9 il əvvəl yanan bazarın tüstüsü hələ də çıxır - QALMAQAL

1-11-2024, 11:38           
9 il əvvəl yanan bazarın tüstüsü hələ də çıxır - QALMAQAL
Doqquz il əvvəl Saatlıda yanmış bazarla bağlı yarım milyonluq qalmaqal hələ də davam edir. “Araz-Şöhrət” şirkətinə məxsus ticarət mərkəzində qızıl-zinət əşyaların satışı ilə məşğul olan Nadir Rzayevdən obyektin rəhbəri 525 min manat pul tələb edir. Səbəb kimi isə göstərir ki, yanğının günahkarı odur. Üstəlik, hadisədən sonra da “Araz-Şöhrət” şirkətilə barışıq sazişi imzalayıb, yanğın nəticəsində dəymiş 525 min manatlıq ziyanı 30 il ərzində ödəmək öhdəliyi götürüb.

“Göstərilib ki, yanğına səbəb…”

Nadir Rzayev sözügedən yanğına görə təqsirli bilinərək, 4 il 6 ay azadlıqdan məhrum edilib. İddia olunub ki, yanğına səbəb onun mağazasına elektrik xəttinin yolverilməz üsulla çəkilməsi olub.

Nadir Rzayev isə deyir ki, “Araz-Şöhrət” şirkətinin rəhbərliyi onu aldadaraq, öncə 4 ildən çox həbsdə qalmasına səbəb olub, 525 min manatlıq saziş imzalatdırıb, indi yarım milyondan artıq pul tələb edir:

“Göstərilib ki, yanğına səbəb şirkətin elektrik montyoru Qubad Əhədov tərəfindən elektrik xəttinin yolverilməz üsulla çəkilməsi və şirkətin rəhbərliyinin bu cür pozuntuya nəzarət etməməsi olub. Elektrik xətti ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkilirsə, bundan rəhbərliyin xəbəri varsa, deməli, baş verənlərə görə də rəhbərlik məsuliyyət daşımalıdır”.
Nadir Rzayev deyir ki, 30 il ərzində 525 min manat ödəyəcəyi haqda barışıq sazişini də onu aldadaraq imzalatdırıblar.

Onun sözlərinə görə, yanğın nəticəsində ziyan çəkmiş sahibkarlara “Azsığorta” ASC pul ödəmişdi. Sığorta şirkəti həmin zərərçəkənlərə verilmiş sığorta ödənişlərini təqsirləndirilən şəxs olaraq ondan və “Araz-Şöhrət” rəhbərliyindən tələb edirdi:

“Ona görə “Araz-Şöhrət” şirkətinin rəhbərliyi mənə təklif elədi ki, aramızda formal olaraq, belə bir barışıq sazişi imzalayaq. Həmin sazişdən görünsün ki, şirkət məndən dəymiş zərərin ödənilməsini tələb edir. Bununla da “Araz-Şöhrət” şirkəti və mən “Azsığorta”nın iddiasından yayına biləcəkdik guya. Mən də inanıb barışıq sazişini imzadım. Direktor müavini Vüqar Məmmədov məni inandırmışdı ki, bu saziş formal bağlanır, barışıq sazişində göstərilən borc məbləği məndən tələb olunmayacaq. Onlarla uzun müddət bir yerdə işləmişdik, bir-birimizi tanıyırdıq, mən də inandım”.

Məhkəmə bazar rəhbərini haqsız sayıb

2023-cü ildə “Araz-Şöhrət” rəhbərliyi 525 min manatı sahibkardan tələb etməyə başlayıb. Bundan sonra Nadir Rzayev sazişin ləğvi üçün məhkəməyə üz tutub. Bu mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılıb.

Şirkət rəhbərliyi Nadir Rzayevin iddiasına etiraz edib. Şirkətin nümayəndəsi deyir ki, o, könüllü şəkildə sənədi imzalayıb və öhdəliyə də əməl eləməlidir: “Sazişin formal olması haqda göstərdikləri şəxsi mülahizələridir, heç bir fakta, sübuta əsaslanmır”.

Uzun müddət davam edən araşdırmalardan sonra bugünlərdə Şirvan Kommersiya Məhkəməsi barışıq sazişinin etibarsız hesab edilməsinə qərar verib.
Saatlı bazarında yanğın 2015-ci il oktyabrın 18-də baş verib. Yanğın ümumi sahəsi 11 min 694 kvadratmetrədək olan bazarın təxminən 3200 kvadratmetrlik hissəsini əhatə edib, 80-ə yaxın mağazaya ziyan dəyib.
dia-az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.