“AGBank”ın 88 milyon manatı “batıb”

4-05-2016, 10:03           

Xarici tərəfdaşların imtinası ilə bağlı yayılan məlumata bankdan reaksiya

2016-cı ilin I rübündə “AGBank” ASC-nin problemli kreditlərinin həcmi 88,058 mln. manat təşkil edib. Bu, Bankın 366 milyon manatlıq kredit portfelinin 24 faizdir.


Bankın problemli kreditlərinin 62,6 faizi və ya 55,161 mln. manatı Bakı şəhərinin payına düşür.

Problemli kreditlərin həcminə görə ikinci yeri Sumqayıt şəhəri tutur. Belə ki, bankın problemli kreditlərinin 15,24 faizi və ya 13,423 mln. manatı məhz “Gənclər şəhəri”nin payına düşür.

Üçüncü yerdə Ağdaş qərarlaşıb. Ağdaşda 4,615 mln. manatlıq kreditin qaytarılmasında gecikmələr var. Ağdaşda vaxtı keçmiş kreditlərin bankın problemli kreditlərdə xüsusi çəkisi 5,24 faizə bərabərdir.

Yevlaxda problemli kreditlərin həcmi 4,1 mln. manat, Gəncədə 3,903 mln. manat, Göyçayda 1,126 mln. manat, Şamaxıda 927 min manat, Salyanda 887 min manat, Qubada 627 min manat, Bərdədə 529 min manat, Masallıda 281 min manat, Ağsuda 231 min manatdır.

Bir neçə gün əvvəl mətbuatda xarici tərəfdaşlarının “AGBank”dan imtina etməsi barədə məlumat yayılmışdı. Bu məlumatı “Azadlıq” qəzeti də dərc etmişdi. Bankın mətbuat xidməti yayılan məlumatla bağlı redaksiyamıza rəsmi mövqe göndərib. Bankın mövqeyini təqdim edirik: “Ilk növbədə bildirmək istərdik ki, heç bir xarici investor bankı tərk etməyib. Əksinə, bankımıza yeni xarici partnyor gəlib. ”AGBank”ın nizamnamə kapitalının 77,2 milyon manat artırılaraq 102,2 milyon manata çatdırılmasından sonra təbii ki, bankın səhmdarlarının pay bölgüsü dəyişib. Artırmada əsasən Çingiz Əsədullayev iştirak etdiyi üçün digər səhmdarların payı avtomatik azalıb.ÿ

Hazırda “AGBank”ın əsas səhmdarı – bankın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev kredit təşkilatındakı payını 23,27 faizdən 31,68 faizə çatdırdığından Beynəlxalq Maliyyə Korporasiyanın bankdakı payı 17,5 faizdən 4,28 faizə, “Kazimir Partners” şirkətinin payı 10 faizdən 2,45 faizə, Fərzulla Yusufovun payı 17,76 faizdən 5,79 faizə qədər azaldılıb.

“AGBank”da yeni səhmdar da var. Bu, Marçenko Qriqoriydir. O, bankın səhmlərinin 8,3%-nə sahib olub. Digər 80 səhmdar isə “AGBank”da 47,5% paya malikdir. Daha bir dəyişiklik isə bankın səhmdarlarının sayının 64-dən 85-ə çatmasıdır.

Bütün bu göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilənləri AGBank-ın mövqeyi olaraq qəbul edib, onu olduğu kimi qəzetinizin 04.05.2016-cı il sayında dərc etməyinizi və gələcəkdə AGBank-ın adı hallanan və onun nüfuzuna toxunan yazılar dərc olunmamışdan əvvəl mövqeyimizi öyrənməyi xahiş edirik”.azadliuq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.