Həbsdə olan sabiq MTN şefi kimi dinləyirmiş?

4-06-2016, 10:30           
Həbsdə olan sabiq MTN şefi kimi dinləyirmiş?
Xəbər verildiyi kimi, Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərova yeni ittiham irəli sürülüb. İndi sabiq nazir dövlət əmlakını mənimsəmə, qulluq mövqeyindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma ilə yanaşı telefon danışıqlarını qanunsuz dinləməyə görə (302.2 - əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsi) ilə də ittiham olunur.

Bu xəbərdən bəzi suallar yaranıb. Sabiq MTN-çilərin qanunsuz dinləmədə ittiham olunmalarını oxuyanlar “bunların işi dinləmək olub” şəklində reaksiya verirlər.

Belə iddialar da var ki, o, sıravi vətəndaşlarla yanaşı, Naxçıvan rəhbəriyinin də danışıqlarına qulaq asırmış...

Əslində necədir? Xüsusi xidmət orqanı əməkdaşlarının istədikləri şəxsi dinləmələrinə qanunla icazə verilirdimi? Ümumiyyətlə, dinləmə haqda qanunda nə deyilir? Dinləmə üçün icazəni vermək səlahiyyəti kimə məxsusdur?

“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Müzəffər Baxış deyir ki, telefon danışıqlarını dinləmə “Əməliyyat-axtarış haqda qanun”la tənzimlənən hərəkətlərdir. Həm də istintaq hərəkəti kimi həyata keçirilə bilər: “Əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsinin dispozisiyası belədir:

- 302.1. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda

- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- 302.2. Eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə-

- min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Prosessual Məcələsinin(CPM) tələbinə əsasən hər hansı bir şəxsin telefonlarını dinləmək üçün məhkəmənin qərarı olmalıdır. Məhkəmə qərarı olmadan şəxsin telefon danışıqlarının dinlənilməsi yasaqdır. Çox təəssüf ki, Azərbaycanda digər qanunlar kimi dinləmə haqda qanun da çox kobud şəkildə pozulur, tapdanır. Vəzifələrindən sui-istifadə edib kimi istəyirlərsə dinləyirlər".

M.Baxış deyir ki, heç bir halda, heç bir şəxsin telefon danışıqlarına məhkəmə qərarı olmadan qulaq asılmasına yol verilmir: “Qanun birmənalı şəkildə belə addımları yasaqlayır. Əgər təxirəsalınmaz hal varsa, müstəntiq, əməliyyatçı düşünür ki, təcili şəkildə bu və ya digər şəxsin telefon danışıqları dinlənilməlidir, bu halda qanun yol verir ki, dinləmə məhkəmə qərarı olmadan həyata keçirilsin. Lakin 48 saat müddətində məhkəmə qərarı olmadan həyata keçirilən telefon danışığının dinlənilməsi barədə əsaslandırılmış şəkildə ibtidai araşdırmaya rəhbərlik edən prokurora və məhkəməyə məlumat verməlidirlər. Çox təəssüf ki, bunu çox vaxt etmirlər və qanunsuz olaraq telefon danışıqlarını dinləyirlər. ”Əməliyyat-axtarış fəaliyyəti haqda qanun"u pozmaqla yanaşı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə vətəndaşları dinləyirlər.

Telefon danışığının dinlənilməsi şəxs barəsində cinayət işi başlanılırsa istintaq hərəkəti kimi həyata keçirilir. “Əməliyyat-axtarış fəaliyyəti haqda qanun”a görə isə şəxs barəsində kifayət qədər əsaslar mövcuddursa, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən subyektin səlahiyyətli nümayəndəsi vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurara müraciət etməli, prokuror təqdimatla məhkəməyə üz tutmalı və şəxs barəsində cinayət işi olmadığı təqdirdə məhkəmə qərarı ilə dinləmə baş tuta bilər. Başqa hallarda isə şəxs barəsində cinayət işi başlanandan sonra onu dinləyə bilərlər. Yəni bu halda da şəxsin cinayət törətməsi barəsində kifayət qədər əsaslar olmalıdır".

M.Baxış bildirib ki, telefon danışıqlarının qanunsuz yolla dinlənilməsi və digər qanunsuzluqların qarşısının alınması qanunların işlək duruma gətirilməsindən keçir.(musavat.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.