Qarabağ ermənilərinin belə hüququ yoxdur - Rafael Cəbrayılov yazır
18-04-2016, 21:05
Millətlərin öz müqəddəratını təyin etmə hüququ beynəlxalq hüququn mühüm nailiyyətlərindəndir. Bu hüquq hər bir millətə suveren dövlətini yaratmağa qədər öz müqəddəratını təyin etmək sahəsində geniş imkanlar yaradır. Millətlərin öz müqəddəratını təyin etmə hüququnun subyekti qismində hər hansı bir millət tam şəkildə çıxış edir. Millətin ayrı-ayrı hissələri bu hüququn subyekti deyil. Belə olsaydı bir millətin müxtəlif dövlətlərin ərazisində sıx məskunlaşmış hissələri əsassız olaraq bu hüquqdan istifadə etmək iddiası ilə çıxış edib “milli dövlətlər” yaradardı ki, bu da separatçı fəaliyyət olmaqla yanaşı “milli dövlətciklər” yaradılması özfəaliyyətinin geniş vüsət almasına səbəb olardı. Baxmayaraq ki, Azərbaycanın Dağlıq Qarabağ hissəsində yaşayan, habelə Gürcüstan və Rusiyada sıx məskunlaşmış ermənilər müxtəlif vaxtlarda dəfələrlə bu iddiallarla çıxış etmişdilər. Elə buna görə də hətta ABŞ-ın Kaliforniya ştatında sıx məskunlaşmış ermənilər nə vaxtsa orada “erməni dövləti” yaratmaq iddiası ilə çıxış etsələr heç də təəccüblənmərəm. Millətlərin öz müqəddəratını təyin etmək hüququndan istifadə edən erməni milləti Ermənistan adlı milli dövlətini yaradıb. (Tarixi Azərbaycan torpaqlarında xalqımızın iradısi əleyhinə belə bir dövlətin yaradılması başqa söhbətin mövzusudur. )
Hər bir hüquq kimi millətlərin öz müqəddəratını təyin etmək hüququ da mütləq xarakter daşımır. Əgər belə olsaydı, bu hüququn mütləqləşdirilməsi digər millətlərin analoji hüquqlarının pozulması hesabına edilər və sonda separatçı fəaliyyətə rəvac vermiş olardı. Millətlərin öz müqəddəratını təyin etmək hüququnun separatçı fəaliyyətlə realizə edilməsi yolverilməzdir. Bu hüququn realizə edilməsi adı ilə bütün qəbildən olan separatçı fəaliyyətlərin qarşısı alınmalıdır. Əks tədqirdə bu dünyadakı sabitliyə ciddi təhlükə yaradacaq, millətlər arasındakı münasibətləri kəskinləşdirəcək təhlükəli bir presedentə çevrilər. Elə bu baxımdan belə bir mübarizənin aparılması dünya birliyinin də mənafelərinə uyğundur. Amma göründüyü kimi, Ermənistan belə bir presedenti yaratmağa cəhd edir.Elə buna görə də Dağlıq Qarabağda yaşayan ermənilərin belə bir hüququ yoxdur və onların indiyədək etdikləri Ermənistan tərəfindən dəstəklənən separatçı fəaliyyətdir. Bu separatçı fəaliyyət artıq 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən işğalı və torpaqların “de-fakto” Azərbaycanın yurisdiksiyasından çıxarılması ilə nəticələnib.
Torpaqlarının faktiki işğalı ilə nəticələnən bu separatçı fəaliyyətlə mübarizə Beynəlxalq təşkilatlarla yanaşı, eyni zamanda Azərbaycan Respublikasının da ayrılmaz hüququdur. Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasına Ermənistanın saymazyana münasibəti, habelə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycan Respublikasını öz torpaqlarını hərbi yolla işğaldan azad etmək hüququndan istifadə etmək zərurəti qarşısında qoyur. Fövqəl dövlətlərin geosiyasi maraqlarının toqquşduğu həssas bir coğrafi ərazidə yerləşən Azərbaycan Respublikasının bu hüququndan istifadə etməsinin özü də balanslaşdırılmış xarici siyasətin tərkib hissəsidir ki, bu siyasət də uzun illərdir ki, uğurla davam etdirilir.
Cəbhə xəttindəki son hadisələr göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarının 20 ildən artıq işğal altında qalmasına daha dözmək fikrində deyil və bu mübarizədə Azərbaycan Respublikası bütün imkanlardan istifadə edəcək.