Ərəb şeyxləri Azərbaycana niyə investisiya yatırmadı?
6-05-2016, 09:59
Ekspert: “Vəsait ərəblərin olsa da, ona Qərb şirkətləri nəzarət edir”
Neftin qiymətinin ucuzlaşmasından sonra Azərbaycan cəmiyyətində belə bir rəy var idi ki, ərəb investisiyası ölkə iqtisadiyyatını xilas edə bilər. Hətta hakimiyyət ərəb investorlarını Azərbaycana cəlb etmək istiqamətində bir çox addımlar da atdı. Ölkə başçıları, yüksək vəzifəli şəxslər səviyyəsində ərəb ölkələrinə qarşılıqlı səfərlər təşkil olundu. Ancaq bunun əksinə olaraq, ərəb pulları Azərbaycana gəlmədi.
Hazırda Bakıda ərəb iş adamlarını görmək mümkün deyil. Ölkəyə külli miqdarda ərəb investisiyalarının qoyulması ilə bağlı xəbərlərə də rast gəlmədik. Bəs görəsən, ərəblər Azərbaycana niyə gəlmədi?
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ərəb investisiya fondlarınn böyük əksəriyyətinin idarəçiliyi ABŞ və Britaniya fondlarının əlində olur: “Yəni vəsait ərəblərin olsa da, ona Qərb şirkətləri nəzarət edir. Onlar isə Azərbaycanın reytinqlərdəki yerinə, məhkəmə hakimiyyətinin fəaliyyətini, mülkiyyət toxunulmazlığının pozulması ilə bağlı minlərlə məhkəmə işinin Avropa Məhkəməsində olmasını nəzərə alaraq, ərəb biznesmenlərinin Azərbaycana investisiya qoymasına imkan vermirlər. Bu məlumatların hamısı Azərbaycanın imicinə böyük zərbə vurur. Ərəb investisiya fondlarını idarə edənlər bu amilləri çox ciddi şəkildə nəzərə alırlar”.
Bu sahədə Türkiyə təcrübəsinə toxunan iqtisadçı qardaş ölkənin daha çox turizm və daşınmaz əmlak sahəsi ilə dünya investorlarını cəlb etdiyini diqqətə çatdırdı: “Məsələn, Türkiyə ərəb investisiyaları üçün cəlbedicilik yaratdı. Bundan sonra ərəb investisiyaları İstanbula və Türkiyənin başqa şəhərlərinə axmağa başladı. Azərbaycanda isə təəssüf ki, belə cəlbedicilik yoxdur. Burada investorların normal şəkildə çalışması üçün çox iş görmək lazımdır. Son dövrlərdə Azərbaycanın beynəlxalq reytinqi həm Moody’s, həm Fitch, həm də SMP tərəfindən çox aşağı qiymətləndirilib. İnvestorlar da bu amilləri nəzərə alırlar. Azərbaycan isə çalışmalıdır ki, onun investisiya cəlbediciliyi qonşu ölkələrdən daha cəlbedici olsun. Bunun da ilk addımlarından biri məhkəmə islahatlarıdır. Dünyanın bütün inkişaf etmiş ölkələri islahatlara bununla başlayıblar. Məhkəmə islahatları olmadan, mülkiyyət toxunulmazlığı təmin edilmədən xarici investorları Azərbaycana cəlb etmək mümkün deyil”.
Milli Məclisin deputatı Vahid Əhmədov isə dedi ki, devalvasiyadan sonra Azərbaycan hökumətinin, xüsusən də İqtisadiyyat Nazirliyinin apardığı xüsusi tədbirlər nəticəsində ölkəmizə investisiya cəlb edilməsi üçün Türkiyədən, İrandan müəyyən qədər təkliflər gəlib: “Ancaq ərəb dövlətləri ilə əlaqədar konkret məlumatım yoxdur. Düzdür, onlar turist kimi gəlib-gediblər. Ancaq rəsmi olaraq kredit verilməsi ilə bağlı hər hansı razılaşmalar müzakirə olunmayıb. Yəni Azərbaycanda hələ ki kreditlərə elə də böyük ehtiyac yoxdur. İnvestisiyanın qoyulmasına gəlincə, xarici investor qarşısında müəyyən şərtlər qoyulur ki, gərək onlara əməl etsinlər. Məndə olan məlumata görə, tikinti sahəsinə ərəb investisiyasının cəlb edilməsi ilə bağlı məsələ müzakirə olunurdu. Ancaq bildiyimə görə, hələ də o istiqamətdə danışıqlar gedir. Çünki tikinti ilə bağlı bəzi bölgələrdə, mikrorayonlarda köhnə binaları söküb yerində yenilərini tikməklə bağlı ərəb investorları ilə müzakirələr gedir. Ancaq hələ ki konkret bir qərar yoxdur”.