Rus-erməni razılaşmasının gizlinləri: - Təhlükəli oyun

16-12-2016, 10:39           
Rus-erməni razılaşmasının gizlinləri: - Təhlükəli oyun
Rusiyanın Ermənistanla imzaladığı vahid ordu birləşmələri haqqında razılaşma dünyada analoqu olmayan çox təhlükəli bir müqavilədir və Rusiyanın ekspansionist siyasətinin təzahürü kimi dəyərləndirə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Rusiyanın Ermənistanla 25 illiyə imzaladığı hərbi sazişin bir növ daha genişləndirilmiş variantı olan vahid ordu birləşmələri razılaşması ilə Ermənistanın suverenliyinin heçə endirildiyini deyib:

“Vahid ordu birləşmələri haqqında razılaşmanın bəzi şərtləri sadəcə siyasi gedişlərdir. Sənəddə gizli saxlanılan məqamlar var və guya yalnız Ermənistan ərazisində olan rus qoşunları erməni ordusu ilə birləşdirilir. Ancaq Ermənistanın Baş naziri Karen Karapetyan mərasimdən sonra Rusiyanın Rostovda yerləşən Cənubi Qafqaz Ordusunun Baş Qərargahına baxış keçirdi. Bu o anlama gəlir ki, Ermənistan qoşunları Rusiyanın Cənubi Qafqaz Ordusunun hissələri ilə də əlaqələndirilir. Üstəlik, müqavilənin şərtlərinin İsrailin baş nazirinin Azərbaycana səfəri zamanı açıqlanması xüsusilə erməni ictimai fikrinə hesablanıb və İrəvana bir mesajdır. Bütün müddəaları açıqlanmasa da, əslində, sözügedən sənəd dünyada analoqu olmayan çox təhlükəli bir müqavilədir və Rusiyanın ekspansionist siyasətinin təzahürü kimi dəyərləndirə bilər”.

Politoloq hesab edir ki, vahid ordu birləşmələri razılaşması bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün təhlükəli nəticələrə yol aça bilər:

“Müqavilə təkcə Azərbaycan və Gürcüstana deyil, Türkiyəyə qarşı da çevrilib. Çünki Rusiya bu kiçik anklavda böyük ordu hissələri, xüsusi modern silahlar toplamaqla Yaxın Şərqdən tutmuş ta Şimali Qafqaza qədər, böyük bir ərazisini psixoloji təhdid altında saxlamaq imkanları əldə edir. Zənnimcə, belə bir alyansın yaradılması beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və siyasi qiymət verilməlidir”.

Qeyd edək ki, Rusiyanın Ermənistanla imzaladığı vahid ordu birləşmələri haqqında razılaşmanın şərtlərinə əsasən, qruplaşmanın tərkibinə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası və Ermənistanın İrəvan yaxınlığında yerləşən 5-ci ordu korpusu daxil ediləcək.

Dinc dövrdə qruplaşma Ermənistan ordusunun Baş Qərargahına, müharibə zamanı isə Rusiya ordusunun Baş Qərargahı və Cənub Hərbi Dairəsinə tabe olacaq.

Qruplaşma həmçinin Ermənistan və Rusiya prezidentlərinin də əmrlərini yerinə yetirəcək. Vahid ordu birləşməsinin tətbiqi haqqında proqramı Rusiyanın 102-ci bazası və vahid ordu birləşməsi haqqında komandanlıq tətbiq edəcək. Yəni İrəvan birbaşa özünün 5-ci korpusunun bütün fəaliyyətini Moskvaya güzəştə getmiş olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.