Ermənistan İsrail silahlarından imtina etdi-Etiraz notası

12-04-2016, 01:05           

Onlar həmin ölkənin hərbi texnikasını effektli saymırlar.

İsrail istehsalı olan "Harop" dronu

Ermənistan İsrail silahından imtina edib. Bunu Ermənistan müdafiə nazirinin müavini David Tonoyan bildirib. Onun sözlərinə görə, silah bazarı Ermənistan üçün açıqdır.

"Lakin Avropa Birliyi və ABŞ tərəfindən bəzi siyasi məhdudiyyətlər var. Bu isə münaqişə zonasında hərbi əməliyyatların miqyasını artırmamaq istəyi ilə bağlıdır".

Belə demək olar ki, münaqişə zonasına silah verməməklə bağlı centlmen razılaşması var. Təbii ki, ehtiyacdan asılı olaraq məhdudiyyət qoymayan başqa ölkələrdən bu tələbat ödənilir". Nazir müavini deyib ki, İsrail də Azərbaycana satdığı silahlardan Ermənistana təklif edib. "Lakin biz buna ehtiyac duymadığımız üçün imtina etdik".

Ans press-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, David Tonoyan deyib ki, bu məsələni başqa cür həll ediblər. O deyib ki, bu silahlar elə də effektiv deyil. "Əlbəttə, avtobusu qumbaatanlarla da vurmaq olar. Bunun üçün qiyməti bir neçə min dollar olan dron almaq lazım deyil".

Nazir müavini son illər ərzində yürüdülən siyasətə yenidən baxılması barədə müdafiə strategiyasını xatırladıb, prosesin yekunları üzrə sənəd hazırlandığını qeyd edib.

Erməni rəsmisi ən müasir silahlar almağı planlaşdırdıqlarını deyib.

David Tonoyan - Ermənistanın müdafiə nazirinin müavini

Aprel ayının 2-də cəbhə xəttində vəziyyət gərginləşib. Ermənilərin təxribatlarına cavab olaraq Azərbaycan tərəfi əks-hücuma keçib. Nəticədə bir neçə yüksəklik və yaşayış məntəqəsi ermənilərdən təmizlənib. Düşmənin onlarla hərbi texnikası, yüzdən çox canlı qüvvəsi məhv edilib.

Aprelin 4-də Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan ordusu içərisində Ermənistan könüllüləri olan avtobusa zərbə endirib. Nəticədə 5 erməni könüllüsü ölüb. Erməni tərəfinin iddiasına görə, həmin avtobusu Azərbaycan tərəfi İsraildən aldığı kamikadze dronu ilə vurub.

Aprelin 5-də saat 12:00-da iki ölkənin razılığı ilə təmas xəttində yenidən atəşkəs elan olunub. Ayın 8 və 9-da isə hər iki tərəf döyüş meydanında qalan meyitləri götürmə prosesini həyata keçirib.

Ermənistanın Misir və İsraildəki səfiri Armen Melkonyan İsrailin Azərbaycana silah satışını dayandırması üçün etiraz notası ilə ötən həftə Qüdsə gedib. Bu barədə İsrailin yerli "Haaretz" xəbər portalı məlumat yayıb.

Sayt bildirib ki, XİN-in "Avrasiya" şöbəsinin müdiri Dan Oriyan onunla görüşüb və A. Melkonyan ona içərisində İsrailin Azərbaycana silah satışını dayandırması ilə bağlı tələbin yer aldığı rəsmi etiraz notası təqdim edib.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.