“...Bu, qələbə müharibəsidir” – tanınmış ekspertdən sensasion açıqlamalar
12-04-2016, 10:03
Mehman Əliyev: “Bu müharibənin özündə beynəlxalq güclər maraqlı idi; məqsəd həm də o idi ki, Azərbaycan ordusu öz torpaqlarını azad etməyə qadir olduğunu nümayiş etdirsin”; Ermənilərdə ruslara qarşı daha böyük nifrət var, nəinki bizdə...”
Cəbhə xəttində ermənilərin təxribatları nəticəsində atəşkəsin pozulması və 4 günlük müharibə ölkədə və regionda yeni proseslərin başlanğıcına çevrildi. Bunun Azərbaycan üçün gələcəkdəki nəticələri də ciddi müzakirə mövzusudur. “Turan” agentliyinin direktoru, tanınmış şərhçi Mehman Əliyevlə söhbətimizdə son günlərin aktual mövzusunu müzakirə etdik.
- Mehman bəy, 4 gün davam edən müharibə və onun nəticələri... İlkin rəyləriniz nədir? Nə qazandıq? İtkilərimiz qazanclarımızı ötdümü?
- Bu müharibənin özündə beynəlxalq güclər maraqlı idi. Minsk Qrupu həmsədrlərindən danışırıqsa, onların verdiyi reaksiya göstərdi ki, onlar bu nəticələrin olmasında maraqlı idilər. Biz görürük ki, Yaxın Şərq proseslərinə bağlıyıq. Regionda hərbi əməliyyatlar sona çatmaqdadır. Biz Suriyada, İraqdakı durumu görürük. Yaxın gələcəkdə regionda yenidən qurulma prosesləri başlayır. Bütün bu dövlətlərin orda iqtisadi və başqa maraqları var.
Onlar reallaşmağa başlayacaq. Ona görə də bu mənada Qarabağ konfliktinin tezliklə çözülməsi də gündəmə gəlir. Burada ən böyük problem də ondan ibarətdir ki, erməni tərəfdə olan qalibçilik sindromu onlara düzgün, adekvat qərar verməkdə mane olur. Bu da konfliktin həlli istiqamətində çox ciddi problemə səbəb olur. Azərbaycan tərəfi bu danışıqlar prosesində güzəştə gedir. Onlara Azərbaycanın tərkibində muxtariyyət verir, bizim sərhədlər daxilində öz müqəddəratlarını həll etmə imkanı yaradılır. Bu, əslində kompromisdir. Amma onlar maksimalist mövqedə idilər ki, biz heç bir güzəştə getməyəcəyik. “Ətraf rayonları veririk, amma biz müstəqil olmalıyıq” - onların kompromisi bundan ibarətdir. Bu da heç kəsi qane etmir. Ona görə də onları konstruktiv mövqeyə gətirmək üçün həmin bu əməliyyatın keçirilməsinə onlar etiraz etmədilər.
- Bu nəyə gətirəcək, sizcə?
- Bu, o deməkdir ki, yaxın gələcəkdə erməni tərəfi yenə müqavimət göstərməyə başlasa, kompromislərə getməsə, proses təkrar olunacaq. Erməni tərəfi üçün də daha pis nəticələr verəcək.
- Atəşkəs nəyin müqabilində dayandı, sizcə?
- Məqsəd bundan ibarət idi ki, erməni tərəfə Azərbaycanın gücü olduğu göstərilsin. Azərbaycan tərəf vaxtilə səslənən “biz torpaqlarımızı geri alacağıq” tipli bəyanatların arxasında real güc və imkanlar olduğunu göstərsin. Sadəcə, erməni tərəfinə mesaj idi ki, gəlin prosesi sülh yolu ilə yekunlaşdıraq. Atəşkəsin yenidən işə düşməsindən sonra İlham Əliyevin bəyanatlarında da bu məqam səsləndi ki, biz erməniləri bu yoldan çəkinməyə çağırırıq. Əsas məqsəd həm də o idi ki, Azərbaycan ordusunun öz torpaqlarını azad etməyə qadir olduğunu nümayiş etdirsin, bu mənada böyük dövlətlərin dəstəyini də alır.
- Dəstək demişkən, Azərbaycana verilən hərbi və siyasi dəstəklər yetərincə oldumu, sizcə?
- Əgər bəlli güclər bu işə qarışmayıblarsa, bu, həm də dəstəkdir. Onlar formal olaraq bəyanatlar verdilər, çağırışlar etdilər. Amma 3 gün ərzində ciddi müdaxilə olmamışdı. 3 gündən sonra isə müdaxilə ancaq o səviyyədə oldu ki, Rusiya işə salındı, atəşkəs bərpa olundu.
- Bu məsələdə Rusiyanın tutduğu mövqe, Putinin bu günlər ərzindəki susqunluğu hansı siyasi manevrin göstəricisi idi?
- Sakitlik hər üç tərəfin mövqeyində hiss olunurdu - Amerika, Avropa Birliyi və Rusiya. Bu, birbaşa onunla bağlı idi ki, onlar maraqlı idi Azərbaycan bu gücü nümayiş etdirsin. Düzdür, bu üç dövlətdən heç biri bunu etiraf etməz. Amma mən mənzərəni belə görürəm.
- Sergey Lavrovun açıqlamalarında razılaşmanın müəyyən komponentlərinin dəqiqləşməsi ilə bağlı nüanslar var. Sizcə, nədən ibarət olacaq o razılaşma?
- Məncə, orda erməni tərəfi üçün vəziyyət daha da pisləşir. O mənada ki, orda vaxtilə böyük problem vardı - torpaqların boşaldılması, müəyyən müddətdən sonra ermənilərin bununla bağlı referendum keçirməsi. Bizimkilər isə buna razı deyildi. Bunu isə ümid paket kimi qəbul etmək idi. Yəni o deməkdir ki, sabah erməni tərəfi formal referendum keçirməklə yenə də öz müstəqilliyini elan edə bilər. Ona görə də bu, yolverilməzdir. Sadəcə olaraq, bu prosesdə prinsipial məsələ budur ki, referendumun keçirilməsi əvvəlki qaydada olmayacaq. Onun keçirilməsi yaxın zamanlara şamil olunmayacaq. Uzunmüddətli qalır. Orda da daha çox Azərbaycan icmasının mövqeyi, rəyi nəzərə alınacaq. Bu məsələdə ermənilərə öz məqsədlərinə nail olmaq üçün verilən imkanlar azalacaq. Mən hesab edirəm, tərəflər maraqlı deyil ki, yaxın zamanlarda, hətta sülh bağlanandan, işğalçılar torpaqdan çıxandan sonra ermənilər Azərbaycanın tərkibindən çıxmaq haqqında qərar versinlər. Bu mənada bu qərarda tərəflər maraqlı deyil. Onlar maraqlıdılar ki, regionda Azərbaycanla Ermənistan arasında gələcəkdə əməkdaşlıq başlasın. Bu da gələcək stabillik üçün bir zamin olsun.
- Susqun tərəflərdən danışdız bayaq. Bunlardan biri də ABŞ oldu. Amerika Ermənistana niyə bu qədər loyal davranır? Rusiyameylli Ermənistanı dəstəkləməsinin arxasında, kökündə nə dayanır?
- Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir. Biz görmüşdük ki, 2014-cü ildə Ermənistan Avropa Birliyinin assosiativ üzvlüyü haqda saziş imzalamağa hazırlaşırdı. Bunun qabağı o zaman alındı. Ermənistan tərəfi Rusiyadan uzaqlaşıb, Amerikaya tərəf yaxınlaşmağa can atır. Bununla belə, Rusiya faktorunu nəzərə alır. Bilirlər ki, onlar radikal və ya artıq hərəkət eləsələr, Qarabağ nöqteyi-nəzərdən onları cəzalandıracaqlar. Hələ mən demirəm ki, iqtisadi, təhlükəsizlik baxımından Rusiyadan asılıdılar. Bu baxımdan onlar Rusiyanı sevmir, sadəcə, ehtiyat edirlər. Ermənilərdə ruslara qarşı daha böyük nifrət var, nəinki bizdə. Baxmayaraq ki, ruslar bizə xeyli problemlər gətirmişdilər. Ona görə də erməni cəmiyyətində ruslara tamam başqa münasibət var. Bunu fransızlar da bilir, amerikalılar da, bütün dünya da. Bunun nəticəsidir ki, ruslarla ermənilər arasında hər hansı kiçik gərginlik olanda bu, cəmiyyətdə antirus əhvalının necə güclü olduğunu göstərir. Ermənistanda rus məktəblərinin hamısını bağlayıblar. Rus dilində nə məktəb, nə universitet var. Amma Azərbaycanda belə təhsil müəssisələri var. Onda biz ermənilərdəki hansı rus sevgisindən danışırıq? Yoxdur belə sevgi. Sadəcə, ermənilər ruslardan istehlakçı kimi istifadə edirlər. Rusiyanın iqtisadi imkanlarından, spekulyasiyalarından istifadə edirlər. Onlar bunu başa düşməsələr də, ruslar sübut etdi ki, zaman dəyişir və maraqlar hər şeydən üstündür. Və bu gün regionda ermənilərlə rusların maraqları da heç eyni deyil. Ruslar üçün bu gün Yaxın Şərqə çıxış ən böyük prioritetlərdən sayılır.
- Yerli ictimaiyyətin və medianın bu məsələdə mövqeyi, davranışı barədə nə demək olar? Adekvat oldumu?
- Mediaya ciddi iradlar da bildirilməmişdi. Media özünü bu dəfə daha çox çərçivədə apara bildi. Təbii ki, keçən ilin 27 avqustunda baş tutan iclasın təsiri olub. Hesab edirəm ki, dövlət orqanlarının bu məsələdə işləri yaxşı təşkil olunmamışdı. Sonradan daha çox vətənpərvərlik ruhunun yüksəldilməsinə yüklənmişdi. Amma savaşın gedişi və onun təqdimatı daha düzgün təqdim oluna bilərdi. Dəqiq informasiyalar əvvəldən zəif idi. Daha çox ordan-burdan gələn, dolayısı ilə gələn xəbərlər çox idi. Bu da bir qədər inamsızlığı azaldırdı. O mənada ki, hərbi əməliyyatlarla informasiya təminatı arasında müəyyən boşluqlar var idi. Bu, çox vacib idi. Bilirsiz, bir var hərbi əməliyyat. Hərbi əməliyyatın siyasi tərəfləri var. Çünki siyasi bəyanatlar verilir, xarici işlər naziri, prezident danışır. Bu, siyasi dəstəkdir. Bir də var informasiya dəstəyi. Beynəlxalq aləmdə belədir - xəbəri birinci kim verirsə, onun informasiyaları beynəlxalq cəmiyyətdə daha çox yer tutur. Sən, sadəcə olaraq, onu təkzib etməklə məşğul olmalı olursan.
- Şəhidlərimizin sayı ilə bağlı rəqəmlərdə də bir qədər qeyri-dəqiqlik oldu...
- Hər iki tərəf bunu edirdi - itkilərin azaldılması, azmış kimi təqdim edilməsi. Bunun da iki səbəbi vardı. Bir tərəfdən, bu, cəmiyyətdə müəyyən şok yarada bilərdi. İkinci tərəfdən isə qarşı tərəfdə sevinc yaranacaqdı ki, biz filan qədər azərbaycanlı zabiti öldürmüşük.
- Bəs şəhid sayı artdıqca cəmiyyətin əhvalı necə dəyişir?
- Cəmiyyətdə artıq belə bir baxış oturuşub ki, bu, qələbə müharibəsidir. Ona görə də müharibədə şəhidlərin olması da qəbuledilən sayılır. İndi o başqa məsələdir ki, hansı şəraitdə o əsgərlər həlak olub. Olmalı idimi, hansı şəraitdə həlak olublar? Açığı, biz bu detalların heç birini bilmirik.
- Əfv fərmanından sonra əksər siyasi məhbusların azadlığa çıxması cəmiyyətdə də bir loyallıq yaradıb. Amma əsas qorxu hakimiyyətin yeni repressiya dalğasına start verəcəyidir. Sizin proqnozlar necədir? Bunun işartıları görünməyə başlayıbmı, sizcə?
- Mən, açığı, hakimiyyətin repressiyalara başlamasına inanmıram. Çünki daha o dövr deyil. Biz indi başqa bir dövlətdə yaşayırıq. Prezidentin sonuncu iclasdakı çıxışları göstərdi ki, o, artıq rəqəmlər səsləndirmədi. Əvvəllər ümumdaxili məhsul, qızıl ehtiyatları və sair. Bu barədə danışmırlar. Heç xarici borclar haqda da heç nə danışmırlar. Çünki vəziyyət xeyli çətindir. Qərb tərəfdən də təpkilər var. Bir tərəfdən də dəstək var. Qarabağ məsələsində bunu gördük. Amma eyni zamanda onun tezləşdirilməsi üçün təpki də var. Azərbaycan hakimiyyəti vaxtilə medianı, siyasi partiyaları və vətəndaş cəmiyyətini ona görə susdurub ki, zamanında guya bu qüvvələrin məxməri inqilab edəcəyindən ehtiyatlanıb. Məqsəd baş verə biləcək hansısa dəyişikiyin qarşısını almaq idi. Əslində nə baş verdi? Sistem çökdü, neft, bank, təhlükəsizlik sistemi sıradan çıxdı. Bunu nə media, nə QHT, nə partiyalar elədi. Hakimiyyət düşməni düzgün istiqamətdə axtarmadı. Bu gün yenidən 5 nəfəri, 10 nəfəri və ya 15 nəfəri tutmaqla nə olacaq? Nə mənası var axı bunun? Bu, məgər vəziyyəti düzəldəcəkmi? Əksinə, həmin iqtisadçıları, siyasətçiləri, jurnalistləri işə cəlb etmək lazımdır ki, dövləti bu vəziyyətdən çıxarsınlar.
- Təzyiq demiş, sizin contact.az saytı da fəaliyyətini dayandırıb, deyəsən. Sayta daxil olmaq mümkün deyil.
- Müharibə günlərində bizim sayta da güclü hücumlar oldu. Sadəcə, saytı açmaq üçün www.contact.az yazmaq lazımdır. Ayın 3-4-də güclü hücum oldu. Düzdür, saytı dağıda bilmədilər. Çünki kifayət qədər qorunur. musavat.com/