Azərbaycanda etnik mənsubiyyət necə və harada yazılır?

2-08-2024, 07:38           
Azərbaycanda etnik mənsubiyyət necə və harada yazılır?
Xarici vətəndaşla ailə qurub xarici ölkədə yaşayan azərbaycanlılar üçün önəmli məsələlərdən biri də dünyaya gələn körpəyə Azərbaycan vətəndaşlığının verilməsidir.

Milli mənsubiyyətin də Azərbaycan olmasını istəyən şəxslər çox saydadır. Azərbaycan Respublikasının Konstitusiyasının 44-cü maddəsinin 1-ci bəndinə əsasən, (Milli mənsubiyyət hüququ) hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. 2-ci bəndində isə göstərilib ki, heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.

Maraqlıdır ki, bu məsələlər hansı qanunvericilik aktları ilə və necə tənzimlənir?

“Cebheinfo.az” xəbər verir ki, “Leqat” Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin heç birində uşağın milliyyəti və ya etnik mənsubiyyəti göstərilmir:


“Əvvəllər, daha dəqiq desək, SSRİ vaxtınada bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənirdi. Belə ki, SSRİ Nazirlər Sovetinin 28 avqust 1974-cü il tarixli, 677 nömrəli qərarı ilə “SSRİ-də pasport sistemi haqqında Əsasnamə” təsdiq edilmişdi. Həmin qərarda qarıcıq nikahdan doğulan uşaqların etnik mənsubiyyətini seçmək qaydası müəyyən edilmişdi.

Həmin qərarın 3-cü bəndinin ikinci hissəsində qeyd edilirdi ki, Pasportda milliyyət haqqında qeyd valideynlərin milliyyətinə uyğun olaraq aparılır. Valideynlər müxtəlif millətlərə mənsubdursa, onda ilk dəfə pasport verilərkən pasport alanın istəyindən asılı olaraq vətəndaşlıq ata və ya ananın milliyyətinə uyğun olaraq qeyd olunur.

Milli mənsubiyyətin yalnız bir dəfə ilk dəfə pasport alan zaman seçilməsinə icazə verilirdi. Həmin vaxt eyni zamanda pasportda milliyyət qrafası da var idi. İndi uşağa verilən şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin heç birində milliyyət və ya etnik mənsubiyyət qrafası mövcud deyil”.

Onun sözlərinə görə, “milli mənsubiyyət“ etnik mənsubiyyət və ya milliyyət anlamına gəlmir:

“Hazırda inkişaf etmiş dövlətlərin və beynəlxalq təşkilatların əsas hədəfi “millət” anlayışının dövlətlərlə assosiasiya edilməsinin təmin olunmasına yönəlib. Buna görə də milli mənsubiyyət dedikdə etnik mənsubiyyət deyil, ilk olaraq şəxsin hansı dövlətin vətəndaşlığına mənsubiyyəti nəzərdə tutulur. Məsələn, Amerikada hər kəs amerikalı, Almaniyada hər kəs almaniyalı , İranda hər kəs iranlı hesab edilir.

Sənədləşmə zamanı vətəndaşlara onların milliyyətinin və ya etnik mənsubiyyətinin araşdırılması üçün suallar da verilmir. Azərbaycanda yaşayan və Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs etnik mənsubiyyətindən asılı olmayaraq milli mənsubiyyətinə, yəni vətəndaşlıq mənsubiyyətinə görə azərbaycanlı hesab edilir. Çünki millət anlayışı dövlətin adı ilə paralel işlənən ifadədir. Odur ki, Azərbaycan Respublikasında çoxluq təşkil edən türklərlə yanaşı, azlıq təşkil edən talışlar, ləzgilər, ruslar, avarlar, inqloylar, yəhudilər milli kimlik və ya milli mənsubiyyətinə görə azərbaycanlı hesab edilirlər”.

Ə.Əliyev deyib ki, SSR dövründən fərqli olaraq, hazırda uşaqların etnik mənsubiyyəti haqqında heç bir yerdə qeydiyyat aparılmır:

“Azərbaycanda yalnız iki halda etnik mənsubiyyətlə bağlı suallar verilir. Əhalinin siyahıya alınması zamanı və doğum haqqında şəhadətnamələrdə də valideynlərin milliyyəti qrafaları doldurulan zaman. Doğum haqqında şəhadətnamələrin valideynlərə aid qrafasında haqlı olaraq valideynlərin “milli mənsubiyyəti” deyil, “valideynlərin milliyyəti” sözləri yazılıb.

Göründüyü kimi, mərkəzi icra hakimiyyəti orqanları doğum haqqında şəhadətnamənin nümunəsini təsdiq edən zaman haqlı olaraq “milliyyət” sözü ilə “milli mənsubiyyət” ifadələrini fərqləndirir. Etnik mənsubiyyəti ifadə edən söz kimi milliyyət ifadəsindən istifadə olunur.

Millət ifadəsi dövlətə mənsubiyyəti ifadə edir. Milli Məclis, milli valyuta və s. söz birləşmələri kimi “milli mənsubiyyət” ifadəsi də şəxsin dövlətə mənsub olmasını ifadə edir”.

Naibə
“Cebheinfo.az”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.