Unibankın kredit fırıldağı
3-05-2016, 01:23
Milli valyutanın son devalvasiyasından sonra bankların kredit portfelinin daha çox dollara çevrilməsi ümumilikdə kreditləşmə prosesini sıfıra yaxınlaşdırdı. Çünki manatın gələcək taleyinə şübhə ilə yanaşan banklar bütün kreditlərini, hətta kiçik həcmli istehlak kreditlərini də dollar ilə təklif etdi, müştəri isə bunu qəbul etmədi. Nəticədə milli valyutaya inam azalmaqda davam etdi.
Maliyyə Bazarlarına Nəzarət Palatası banklara 1 ay müddətinə istehlak kreditlərinin xarici valyuta ilə verilməsinə qadağa qoymasından və kreditin yalnız manatla verilməsini qərara almasından sonra isə banklar ümumiyyətlə istehlak krediti verilməsini tamamilə dayandırdırıblar. Ancaq bu müddət ərzində bir neçə bank müştərilərinə manatla kredit verməkdə davam edib. Bu barədə onların reklam yayımlarında, saytlarında, sosial şəbəkələrdəki səhifələrində məlumat verilib. Lakin araşdırmalar nəticəsində məlum olur ki, əslində bu bankların “manatla kredit” təklifi əsasən özünü reklama hesablanıb. Belə ki, həm vətəndaşların diqqətini özünə cəlb etmək, həm də manatın nüfuzunu qorumağa çalışan dövlət qurumlarına “xoş” getsin deyə, özlərini çəfakeş bank kimi təqdim etməyə çalışıblar.
Belə banklardan biri də özünü “hər kəsin bankı” hesab edən “Unibank”dır. Digər banklar kimi, “Unibank” da əslində manatla kredit verməkdə maraqlı deyil. Lakin “gözdən pərdə asmaq” üçün formal olaraq müştərilərin müraciətlərinə də baxılır. Təklif olunan kredit isə maksimum 1000 AZN təşkil edir. Lakin bankın “yeni kredit siyasəti”ndəki şərtlər “kredit vermirəm” deməyə bərabərdir. Belə ki, 1000 manat kredit almaq üçün müştərinin rəsmi gəliri ən azı 600-700 manat barəbər olmalıdır. Halbuki manatın “bərkgedən” vaxtlarında bu bank 300 manat əməkhaqqı alanlara 1500 manata, 200 manat əməkhaqqı alanlara 1000 manat, hətta rsəmi iş yeri olmayanlara 500 manata qədər kredit verirdi. Çünki bankın kredit mütəxəssisləri yaxşı başa düşürdülər ki, əksər hallarda müştərinin real maaşı rəsmi əməkhaqqı məbləğindən çox olur. Yəni, düzgün davranaraq, müştərinin maliyyə vəziyyətinə real yanaşırdılar.
Lakin hazırda manatla kredit verməkdə maraqlı olmayan və “manatla kredit”i yalnız formal olaraq elan etməklə özünüreklamla məşğul olan “Unibank” müştərilərin ödəmə qabiliyyətinə “rəsmi yanaşma” bahənəsi siyasəti yürüdür. Hətta müsbət kredit tarixçəsi olan təkrar müştərilərinə belə.
Bu günlərdə bankın müştərisi olan vətəndaşlardan birinin başına gələnlər bunları deməyə əsas verir. Belə ki, 2 il əvvəl 300 manat rəsmi əməkhaqqı ilə bankdan 1500 manat kredit alan və ödəmə prosesində heç bir keçikməyə yol verməyən müştərinin bu gun eyni əmək haqqı ilə bankdan 1000 manat kredit alması mümkün olmur. Maraqlı olan məqam isə bundan ibarətdir ki, bu prosesdə bankın filialları demək olar ki, tam səlahiyyətsiz vəziyyətdədirlər. Çünki müştəri filiala müraciət edib, onun bankla əvvəlki kredit tarixçəsinə baxılıb, heç bir nöqsan olmadığından, müştəridən tələb olunur ki, 3 manat pul ödəsin ki, Mərkəzi Kredit Reyestrindən müştərinin ümumi kredit tarixçəsi haqqında məlumat və Sisial Müdafiə Fondundan əmək haqqı ilə bağlı elektron məlumat əldə edilsin. Həmin məlumatlar əldə edildikdən sonra müştəri ilə müqavilə bağlanılıb, hətta kredit kartı təqdim edilib. Lakin 2 saatdan sonra bankın baş ofisindən müştəriyə zəng edən müvafiq departamentin Samir Orucov adlı mütəxəssisi bildirib ki, sizin əmək haqqınızın məbləği sizə kredit verməyə imkan vermir.
“Necə olur ki, 2 il əvvəl 300 manat əməkhaqqı ilə 1500 manat kredit verildiyi halda, kredit öhdəliyini dəqiq yerinə yetirən müştəriyə bu gun eyni əmək haqqı ilə 1000 manat kredit verilməsi mümkün deyil sualına” cavab belə olur ki, bankın kredit siyasəti dəyişib. Sadəcə manatla kredit verməyə maraqlı olmayan bankın bahənəsi olan bu “yeni siyasət”in mahiyyəti əslində məlumdur.
“Bankın yeni siyasətindən və şərtlərindən filialların niyə xəbəri yoxdur və ya varsa niyə görə bizim 1 saatdan çox vaxtımızı alıb müqavilə bağlanırdı və niyə görə bizi 3 manat zərərə salırdız?” sualına isə konkret cavab verə bilməyən bank mütəxəssisi Samir Orucov məntiqsiz və şablon sözlərlə öz qərarına barəat qazandırmaq istəyib.
Cavab isə sadəcə bundan ibarətdir ki, filiallara müraciət edən müştərilərdə bank manatla kredit verir fikrini formalaşdırmaq üçün ilkin olaraq imtina edilmir. Bankdakı kredit tarixçəsi araşdırılır, bir noqsan-bəhanə aşkar edilmədikdə müştərinin öz hesabına (yuxarıda qeyd edilən 3 manat) ümumi kredit tarixçəsi və əmək haqqı barədə məlumatlar əldə edilir. Burada da bir noqsan-bəhanə olmadıqda sənədlər baş ofisə göndərilir. Baş ofisdəki “peşəkar” mütəxəssislər filialın kredit mütəxəssisinin və hətta müdirinin aşkar edə bilmədiyi noqsan tapir- əmək haqqı azlığı. Halbuki əmək haqqı ilə bağlı məlumat artıq filialda məlum idi və bu bankın “yeni siyasəti”nin “şərtləri”nə uyğun deyildisə, niyə yerində müştəriyə bildirilmir. Çünki bu sadəcə bir bəhanədir.
Hər kəsin bankı olmaq üçün hər kəsə kredit vermək vacib deyil, hər kəsə hörmətlə yanaşmaq lazımdır.(Modern.az)