AMAY Abdulla " Sizə tapşırılıb mənə iş verəsiz?"

26-05-2015, 11:05           
AMAY Abdulla " Sizə tapşırılıb mənə iş verəsiz?"
Osman Kazımov: “Bu iş Avropa Məhkəməsinə gedəcək, istəmirəm orada yazaq ki, bu pul ona görə götürülüb ki...”
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə A.M.A.Y. ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mayın 25-də baş tutan prosesdə “Texnikabank”dan və “Birlikbank”dan götürülən kreditlər üzrə şahidlər dindirildi. Şahid qismində ifadə verən Şücaət Məmmədov bildirdi ki, onun adına “Köhnə Qala” firması təsis olunub, təqsirləndirilən Elşən Novruzovun təklifi ilə “Texnikabank”dan kredit götürüb və götürülən məbləğ A.M.A.Y.-ın tikintisinə sərf olunub.

“Birlikbank”ın kredit şöbəsinin mütəxəssisi Dilarə Hüseynova təqsirləndirilən şəxsləri tanımadığını, onların adlarını eşitdiyini, bankda üç ay işlədiyini, verilmiş kreditlərlə bağlı məlumatı olmadığını dedi.

A.M.A.Y. şirkətində mühafizəçi işləyən Cəfər Məhərrəmov təqsirləndirilən Mehman Məmmədxanlının təklifi ilə bankdan 1 milyon məbləğində pul götürdüyünü, həmin pulların A.M.A.Y.-ın tikintisinə sərf olunduğunu bildirdi. Dövlət ittihamçısını suallarını cavablandıran şahid pulu Mehman Məmmədxanlıya verdiyini açıqladı.

A.Abdullayev şahidin dediklərinə bu cür reaksiya verdi: “De ki, biz aşağı rəqəmlərlə işləmirik, de ki, pulu bağlamışıq, nə istəyirsiz?”

“Birlikbank”ın kredit şöbəsinin müdiri İlqar Muradov şahid qismində istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirdi: “Müştəriyə 10 min manatdan artıq kredit vermirdik. Ondan yuxarı məbləği konkret tapşırıq əsasında verirdik”.

Dövlət ittihamçısı Fərid Nağıyev şahiddən kimin tapşırığı əsasında verdiklərini soruşdu.
A.Abdullayev yerindən replika verdi:

- Sizə tapşırıblar məni həbs edin, etmisiniz, eləcə də tapşırıblar kredit verin, veriblər. Sizə tapşırılıb mənə iş verəsiz?

Hakim:

- Xeyr.

A.Abdullayev:

- Tapşıracaqlar...

Şahid İ.Muradovun ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. Şahid ifadəsində göstərib ki, “Birlikbank”ın müdiri Səriyyə Səmədovanın göstərişi ilə sənədlərə imza atıb, onun tapşırığını icra edib.

A.Abdullayev qısa çıxış etdi: “Burda yalan danışan yoxdur. Bu işə görə günahsız insanlara iş vermisiz. Günah məndədir ki, bu işi Avropa Məhkəməsinə vermədim, indi təzminat almışdım”.

Şahid qismində məhkəmədə dindirilən Xanbaba Qayıtmazov 2006-cı ildə “Birlikbank”ın Qusar şöbəsindən kredit götürdüyünü, krediti qaytardığını bildirdi.

Şahid Zahid Kərimov da eyni məzmunlu ifadə verdi. O, 2007-ci ildə “Birlikbank”dan kredit götürdüyünü və qaytardığını göstərdi.

“Birlikbank”dan kredit götürülən şəxslərin məhkəməyə çağırılıb şahid qismində dindirilməsi A.Abdullayevin vəkillərinin etirazına səbəb oldu.

Vəkil O.Kazımov: “Bu şahidlərin A.M.A.Y.-ın işinə nə aidiyyəti var axı? Bunların dindirilməsinə nə ehtiyac var?”

“Birlikbank”ın ləğvetmə komissiyasının üzvü olmuş Abbasəli Qurbanov və Beynəlxalq Bankın işçisi Həbib Qafarov şahid qismində ifadə verdilər. “Birlikbank”dan kredit götürən şəxslər pulların qaytarılmasında gecikmələr olduğu üçün cərimə edildiklərini dedilər. Bu məsələyə aydınlıq gətirən A.Abdullayev bankın 2011-ci ildə lisenziyası ləğv edilənə qədər fermerlərin cərimə olunmalarına imkan vermədiyini, ödəmə müddətinin uzadıldığını bildirdi.

Onun sözlərinə görə, cərimələr və fermerlərin borclarının əmlaka yönləndirilməsi bankın lisenziyası ləğv edildikdən, Mərkəzi Bank “Bilrikbank”a inzibatçı təyin etdikdən sonra baş verib. A.Abdullayev bunu da qeyd edib ki, “Birlikbank” fəaliyyət göstərdiyi dövrdə fonda ödəmə kreditlərin vaxtı çatmadığı üçün cərimələrə imkan verməyib. A.Abdullayev banklarla bağlı qanuna isnad edərək bankların gəlirlərinin öncə bankdaxili xərclərə, daha sonra dövlət öhdəliklərini yerinə yetirməyə, bundan sonra təminatlı kreditlərin ödənişinə yönəldilməli olduğunu dedi.

Beynəlxalq Bankın işçisi H.Qafarov ifadəsində Beynəlxalq Bankdan A.M.A.Y.-a 57 milyon 358 min manat kredit verildiyini açıqladı. Dövlət ittihamçısı şahiddən kreditlərin Əsgər Budaqov, Əmirağa Əliyev və Rəşad Süleymanova verilib-verilmədiyini soruşdu. Şahid şəxsiyyət vəsiqəsi olmadan heç kimi qəbul etmədiklərini bildirdi.

Dövlət ittihamçısı zalda əyləşən Əsgər Budaqova müraciət etdi:

- Siz 9 milyon manat məbləği kassadan götürmüsünüzmü?

Ə.Budaqov:

- İmza atmışam, amma pul götürməmişəm.

Dövlət ittihamçısı eyni sualı zalda əyləşən Əmirağa Əliyevə və Rəşad Süleymanova da ünvanladı. Hər iki şəxs sənədlərə imza atsalar da, bankdan pul götürmədiklərini dedilər. Ə.Budaqov isə bu iş üzrə zərərçəkmiş olduğunu bildirdi: “Texnikabank” və Beynəlxalq Bank həm əmlakımızı, həm də dövlətin pulunu mənimsəyiblər, mən zərərçəkmişəm".

A.Abdullayev qısa çıxış etdi: “Həmin pulları götürüb aparmaq belə mümkün deyil.
”Texnikabank"dan azad olunan girovlar Beynəlxalq Banka keçib".

Bundan sonra vəkil Osman Kazımov Abdullayevin barəsindəki cinayət işinin icraatına xitam verilməsi ilə bağlı vəsatət qaldırdı: “A.Abdullayevin həbsdə saxlanılması qanunsuzdur. Bu iş Avropa Məhkəməsinə gedəcək. İstəmirəm orada yazaq ki, bu pul buna görə götürülüb. Bunu yazmaq istəmirik. Bunu yazmağa niyə bizi məcbur eləyirsiniz? Bu, çox ciddi məsələdir. Biz yazıb göstərəcəyik ki, Abdulla Abdullayevi məhz bu məsələyə görə tutublar”.

Hakim vəsatətin sabah müzakirə olunacağını məhkəmə iştirakçılarının nəzərinə çatdırdı.
Məhkəmə prosesi mayın 26-na kimi təxirə salındı.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər. A.Abdullayev ötən il aprelin 4-də həbs olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.