“Bəzi qəzetlərimiz Rusiyanın ruporuna çevrilib” - Rauf Mirqədirov
12-04-2016, 17:04
“Xarakterim belədir ki, hətta ən ağır cinayətkarın belə vətənpərvərlik hissinin olduğuna inanıram”.
Bu sözləri Bakı Apelyasiya Məhkəməsinin 17 mart qərarı ilə azadlığa çıxan jurnalist Rauf Mirqədirov hafta.az-ın suallarını cavablandırarkən söyləyib. Jurnalistin müsahibəsini oxucularımıza təqdim edirik.
- Gəlin əvvəlcə həbsiniz barədə danışaq. Hansı şəraitdə həbs olundunuz?
- Mənə qarşı qanunsuzluqlar Türkiyədə başlandı. Avtobusda gedən zaman əlisilahlı polislər məni saxladılar. Saxalanılan zaman qardaş ölkədə məhkəməyə müraciət etmək istəsəm də, buna imkan vermədilər. Məni təyyarəyə mindirib, Bakıya göndərdilər. Burada isə MTN əməkdaşları tərəfindən həbs olundum.
- Milli Təhlükəsizlik Nazirliyi ləğv olundu, qurumun bir sıra iri ranqlı şəxsləri həbs olundu. Bunu gözəyirdinizmi?
- Bildiyim qədər 20-yə yaxın MTN əməkdaşı həbs olunub. Saxlanılanlar içərisində mənim işimi aparan şəxslər də var. Məni dövlətə xəyanətdə ittiham etmişdilər. Bu absurd ittihamı mənə qarşı qoyanlar həbs olunsa da, mən buna görə sevinmirəm. Çünki onların da ailəsi var. Ailə məhbusdan daha çox əziyyət çəkir.
- Həbs olunan eks-MTN-çilərlə bağlı mülahizələriniz maraqlıdır. İttiham olunduqları maddələri yetərli hesab edirsinizmi? Yoxsa belə düşünürsüz ki, bu şəbəkənin daha böyük cinayətləri var?
- Hadisələri mətbuat vasitəsi ilə izləyirəm. İttihamların hansının həqiqət, hansının yalan olması barədə mən heç bir söz deyə bilmərəm. Çünki nə cinayət işi ilə tanış deyiləm, nə də mətbuatda gedən hər bir yazıya inanmıram. Amma baş verənlər çox ciddi məsələdir. Milli təhlükəsizlik naziri işdən çıxarılır, bununla yanaşı, qurumun aparıcı vəzifəyə sahib şəxsləri həbs olunursa, bu sıradan bir iş deyil.
- Necə hesab edirsiz, sizin həbsiniz MTN-dəki cinayətkar şəbəkənin dövləti sabotaj etməsi, Azərbaycanın Qərb dairələrindən daha çox təzyiqə və sanksiyaya məruz qalması üçün atılan addım ola bilərdimi?
- Mən belə şeylərə əslində, inanmaq istəmirəm. Əgər onlar məni həbs edərək buna nail olmaq istəyiblərsə, bu, çox təəssüf doğuran haldır. Bu, sırf dövlətçiliklə bağlı amildir. Xarakterim belədir ki, hətta ən ağır cinayətkarın belə vətənpərvərlik hissinin olduğuna inanıram. Onlar belə addım atıblarsa, bu birbaşa ölkəmizin maraqlarına ziyan vurulması anlamına gəlir.
- Həbsinizdən əvvəl və hazırkı Azərbaycan mətbuatı sizdə necə təəssürat yaradır?
- Həmkarlarımın fəaliyyətinə qiymət vermək istəməzdim. Heç bir ay deyil azadlıqdayam. Mətbuatın durumunu tam olaraq görmək üçün daha çox vaxt lazımdır. Amma neqativ tərəfləri görməmək mümkün deyil. Plüralizm azalıb. Mətbuatımızda Qərbə və Rusiyaya qarşı yanaşmada balans şimal qonşumuzun xeyrinə pozulub. Müşahidə etdiyim əsas şeylərdən biri də budur. Azərbaycanda bir sıra qəzetlər artıq Rusiyanın ruporuna çevrilib. Onlar birmənalı olaraq Rusiyanın maraqlarından çıxış edir, şimal qonşumuzu təbliğ edirlər. Cəmiyyətdə belə bir təəssürat yaratmaq istəyirlər ki, guya bizim əsas dostumuz və müttəfiqimiz Rusiyadır.
- Gələcək planlarınız necədir? Jurnalist fəaliyyətinə davam edəcəksinizmi?
- Hazırda istirahət edirəm. Mən jurnalistəm. Öz sahəmə uyğun olaraq işimi davam etdirməyi planlaşdırıram. Bir sıra media orqanlarından əməkdaşlıq barədə təkliflər almışam. Elçin Şıxlı ilə də birgə bəzi layihələr həyata keçirməyi planlaşdırırıq.