Ombudsman əməkdaşları "erməni diversantları" qəbul edib
18-03-2023, 00:04

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri Bakı İstintaq Təcridxanasına xəbərsiz baş çəkib.
Toplum Tv xəbər verir ki, bu barədə martın 17-də qurumdan məlumat verilib.
Bildirilir ki, MPQ-nın üzvləri həmin müəssisədə saxlanılan erməni hərbçilərlə də görüşüb.
Onların 44 günlük müharibədən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində terror-diversiya qrupları şəklində cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşları olduğu qeyd edilib.
Məlumata görə, Ombudsman əməkdaşları sözügedən şəxsləri fərdi qaydada qəbul edib, müraciətlərini dinləyib. Həmin şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları da təqdim edilib.
"MPQ-nın ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində onların saxlanma şəraiti – kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb", - deyə məlumatda qeyd edilib.