşısını müalicə ilə qoruya bilmərik. Ən təsirli vasitə qısa, sadə, ucuz, az vaxt alan maarifləndirmə, yenə də maarifləndirmədir. Bu orta məktəblərdə, ali məktəblərdə, cəmiyyətdə və KİV-də olmalıdır. Bunun qarşısını almasaq, maarifləndirmə işi vaxtaşırı aparılmasa, narkotika və psixotrop maddə qəbulu milli genefondumuzu məhvə sürükləyəcək. Ziyanlı maddələri qəbul edən qız, sabah necə ana olacaq?

Bu vərdişlərdən yaxa qurtarmağın yollarına gəldikdə isə həkim deyir ki, bunun müalicəsi üçün hər gün ona zəng edənlər olur:

“Tək-tək adamı müalicə etməklə nəyə nail olmaq olar? Elə götürək, asılılıq yaradan ziyanlı vərdişlərdən birini - spirtli içkini. İçkinin qəbulu nə qədər ailələrdə, cəmiyyətdə bəlalar yaradır. Bəzən narkomaniyaya “ağ ölüm” deyilir. Bu, “ağ ölüm” deyil, belə olsaydı, bir adam ölərdi. Bu, bütün ailəni məhv edən bir ölümdür. Kitabda da yazdığım kimi, narkomandısa, atasının ürəyi partlayır, anası şəkər olur, yoldaşı uşağını götürüb gedir və ailə dağılır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.