Malıbəyli və Quşçuların işğalı ilk dəfə - Video
16-04-2016, 12:39
Malıbəyli və Quşçuların işğalı edilməsini xarici müəlliflər, insan hüquqları və erməni müəlliflərinə istinadən qısa bir şəkildə araşdırmağa çalışdıq. Araşdırma materialları polkovnik Azay Kərimovun verdiyi məlumatlarla birbaşa üst-üstə düşməklə yanaşı, onun düşmən tərəfindən təkzib edilə bilinməməməsi ilə sıx bağlıdır.
Robert Goldman özünün “Bloodshed in the Caucasus: escalation of the armed conflict in Nagorno Garabagh” adlı əsərində bildirir ki, Malıbəylini tərk edən mülki qüvvələrlə özünümüdafiə birlikləri qarışıq şəkildə hərəkət edirdi. O, kəndlərin ümumi əhalisinin cəmini təxminən 4000 nəfər şəkildə göstərməklə yanaşı, onların idarəsinin birgə olmasını doğru olaraq qeyd edir. Robert Goldman 4000 nəfər göstəricini üç kəndin əhalisinə görə doğru olaraq qeyd etsə də, Malıbəyliyə qədər Meşəli, Kərkicahan kimi ərazilərin işğal edilməsi bu rəqəmin 4000-dən çox olmasını göstərirdi. Bununla yanaşı, 1988-ci ildə Xocalı kimi, Quşçular və Malıbəyli də Ermənistandan (Qərbi Azərbaycan- Q.Ş) gələn 580-1500 arası azərbaycanlı qaçqınları qəbul etmişdi.
Kəndin 1991-ci ilin otyabrından mühasirəyə düşməsini Robert Goldman, Svante Kornell və Tomas de Val öz əsərlərində təstiq edirlər. “Ekpress Xronika” qəzetinin verdiyi məlumata görə, vertolyotlar fevralın 5-də əhalinin kəndi tərk etməsi üçün vərəqələr paylamışdı. “Human Rights Watch”a görə, kəndlərdə 17-i polis olmaq üzrə, təxminən 80 nəfərlik birgə özünümüdafiə dəstəsi vardı. Məlumat üçün bildirim ki, “Human Rights Watch” 17 nəfər heyəti qeydiyyat üzrə hesablamışdı. Əslində isə kənddə 9 nəfər polis işçisi qalmışdı. Məlumatlar görə fevral ayı üçün kəndlərdə demək olar ki, silah yox idi. 5 və ya 6 avtomat isə Xocalı və Ağdam istiqamətində müxtəlif şəxslər vasitəsilə gətirilmişdi. Robert Goldman 1991-ci ilin oktyabr ayından etibarən kənd sakinlərinin blokada vəziyyətinə salınmasını təstiqləməklə yanaşı təstiq edir ki, əhalini yalnız vertolyotlarla köçürmək mümkün idi.28 yanvarda Şuşa üzərində vurulan mülki vertolyot həm Şuşa, həm Xocalı, həm də Malıbəyli üçün sonuncu vertolyot oldu.
Müəlliflərin verdiyi məlumata görə, fevralın 10-da gecə yarısı, 366-cı alayın köməyilə ermənilər Malıbəyli kəndinə hücum etdi. Qadınlar və uşaqlar Malıbəylidən Quşçulara köçürüldü. (Müsahibədə Azay Kərimov qadınlar, uşaqlar və qocaların Quşçular istiqamətində kahaya aparılmasını bildirir). Kəndin müdafiəçiləri Azay Kərimovun başçılığı altında saat 12-ə qədər mübarizə aparmışdı. Şuşa və Xocalıya bütün yollar bağlanmışdı. Ağdama yaxın Abdal Gülablı kəndinə gedən yol isə erməni kəndləri daxilindən keçirdi.
Çarles van der Leeuw “Azerbaijan: A quest for identity” və Monte Melikonyanın qardaşı- Markar Melkonyanın yazdığı “My brother's road” adlı kitablarda Malıbəyli və Quşçulara hücum edən ermənilərin əksəriyyətinin Suriya, Livan, Amerika Birləşmiş Ştatları və Fransadan gəldikləri bildirilir. “The Deseret News” 5 mart 2012-ci il buraxılışında kəndin azərbaycanlılardan təmizlənərək yandırılmasını bildirmişdi. Məlumatlara görə, 13-50 arası şəxs öldürülmüş 15 nəfər əsir düşmüş, yaralananların bir neçəsi Ağdam xəstəxanasında şəhid olmuşdu. Azay Kərimovun bildirdiyinə görə, “...kəndi yalnız qoca bir kişi anasının yataq xəstəsi olması səbəbiylə tərk etmədi. Qadının təxminən 90-dan artıq yaşı vardı və hər ikisini kəndin işğalından sonra tutan ermənilər məktəbin həyətində üstlərinə benzin tökərək xüsusi vəhşiliklə yandırmışdılar.”
Böyük bir izdihamla dağları və meşələri keçərək əhali Ağdama çata bilmişdi. Ermənilərin Malıbəyli və Quşçuların işğal etməsi bölgədə Avropa sülhmərəamlı misiyası (ATƏT) aparılan zamanı baş vermişdi. Mixael Kroissant “The Armenia-Azerbaijan conflict: causes and implications” və Robert Goldman “Bloodshed in the Caucasus: escalation of the armed conflict in Nagorno Garabagh” adlı kitablarında ermənilərin Malıbəyliyə əsas hücum səbəbini gələcəkdə qurudan Xankəndinə aparılacaq genişmiqyaslı əməliyyat təhlükəsinin aradan qaldırılması üçün edildiyini bildirirlər. Cohannes Rau “Der Nagorno-Garabach-Konflikt” və Pellat Katlen “Nagorno-Garabagh, Abkhazia and Chechnya: Violence and autonomy in Eurasia's secessionist conflicts” adlı kitablarında isə Malıbəyli və Quşçuların işğalının Qaradağlı, Ağdaban və Xocalı kimi soyqırımlarının başlanğıc səbəbi kimi qeyd edirlər.
Şəhid və itgin düşmüş şəxslərdən yalnız aşağıdakıların adlarını əldə edə bildik. Yaralıların sayı isə 40 nəfərdən çox idi.
Mədətov Cəsarət Bayram oğlu- polis əməkdaşı;
Bayramov Süleyman Firudin oğlu- polis əməkdaşı;
Kərimov Haqverdi Tapdıq oğlu- kənd müdafiə dəstəsinin üzvü;
Alxanov Nazim Qulam oğlu- kənd müdafiə dəstəsinin üzvü;
Abdullayev Rafiq İsmayıl oğlu- kənd müdafiə dəstəsinin üzvü;
Fərhadov Elşən Barat oğlu- kənd müdafiə dəstəsinin üzvü;
Mehdiyev Ədalət Əqamə oğlu- kənd müdafiə dəstəsinin üzvü;
Mədətov Cavid Adil oğlu- kənd müdafiə dəstəsinin üzvü;
Quliyev Akif Çərkəz oğlu- kənd müdafiə dəstəsinin üzvü;
Cəfərov Fizzə Cümşüd qızı- evdar qadın
Mədətova Yeganə Dadaş qızı- itgin düşmüşdür;
Hümbətov İnqilab Niftalı oğlu- itgin düşmüşdür;
Hümbətova Şamaxı Ağa qızı- itgin düşmüşdür;
Qeyd: Təbii ki, araşdırmanı azərbaycanlılarla yanaşı erməni oxucular da oxuyur. Onlar anlamalıdır ki, bu faktları biz azərbaycanlılar deyil xarici jurnalistlər, ekspertlər, yazıçılar və ən nəhayət öz mənbələri belə təstiq edir. Aşağda Malıbəyli və Quşçuların işğaldan sonra yandırılması ilk dəfə olaraq təqdim edilir. Yəqin ki, ermənilər öz çəkdikləri video kadrlardan imtina edə bilməyəcəklər. /modern.az/
[media=https://www.youtube.com/watch?v=o2uugaHGyQE]