Məişət zorakılığının qarşısının alınması: Qanunda hansı vacib dəyişikliklər var? 6 suala cavabda
17-04-2024, 15:34
Bazar ertəsi günü Prezident İlham Əliyev "Məişət zorakılığının qarşısının alınması ilə bağlı" qanuna dəyişikliyi təsdiqləyib.
Yeni qanunda məişət zorakılığına görə cəzalar “sərtləşdirilib”.
Qanuna dəyişikliklər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkənlərin hüquqlarının daha yaxşı qorunması üçün edilib, parlamentdə müzakirələr zamanı deputatlar bildirib.
Bəs, qanunun yeni variantı nələri əhatə edir? BBC Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.
1. “Məişət zorakılığının qarşısının alınması haqqında” yenilənmiş qanun indi kimlərə şamil olunur?
Əvvəlki variantda "yaxın qohum" ifadəsində "yaxın" sözünü çıxarmaqla qanunun təsir dairəsi genişləndirilib.
Beləliklə, qanun qohum olan ailə üzvlərinə, nikah pozulduqdan sonra birgə və ya ayrı yaşayan keçmiş ər-arvada, qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə şamil olunur.
Qanun, eyni zamanda rəsmi nikah olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan qohumlara da şamil olunur.
Bu qanun qadınları, bütün digər ailə üzvlərini, o cümlədən uşaqları fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılıqdan müdafiə edir.
"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun Azərbaycanda 2010-cu ildə qəbul edilsə də, hüquqşünaslar indiyə qədər onun preventiv və post-hadisə mexanizmlərini lazımi səviyyədə tənzimləmədiyini bildirmişdilər.
2. Mühafizə orderinin verilməsində nələr dəyişib?
Hüquq müdafiəçiləri mühafizə orderi ilə bağlı tələbləri qanunun vacib müddəalarından biri sayırlar.
Yenilənmiş qanuna görə, qısamüddətli mühafizə orderinin verilməsinin aşağı həddi 60 günədək artırılıb. Əvvəlki variantda bu, 30 gün idi.
O cümlədən, qısamüddətli mühafizə orderinin verilməsi ilə bağlı müddəada göstərilən "məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda" cümləsindən "cinayət məsuliyyəti yaratmadıqda" ifadəsi çıxarılıb.
Məhz bu dəyişikliyi "çoxdan gözlənilən" adlandıran vəkil Şəhla Hümbətova vurğulayır ki, yeni redaksiyaya görə, indi icra hakimiyyəti orderi "hər bir halda" verməlidir.
"Əvvəlki redaksiyada, baxın, yazılmışdı “cinayət məsuliyyəti törətmədikdə”. İcra hakimiyyətindən qısamüddətli order istəyəndə bu sözdən yapışıb imtina edirdilər. Deyirdilər ki, polisə şikayət verilibsə, order verə bilmərik, hələ araşdırılsın, görək, cinayətdir, ya yox? Bu, dəhşətli bir şey idi, çünki 90 faiz hallarda mühafizə orderi tələbi ilə yanaşı, polisə də şikayət verilirdi, burdan cavab gələnə qədər isə qurban mühafizəsiz qalırdı".
Hazırkı dəyişiklikdən sonra, uzunmüddətli mühafizə orderinin də verilməsinin aşağı həddi 30 gündən 60 günədək artırılıb.
Uzunmüddətli mühafizə orderi bundan əvvəl 30 gündən 180 günədək verilə bilərdi.
İndən sonra isə bu müddət 60-180 günü əhatə edəcək.
Yenilənmiş qanuna görə, zərərçəkmişə qısamüddətli mühafizə orderini vermədiyi təqdirdə vəzifəli şəxsi pul cəzası gözləyir.
Mühafizə orderi məişət zorakılığının qarşısının alınması məqsədi ilə zorakılığa məruz qalmış şəxsin müraciəti əsasında onu mümkün təhlükələrdən qorumaq üçün verilir.
3. Məişət zorakılığından zərərçəkənlərə hüquqi yardım necə olacaq?
Yenilənmiş qanuna əsasən, cinsi istismarın və ya cinsi zorakılığın, eləcə də məişət zorakılığının qurbanı tələb etdikdə, o, məhkəməyə qədər və ya məhkəmə zamanı dövlət hesabına vəkillə təmin ediləcək.
Eyni zamanda, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna da uyğun dəyişiklik edilib.
Azərbaycan Vəkillər Kollegiyasından BBC-nin soğrusuna verilən cavabda deyilir ki, müvafiq qanunun tələblərinə əsasən, dövlət hesabına vəkillə təmin olunmaq istəyən şəxs məhkəmənin yerləşdiyi ərazi üzrə vəkil bürosuna müraciət etməlidir.
Bu müraciətdən sonra, məhkəmə vəkil bürosunun ərizəsi əsasında şəxsin dövlət hesabına vəkillə təmin olunmasına baxır.
Məhkəmə icraatı zamanı isə hakim şəxsin yazılı müraciəti əsasında ona vəkil təyin edir.
Məişət zorakılığı qurbanına pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan ödənişin məbləği məhkəmə məsrəflərinə daxil ediləcək.
4. Kimlərə pul cəriməsi və inzibati həbs tətbiq olunacaq?
İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, inzibati tənbeh almış şəxs barəsində qərar qüvvəyə mindiyi gündən bir il ərzində yenidən eyni xətanı törədərsə, beş yüz manatdan yeddi yüz manatadək cərimə olunacaq.
Eyni işin hallarına görə, xətanı ikinci dəfə törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla, ya altmış saatdan yüz saatadək ictimai işlərə cəlb olunacaq, ya da on beş günədək müddətə həbs ediləcək.
Vəkil Şəhla Hümbətova deyir ki, xəta üçüncü dəfə təkrarlanarsa, şəxsə iş üzrə "daha ağır cəza verilir".
Qanunda məişət zorakılığının müxtəlif formaları ilə bağlı cərimələr var və bu, əməlin xarakerinə görə 100-500 manat civarındadır.
Eyni zamanda, yenilənmiş qanuna görə, vəzifəli şəxs vaxtında məişət zorakılığını törətmiş şəxsə yazılı xəbərdarlıq etmədikdə və ya zərərçəkənə qısamüddətli mühafizə orderi vermədikdə onu 300-500 manat civarında cərimə gözləyir.
5. "Ailədə münasibətlərin bərpa olunmasına kömək" edilməyəcək?
Yenilənmiş qanuna görə, müvafiq dövlət qurumu ailədə münasibətlərin bərpa olunmasına köməklik göstərməyəcək.
Əvvəlki qanun müvafiq orqanın öhdəsinə qoymuşdu ki, məişət zorakılığı baş verdikdə tərəflərin münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək etsin.
Beləliklə, müfafiq dövlət qurumuna qanunla qoyulmuş bu öhdəlik artıq ləğv olunub.
6. Məişət zorakılığı "Təhsil haqqında qanun"da nəyi dəyişir?
Məişət zorakılığının qarşısının alınmasının və zorakılığa yol verilməməsinin təşviqi üçün təhsilin məzmununa əlavələr ediləcək.
Yəni, dərsdənkənar məşğələlər zamanı şagirdlərə qarşılıqlı hörmət və yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular tədris ediləcək.
Mövzuların tədrisi zamanı şagirdlərin yaş xüsusiyyətləri də nəzərə alınacaq.
BBC