Bakı və Tiflis yeni “soyuq savaş”ın ön cəbhəsində - təhlükəli gəlişmə
26-10-2016, 10:04
Balans siyasəti yeni risklərlə üz-üzə; Klintonun ABŞ prezidenti seçilməsi ilə bu savaşın böyüyəcəyi və Qarabağ konfliktinin həllinə də təsirsiz ötüşməyəcəyi gözlənilir; rusiyalı ekspert: “Dağlıq Qarabağı Ermənistandan yox, Rusiyadan almaq lazımdır...”
Gürcüstandakı parlament seçkilərindən sonra Rusiya bu ölkə ilə bağlı qismən rahat nəfəs ala bilər. Hər halda, Moskvanın gizli adamı sayılan sabiq baş nazir Bidzina İvanişvilinin partiyası yenə seçkidə qalib gəlib. Hərgah, onun partiyasının iqtidarda olduğu dönəmdə Gürcüstan Avroatlantik məkana, NATO-ya inteqrasiyanı davam etdirib, faktiki, alyansa üzvlüyün bir addımlığına gəlib çıxıb.
Yenə məhz bu hökumətin dövründə ilk dəfə ölkədə NATO-nun təlim mərkəzi (əslində hərbi bazası) açılıb, Rusiyanın qulağının dibində Gürcüstan, ABŞ və digər NATO-ya üzv ölkələrinin hərbi qüvvələrinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirilib, gürcü ordusunun NATO, öncəliklə də Türkiyənin dəstəyi ilə alyansın standartlarına keçməsi prosesi dayanmayıb, bu orduya əhəmiyyətli sayda ABŞ hərbi texnikası verilib. Nəhayət, həmin hökumət dönəmində ABŞ Gürcüstanı özünün “NATO-dan kənar hərbi müttəfiqi” elan edib. Bu da o anlama gəlir ki, Rusiya Gürcüstana qarşı 2008-ci ildəki təcavüz aktını asanlıqla təkrarlaya bilməyəcək.
***
NATO-dan söz düşmüşkən, əksər Qərb analitiklərinə görə, prezident Vladimir Putin hakimiyyətdə olduqca ən azından Rusiya ilə Qərb (ABŞ) arasında Ukraynaya görə başlamış və Yaxın Şərqə görə güclənmiş “soyuq müharibə” davam edəcək. Bu da o anlamı verir ki, iki qlobal güc arasında maraqların toqquşması və silahlanma yarışı davam edəcək - bu yarışa Rusiyanın iqtisadi cəhətcə tab gətirəcəyi böyük sual altında olsa da.
“Soyuq müharibə” həm də o deməkdir ki, münaqişə ocaqları, xüsusən də Rusiya və ABŞ maraqlarının kəskin şəkildə toqquşduğu qaynar münaqişə ocaqları tezliklə söndürülməyəcək - əgər Rusiya Qərblə mübarizədə duruş gətirə bilsə. O sıraya Dağlıq Qarabağ konfliktini də aid eləmək mümkündür.
Bu halda isə ortaya sual çıxır ki, belə vəziyyət Azərbaycanın daha çox faydasınadır, yoxsa ziyanına - nəzərə alsaq ki, bir çox təhlilçilər Qarabağ konfliktinin həll açarının məhz Kremldə olduğu qənaətindədir.
Suala qayıdacağıq, hələlik onu da qeyd edək ki, şimal qonşumuz NATO-nun, ABŞ-ın qonşu Gürcüstanda möhkəmlənməsini diqqətlə izləyir. Eyni zamanda boş da dayanmır, işğal etdiyi Abxaziya və Cənubi Osetiyada (oradan Tiflisə cəmi 100 km-dir), bütövlükdə Cənub Hərbi Dairəsində hərbi qruplaşmalarını gücləndirir, regiondakı qanuni və qanunsuz silahlı qüvvələrini yen-yeni silah-sursatlarla təmin edir.
Təbii ki, forpost Ermənistan da unudulmur. Bəzi iddialara görə, hətta Ermənistana, oradakı 102 saylı Rusiya hərbi bazasına “İsgəndər M” operativ-taktiki, nüvə başlığı da daşıya biləcək yarımballistik raket komplekslərinin verilməsi həm də Gürcüstanda ABŞ-ın möhkəmlənməsi ilə bağlıdır. Ancaq məsələyə fərqli rakurslardan yanaşan şərhçilər də var.
***
“İndiki vəziyyətdə ”İsgəndər-M" raketlərinin Ermənistanda olması birbaşa bu ölkənin hərbi-siyasi maraqlarına ziddir. Çünki bundan ən çox əziyyət çəkən elə məhz İrəvan olacaq".
Bu sözləri politoloq, sabiq diplomat Fikrət Sadıqov axar.az-a deyib. Ekspert Rusiyanın Ermənistanı bunca militaristləşdirməsini düzgün hesab etmir və Moskvanın son hərəkətlərini qeyri-səmimi sayır: “ATƏT-in Minsk Qrupunun həmsədri, Azərbaycanın strateji tərəfdaşı olan Rusiya hər zaman bəyan edir ki, Qarabağ məsələsinin həllində maraqlıdır və bölgənin sabitliyi üçün səy göstərir. Kreml Ermənistana sözügedən dağıdıcı silahı verməsini ABŞ-ın Gürcüstanda hərbi baza açması və rəsmi Tiflisin buna razılıq verməsi ilə izah etsə də, bu - real deyil. Hər halda, həmin raket kompleksləri bizə qarşı yönəlibsə, Azərbaycanın İsraildən aldığı ”Dəmir Qübbə" - raketdən müdafiə sistemləri bunun ən bariz alternativi olacaq. Ermənistan bizimlə hərbi qarşıdurmaya girmək istəyirsə, onda uduzmağı da göz önünə alacaq. Bütün siyasi və hüquqi imkanlarımız məhz buna dəlalət edir".
Politoloq hesab edir ki, Ermənistanın Azərbaycanı “İsgəndər-M”lərlə təhdid etməsini beynəlxalq müstəvidə öz xeyrimizə çevrilə bilərik. “Bu, çox böyük siyasi şansdır. Bütün dünyaya bəyan etməliyik ki, Ermənistan əraziləri işğal altında olan Azərbaycanı hədələyir, ona görə də terrora bərabər bu hərəkətlərinə görə cavab verməlidir”, - ekspert vurğulayıb. F.Sadıqova görə, Kremlin Dağlıq Qarabağ məsələsinin həllinə biganəliyi və Azərbaycanı Ermənistanla bərabərləşdirməsi İrəvanı müəyyən mənada ruhlandırır: “Moskva Bakını İrəvanla eyni səviyyəyə qoymamalıdır. Çünki Rusiya ilə münasibətlərimiz çox yaxşıdır, buna görə də strateji tərəfdaşımız bütün bunları nəzərə almalıdır”.
***
Ancaq Rusiyanın bölgədə öz maraqları var və belə görünür ki, bu maraqlara görə Kreml öz aqressiv siyasətindən əl çəkməyəcək. Deməli, bölgə ilə bağlı yeni təhdidlər qaçılmazdır. Söhbət həm də artıq başlayan və Hillari Klintonun ABŞ prezidenti seçilməsi ilə yüzdə yüz davam edəcək “soyuq müharibə”dən gedir.
Əfsus ki, Bakı və Tiflis bu “müharibə”nin ön cəbhəsində yer alıb. O üzdən Azərbaycan diplomatiyası xüsusən də qarşıdakı il(lər)də maksimum ölçülü-biçili, təmkinli və qardaş Türkiyə ilə sinxron xarici siyasət yürütmək zorundadır. Bunu indi həm də həllini tapmayan Qarabağ məsələsi diktə edir.
“Dağlıq Qarabağı Ermənistandan yox, Rusiyadan almaq lazımdır”. Bu sözləri isə minval.az-a açıqlamasında Azərbaycan kökənli rusiyalı siyasi analitik və publisist Heydər Camalın oğlu, jurnalist-təhlilçi Orxan Camal deyib. Onun sözlərinə görə, Qarabağ probleminin 200 ildən çox yaşı var və onun əsası hələ Qriboyedev tərəfindən Qafqazda erməni Donbaslı kimi qoyulub. “Qarabağı Ermənistandan döyüşüb geri almaq artıq gecdir. Qarabağ Rusiyanın əlindədir” - Camal vurğulayıb.
***
Azərbaycan təbii ki, Qarabağa görə Rusiya ilə döyüşən deyil. Amma Qarabağı doğrudan da məhz Rusiyadan almaq lazım gələcək...
Analitik xidmət