Rusiya-Belarus ittifaq dövləti niyə alınmadı? – Üç ən mürəkkəb məsələ razılaşdırılmayıb

26-12-2019, 02:42           
Rusiya-Belarus ittifaq dövləti niyə alınmadı? – Üç ən mürəkkəb məsələ razılaşdırılmayıb
Dekabr ayında Belarus və Rusiya prezidentləri iki dəfə görüşüblər, lakin ötən ilin sensasiyalı layihəsini - iki ölkənin dərin inteqrasiya layihəsini əsaslı şəkildə inkişaf etdirə bilməyiblər. Rəsmilər razılaşdırılmış məsələlərin sayının sammitdən sammitə artdığını bildirir. Amma əsas danışıq “düyünlərini kəsmək mümkün olmayıb”.

Bu barədə “TUT.BY” saytının siyasi icmalçısı, “Carnegie.ru” saytının köşə yazarı Artyom Şraybman “IPG” portalında yazır.

Minsk və Moskvanın qürurla “dərin inteqrasiya” adlandırdığı bu prosesi çətin ki, bütün dünyada ümumiyyətlə inteqrasiya adlandırmaq mümkün olsun. Tərəflər artıq bir ilə yaxındır 31-ci yol xəritəsini hazırlayırlar. Problem ondadır ki, bütün sənədləri yalnız paket halında imzalamaq olar. Ancaq üç ən mürəkkəb məsələ razılaşdırılmayıb: məhz vergi məcəlləsi, vahid neft və qaz bazarının yaradılması.

Qaz mübahisəsində Belarus Rusiyadakı daxili qiymətlərə israr edir (min kub metrə təxminən 70 dollar). Minsk istəyini onunla əsaslandırır ki, iqtisadi ittifaqda vətəndaşı olduqları ölkədən asılı olaraq alıcılar üçün müxtəlif qiymət ola bilməz. Rusiya belə bir addım atmağa hazır deyil. Çünki bunu elə bir subsidiya hesab edir ki, həmin subsidiyaya sadəcə şərti Smolensk vilayətinin hüququ çatır.

Neftlə bağlı vəziyyət daha qarışıqdır. Rusiyanın neft sənayesində vergi sistemində həyata keçirilən dəyişiklik (vergi manevri) səbəbiylə 2024-cü ilə qədər Belarus 9-10 milyard dollar itirəcək, çünki xam neft tədarükü üçün şərtlər pisləşir. Minskin kompensasiya tələbinə cavab olaraq Moskva inteqrasiya barədə dialoq təklif edib.

Konkret olaraq, Rusiya vergi manevrinin kompensasiyasına görə Belarusun öz vergi məcəlləsini rusiyanınkına birləşdirməsini istəyir. Minsk belə bir fədakarlığa getsə belə, bu, çox vaxt aparan, böyük xərclər tələb edən, bürokratik cəhətdən ağrılı bir prosesdir. Kompensasiya isə ən qısa müddətdə lazımdır. Çünki Belarusun büdcəsi və neft emanlı zavodları indinin özündə böyük itkilər verirlər.
Minsk hesab edir ki, tərəflər inteqrasiyanı dərinləşdirməyə başlamazdan əvvəl bütün neft və qaz məsələləri həll edilməlidir. Moskva isə inteqrasiya dərinləşdikdən sonra belə bir addım atmağa hazırdır.

Məqalə müəllifi qeyd edir ki, Putin bu qurumlar barədə bəyanat verməklə Rusiyanın əsl ambisiyalarını ifşa edib. Həmin iddialar analitiklər üçün sirr deyildi – bu cür orqanlar olmadan heç bir dərinləşdirilmiş inteqrasiya işləyə bilməz. Lukaşenkonun sözlərinə görə, Belarus üçün neft-qaz qiymətləri və həcmi 2020-ci ildə də 2019-cu ildəki səviyyədə qalacaq. Minsk istədiyi güzəştləri əldə edə bilməyib. Moskva isə Lukaşenkonun inteqrasiya sənədlərinin altına imza atmağa məcbur edə bilməyib.

Vergi inteqrasiyası məsələsi daha uzun müddətə təxirə salınacaq. Əksər qanunların 2020-ci ildə razılaşdırılacağı gözlənilir. Halbuki Belarusun Moskvadakı səfirinin sözlərinə görə, vergi məsələsində “deadline” ən azı 2022-ci ilə qədər uzadılacaq.

Ən əsası isə odur ki, yol xəritələrinin imzalanması ilə Belarus və Rusiya arasında bazarlıq nənki başa çatacaq, hətta yenidən qızışacaq. İttifaq dövlətinin qurulması 20 ilə yaxındır davam edir. Bu da onu göstərir ki, Minsk və Moskva öz aralarındakı sazişi müxtəlif cür, bəzən zidd şəkildə şərh edirlər. “Vahid bazarlar”, “ümumi yanaşmalar” haqqında qarışıq ifadələrin yer aldığı yol xəritələri isə onların reallaşma mərhələsində yenidən gərginliyin yaşanacağına zəmanətdir.

Ortamüddətli perspektivdə ən mümkün ssenari aşağıdakıdır: Minsk və Moskva başa düşəcək ki, bundan daha sıx inteqrasiya edə bilməyəcəklər. Münasibətlər daha praqmatik səviyyəyə adlayacaq. Burada İttifaq dövləti kimi 20 il əvvəlki dövrün qalıqları yox, Avrasiya İqtisadi İttifaqının normaları təyinedici rol oynayacaq. Lakin bu qaçılmazı qəbul etmək yolu xüsusən Belarus iqtisadiyyatı üçün elə də asan olmayacaq.(Xarici pressa)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.