Hərbçilərimiz niyə həlak oldu?… - Kükürdlü su öldürə bilərmi? - ARAŞDIRMA

1-08-2024, 00:16           
Hərbçilərimiz niyə həlak oldu?… - Kükürdlü su öldürə bilərmi? - ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlun həlak olub. Rəsmi məlumata görə, onların zəhərləndiyi ehtimal olunur.
Bəs kükürd qazlı termal sularda çimərkən zəhərlənmə baş verə bilərmi? Bu, hansı hallarda mümkündür?

"Termal sularda dəfələrlə əsgər çimizdirmişəm, qaşınmaya qarşı çox xeyirlidir, amma heç vaxt belə bir hadisə olmayıb"
Bakupost.az -ın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev kükürdlü suda insanın zəhərlənməsi hadisəsinə rast gəlmədiyini bildirib:
“Mən bu hala rast gəlməmişəm. Termal sularda dəfələrlə əsgər çimizdirmişəm, qaşınmaya qarşı çox xeyirlidir, o vaxt bit-birəni öldürməkdən ötrü paltarı da orda yuyurduq. Amma heç vaxt belə bir hadisə olmayıb".
Ə.Verdiyev hadisənin erməni təxribatı olmasını ehtimal etmədiyini də deyib.

"Kükürd qazlı termal sularda zəhərlənmə mümkün deyil"
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov da Bakupost.az -a açıqlamasında praktikada belə bir hadisə ilə üzləşmədiyini bildirib.
O qeyd edib ki, kükürd qazlı termal sularda zəhərlənmə mümkün deyil:
"Bu heç ədəbiyyatda da yoxdur. Mən rast gəlməmişəm. Termal sularda o konsentrasiya olmur ki, onun toksik və boğucu təsiri olsun”.

"Belə bir şey tibbi praktikada yoxdur"
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova da Bakupost.az -a termal kükürdlü sularda zəhərlənmə hadisəsinə rast gəlmədiklərini bildirib:
“Dəri ilə təmasdan perkutal zəhərlənmə ola bilər. Amma o sularda nə ola bilər ki, əsgərləri öldürsün? O əsgərlər sularda nə qədər qalıb ki, belə reaksiya getsin? Bu, mümkün deyil. Əgər belə bir şey olsaydı, o müalicəvi sulara nə qədər insan girir, bu vaxta qədər zəhərlənmə olardı. Belə bir şey tibbi praktikada yoxdur, mənə də təəccüblü gəldi”.

İnternetdə apardığımız qısa araşdırma zamanı isə ötən il Rusiyanın Tümen şəhəri yaxınlığındakı Yar qəsəbəsindəki termal sularda uşaqların kütləvi şəkildə zəhərləndiyi faktı ilə rastalşdıq. Qeyd olunur ki, "Tümenskiy" adlı isti su hovuzunda çimən 16 uşaq özünü piss hiss edib.
Həkimlər uşaqlara baxış keçirdikdən sonra 2012, 2015 və 2016-cı il təvəllüdlü üç uşaq xəstəxanaya yerləşdirilib. İlkin məlumatda zəhərlənməyə suda həddindən artıq xlor olmasnın səbəb olduğu bildirilib. Qeyd olunub ki, bu maddənin yüksək konsentrasiyası bədən üçün ciddi nəticələrə səbəb ola bilir.
Tümen vilayət prokurorluğunun araşdırmasından sonra isə bildirilib ki, istirahət mərkəzində mövcud olan avadanlıqlara düzgün qulluq edilmədiyindən hovuzdakı suyun dezinfeksiya edilməsi üçün istifadə olunan reagentlərin sızması baş verib ki, bu da uşaqların səhhətinin pisləşməsinə səbəb olub. Hadisə nəticəsində ölüm halı baş verməyib. Qeyd olunub ki, termal istirahət mərkəzinin sahibizərər çəkmiş uşaqlara 375 min rubl kompensasiya ödəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.