Azərbaycanlı iş adamı tərəfindən ermənilərə edilən pul təklifinə reaksiyalar
12-04-2016, 16:36
Teref. infonun verdiyi məlumata görə Ukrayna Qafqaz Xalqları Konqresinin İdarə Heyətinin sədri Paşa (İlisuyski) Məmmədov Qarabağda yerləşən erməni əsgərlərə səslənib.
O, erməni əsgər və zabitlərinə təslim olmağı təklifi edib. Hər təslim olan əsgərə 10 000, zabitə isə 15 000 dollar pul mükafatı təsis etdiyini deyən Paşa Məmmədov ermənilərə səslənib: "O torpaqlar sizin deyil, heç sizin atalarınızın belə deyil, özgə torpağına təcavüz edərək ölməyə dəyərmi?"
Teref. info yazır ki, Paşa Məmmədov Azərbaycana təslim olanlara Azərbaycan hökuməti tərəfindən təhlükəsizlik də vəd edib. Bundan başqa, P. Məmmədov təslim olanın özü ilə gətirdiyi silaha görə və verə biləcəyi məlumatın qiymətliliyinə görə də xüsusi pul mükafatı təsis etdiyini açıqlayıb.
P. Məmmədovun bu təklifi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub və birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı musavat.com-a danışan deputat Zahid Oruc bildirib ki, müharibə dövrünün öz qanunları var:
“Şübhəsiz ki, hər kəs bacardığı qədər bu millət davasına töhfə vermək istəyir. Lakin sözügedən şəxsi tanımıram, qeyd olunan informasiya yayılandan sonra ona qarşı olan reaksiyalardan məlumatım var. Düşünürəm ki, belə addıma qarşı süngü ilə çıxmaq da çox yanlışdır. Bir qisim şəxs hesab edirlər ki, bu, bizim döyüş ruhumuza mənfi təsir göstərə bilər. Digərləri iddia edirlər ki, ermənilər həmin vəsaitlərə ehtiyacları olduğunu hiss etdirib addımlar atarlar və sonra vəsaitlər hesabına əldə olunan tankı, topu əleyhimizə yönəldərlər. Üçüncülər isə düşünürlər ki, bu, ölkənin vahid hərbi siyasi xətt yürütməsinə mane olar və 1990-cı illərdəki bəlli vəziyyəti ortaya gətirər. Bütün bu rəyləri ümumiləşdirərək gəldiyim qənaət ondan ibarətdir ki, savaşda hər bir kəs malik olduğu resursu düşmən üzərində qələbəyə yönəltməlidir. Qələm sahibi qələmini silaha çevirməklə, informasiya məkanında döyüşən də özünün qarşı tərəfə vurduğu zərbələri ilə səngərdə dayanan əsgərlərimizə kömək etməlidir. Yəni müharibə şəraiti ölkəmizə daxil olduqda və konkret olaraq bütöv Azərbaycan təmas xəttinə çevrildiyi zaman, hamı özünü ordunun bir hissəsi kimi hiss etməlidir. Buna görə də bu təşəbbüsü normal qarşıladım. Hesab edirəm ki, ümumən ermənilərə münasibətdə Azərbaycanın mövqeyi Qarabağdan onları tamamilə məhv etmək və ermənisiz Azərbaycan modeli qurmaq deyil. Necə ki, Ermənistan tərəfi bundan istifadə etməyə çalışır. Onlar istəyirlər ki, Qarabağdakı erməniləri bundan sonrakı illərdə də girov saxlayıb desinlər ki, baxın, əgər orada Ermənistan əsgəri ölməsə Azərbaycan xalqı onlara nicat verməyəcək və yaşamaq imkanlarını tamamilə aradan qaldıracaq”.
Z. Oruc bildirib ki, bu kimi çağırışlar imkan verir ki, ermənilər ən azı düşünsünlər:
“Hesab etmirəm ki, bu biznes adamı vəsaitini sadəcə olaraq havaya sovurmaq fikrindədir. Belə hesab edək ki, o, bu mövqeyini tamamilə hüquqi, sənədləşdirilmiş qaydada reallaşdırmaq istəyir. Belə olan təqdirdə ermənilər bu çağırışdan istifadə edib düşünəcəklərmi ki, bu, heç də onları təslimçiliyə vadar etmək və ya tələyə salmaq niyyəti deyil? Faktiki olaraq tutulmuş bu qədər böyük ərazilərə yetəcək qədər erməni yoxdur. Faktiki olaraq onlar Qarabağı, özündən 3 dəfə artıq ərazini guya əlində saxlayıb. Kimin vasitəsi ilə? Məhdud səviyyəli ordunun. Reallıq onu üzə çıxardı ki, Füzuli, Cəbrayıl və digər ərazilərə girmək üçün bir neçə gün kifayət edir. Bu baxımdan mövzuya daha əhatəli yanaşmaqla göstərmək istəyirəm ki, əgər kimsə özünün maddi vəsaitini də silaha çevirirsə, Azərbaycan dövlətinə bu vasitə ilə kömək etmək istəyirsə onu normal qarşılamaq lazımdır. Bu qətiyyən bizim döyüş ruhumuzu əngəlləmir. Onu da qeyd edək ki, Azərbaycan ordusu son əməliyyatlarda elə bir hünər göstərdi ki, indi heç bir kənar rəyə, mövqeyə baxmadan ölkəmizin hər bir vətəndaşı, əsgərinə, zabitinə bütövlükdə ordusuna güvənir”.
Hərbi ekspert Üzeyir Cəfərov isə musavat.com-a açıqlamasında Paşa Məmmədovun bu təklifinin qəti əleyhinə olduğunu bildirdi:
“Biz gəlin özümüzü ucuzlaşdırmayaq. Azərbaycan əsgəri düşməni öz ərazisindən pulun gücünə çıxararsa, mən şəxsən xəcalət çəkərəm. Bu, çox yerində olmayan bir təklifdir. Belə çıxır ki, biz ərazimizi pulun hesabına qoruyuruq? Erməni əsgəri işğalçıdır və onun iki yolu var. Ya öz torpağına çıxıb getməlidir, ya da biz onu cəhənnəmə vasil edib öz yerlərinə göndərəcəyik. Bu cür zərərli düşüncələri gündəmə gətirmək lazım deyil. Neçə illərdir ki, mətbuatda və real həyatda bu cür şeyə rast gəlməmişəm. Bu bizim xeyrimizə olmayan bir işdir
teref.az