Ermənistan rəhbərliyindən terror mesajı: Maskalar yırtıldı - TƏHLİL

16-12-2016, 18:39           
Ermənistan rəhbərliyindən terror mesajı: Maskalar yırtıldı - TƏHLİL
Aprel döyüşlərindən sonra, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı intensiv danışıqlar mərhələsi başladıldı. Amma Sankt-Peterburq və Vyana görüşlərinin keçirilməsinə baxmayaraq, Ermənistan yenidən danşıqlar prosesini pozmağa başladı.

Artıq Ermənistanda hər bir kəs Karapetyanın sadəcə bir keçid mərhələsi olduğuna, Sarkisyanın növbəti mərhələ üçün baş nazir kürsüsündə oturacağına tam əmindir. Amma Qarabağ münaqişəsinin davam etməsi və utopik düşüncələr isə artıq qarınları quruldayan erməniləri “Miatsum nəğmələri”ndən bezdirib. Onlar yalnız ölkədən qaçmaq, xaricdə, o cümlədən, Azərbaycanda sığınacaq tapmaq ümidi ilə yaşayırlar.

Hakimiyyətə olan nifrət o qədər dərinləşib ki, artıq əhali hökümətin hər iclasından sonar həm Parlament binasının, həm də prezident iqamətgahının qarşısında etiraz aksiyasına qoşulmağı sanki özünə bir şərəf borcu hesab edir. Görəsən “nairiçilər”, əsgər anaları nəyə etiraz edir?! Nə zavodun bağlanmasına, nə də Qarabağda ölən oğullarına görə… Onlar zavod işçilərinin məvaciblərinin verilməməsinə, əsgər analarına düzgün təqaüdün kəsilməməsinə qarşı çıxırlar. Yəni bir sözlə, xalqı yalnız bir şey düşündürür. Onların şüarı artıq “Bir Parça Çörək” və “Ermənistanı Kriminal-Oliqarxlardan Xilas Edək” kimi ifadələrdir. Baş verən proseslər artıq Elektromaydan və İyul hadisələri kimi (Sasna Tsrer) hərəkatlarla özünü doğruldub.

Azərbaycan isə, nəinki Qarabağdan zorla didərgin salınan bir milyondan artıq əhalini hər bir şəraitlə təmin edir, hələ də öz vətəndaşı saydığı Qarabağın erməni icmasına sahib çıxamağa, Ermənistandan qaçan məzlum şəxslərə öz dostluq əlini uzatmağa çalışır.

Belə ki, erməni hüquq müdafiəçisi Vahe Avetyan, “Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist Syuzan Caqinyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın Azərbaycana gəlməsi, Xocalı soyqırım abidəsini ziyarət edərək, buna görə Azərbaycandan üzr istəməsi, ölkəmizdən siyasi sığınacaq istəməsi və nəticədə bu prosesə xaricdə yaşayan ermənilərində qoşulma istəyinin artması rəsmi İrəvanı qorxuya saldı.

Təbii ki, bu proses Ermənistan hakimiyyətini qıcıqlandırır. O şəkildə qıcıqlandırır ki, rəhbərlik erməni politoloqun dili ilə Azərbaycanda və ölkədən kənarda yaşayan, ona müxalif olan erməniləri TERROR-la hədələyib! Maraqlıdır, Sakisyan hakimiyyəti “Sasna Tsrer” və ya “Hayots Vahan” kimi təşkilatları terrorizmlə əlaqələndirir, lakin hüquq müdafiəçilərinin öldürülməsini, özü də Ermənistan Milli Təhlükəsizlik Nazirliyi vasitəsilə qətlə yetirilməsini arzulayır və onu terror saymır.

Bu gün erməni politoloqu Qaqik Hambaryan “Birinci Xəbər” (Առաջին լրատվական) informasiya portalına “Əgər lazım olarsa, xainlər fiziki baxımdan məhv edilməlidir” başlıqlı müsahibə verib.
Erməni jurnalistin “Ermənistan bu baxımdan nə edə bilər”, “Diplomatik addımlar olmalıdırmı”, “Xüsusi xidmət orqanları bu fonda uğursuzdurlarmı” kimi suallarını cavablandıran Hambaryan “Ermənistan-Azərbaycanın Sülh Platforması”na dəstək nümayiş etdirən erməni hüquq müdafiəçilərinin Bakıya gəlməsini böyük narahatlıqla şərh edir:

- Vahan Martirosyan Bakıda ortalığa çıxanda bizim hakimiyyət orqanları buna çox cuzi diqqət göstərdilər. Mən çox narahatam və dəfələrlə qeyd etmisəm ki, bu “qar küməsi” bizə təsir edəcək… İsveçrədə yaşayan Vahe Avetyan, Suzan Canikyan ortaya çıxdı. “Skayp” vasitəsilə həmin Martirosoğlu (Vaan Martirosyan) ilə danışıblar. Şəkillərinə baxarkən görürəm ki, ruhi pozğunluqları var. Problem o deyil ki, bu insanlar Azərbaycan tərəfə gedirlər. Artıq “Ermənistan-Azərbaycan Sülh Platformasının” genişləndirilməsini xarici jurnalistlər, siyasi xadimlər də şərh edir. Erməni cəmiyyəti üçün bilavasitə o qəribədir ki, bu platforma haqqında öz fikrini Kremilin dili ilə, Kiselyov, Kremilə yaxın hesab olunan analitik Sergey Markov və bədnam Moldovanın İctimai palatasının rəhbəri Aureliya Qriqori də ifadə edir.

Göründüyü kimi, Ermənistan rəhbər qüvvələrinin dili ilə danışan politoloq “Ermənistan-Azərbaycan Sülh Platformasının” yaradılmasına nəinki dəstək ifadə edir, hətta siyasi qaçqınları “ruhi xəstə” adlandırır, bununla kifayətlənməyərək, platforma haqqında müsbət danışan şəxsləri də hədəfə alır.

Maraqlıdır, “cənab” Hambaryan, bəlkə sizdən fəqli olaraq, bu platformaya dəstək nümayiş etdirən Kiselyov, Sergey Markov, Aureliya Qriqori kimi şəxslərdəmi ruhi xəstədir?!

Hər zaman “sülhdən” ağız dolusu danışan “erməni humanistlər” indi nədən bu platformaya düşməncəsinə yanaşırlar? Yoxsa daxili və xarici istiqamətlərdə Sarkisyan rejiminə nifrət edən kütlənin artacağından ehtiyatlanırlar?!. Hər halda, Ermənistan həyata keçirilən sülh platformasını dəstəkləmir və məsələnin mahiyyətini siyasi terror - erməni dövlət terroruna sürükləyir.

Budur, Hambaryan fikrini açıq şəkildə ifadə edir: “Nə qədər avantürüst, ruhi xəstə, hakimiyyətdən incik varsa, pula işləmək üçün həmin platformaya qoşula bilər. Bizim üçün vacibdir ki, nəinki diplomatlar, o cümlədən, milli təhlükəsizlik xidməti də reaksiya versin. Nə üçün yaradılıb Milli Təhlükəsizlik Nazirliyi? Kiçik ruşvət alanları həbs edirlər? Bu struktrun fəaliyyətinin 90 faizi belə potensial xainlərin müəyyən edilməsi və onların zərərsizləşdirilməsilə bağlı olmalıdır”.

Müsahibədən də göründüyü kimi, beynəlxalq səviyyədə dəstəklənən Sülh Platformasının yaradıcılarını terrorla, özü də dövlət terror ilə hədələyirlər. Nə deyək, deməli, Caqinyan və Martirosyanla yanaşı, cənab Kiselyov və Makarovu da eyni aqibət gözləyir.

Bütün bunlar erməni terrorizminin təcrübədən keçirilmiş metodlarıdır. ASALA nə Əsənboğa, nə Orli, nə də Qarakənddə milliyyət ayrı-seçkiliyi etməyib. Təsadüfi deyil ki, aparılan terror aktları bilavasitə hava limanı, uçuşlarla əlaqədar olub. Yəqin ki, aktların şüarı məşhur erməni ifadəsində olduğu kimi, “Türklə birgə uçmaq qadağandır…” ifadəsinə söykənib. Amma nə edək ki, artıq Qarabağdakı əhali də sizinlə nəinki birgə uçmaq, hətta yerimək belə istəmir.

Təsadüfi deyil ki, “Əgər Şuşada referendum keçirilsə, nə baş verəcək” sualına Vaan Martirosyan bu şəkildə cavab verib: “Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycana birləşmək üçün səs verəcək. Əlbəttə ki, Bako Saakyan və Serj Sarkisyan müdaxilə etməsə”.

Artıq Ermənistan bütövlükdə gedən proseslərdən narahatdır. Əks addımların atılması diplomatik deyil, sui-qəsdlərlə həyata keçirilməyə istiqamətlənib. Qaqik Hambaryan həyata keçiriləcək metod və üsulların təfsirini bu şəkildə verir: “Bizim milli təhlükəsizlik xidmətinin fəaliyyəti bu tipli insanların bütün üsullarla zərərsizləşdirilməsi olmalıdır. Mən demirəm mütləq fiziki məhv edilsinlər, lakin iş əgər bunu gərəkdirərsə, bu da edilməlir. Mən sual verirəm ki, Almaniyada yaşayan Armen Virabyan kifayət qədər uzun zamandır həmin Martirosoğlu ilə feysbukda danışıqlar aparıbsa, bizim Milli Təhlükəsizlik qurumumuz bunları nədən izləmirdi? Mən əminəm ki, bizim Milli Təhlükəsizlik xidmətimiz aydınlaşdıra bilər ki, həmin şəxslər harada qeydiyyatdan keçiblər və nə kimi əlaqələrə malikdirlər. Düşünürəm ki, bu, çox səs-küylü olmamalıdır, bu, bir müharibədir. Bu, hibrid müharibədir və biz buna hazır deyilik”.

Sakit qətllərin həyata keçirilməsi təklifini irəli sürən politoloq, çox hiyləgərliklə geniş diaspor şəbəklərinə malik olan erməni təşkilatlarını zəif kimi qələmə verir. Bəli, bu, müharibədir və siz bunu öz vətəndaşlarınızla, Ermənistan rejimindən xilas olanlarla aparırsınız.

Buradaca hüquq-müdafiəçisi Caqinyanın nə dediyini yada salaq:

- Xanım Caqinyan, sizi Ermənistanda vətənə xəyanətdə ittiham edirlər. Bu istiqamətdə fikirlər Ermənistanın hakim dairələrində sıx-sıx səslənir. Necə düşünürsünüz, həqiqətənmi vətənə xəyanət etmisiniz?

- Əlbəttə, yox. Mən vətənə xəyanəti həqiqətdən fərqləndirə biləcək qədər sağlam düşüncəli insanam. Bu gün Ermənistanın və bütövlükdə ermənilərin məhv olma təhlükəsi qarşısında olduğunu mən heç müzakirə etmək belə istəmirəm. Söhbət öz xalqının evlərini əlindən zorla alaraq, bunun hökumətin mənfəəti naminə edildiyini deyərək, öz insanını küçəyə atan, vətəndaşlarına minimum əmək haqqını mövcud reallıqdan qat-qat aşağı təyin edən (əhali bu pulları yalnız kommunal xərclərə sərf edə bilir) hökumətdən gedir. Mən hələ tamamilə yoxsulluq içərisində yaşayan yaşlı təqaüdçülərdən danışmıram. Mən orada yaşamışam və təqaüdçülərin necə yaşadığını bilirəm. Çünki, qonşuluğumuzda xeyli sayda təqaüdçü vardı. Məni nədəsə ittiham etməzdən əvvəl gedib güzgüyə baxsınlar. Onlar kimdir? Bu adamların mənim atmadığım və qaçmadığım vətənimlə hansı bağlılıqları var? Başa düşürsünüz, mən heç ölkənin vətəndaşı da deyiləm. Vətənə xəyanət nə deməkdir? Mən heç kimə xəyanət etməyib, öz işlərimi həll etməyə getmişəm. Çıxdığım kimi, geri qayıda bilərəm.

Beləliklə, Hambaryan unutmamalıdır ki, öz dövlətində, xalqında və yaxud region daxilində qüvvələr tarazlığını qoruya bilməyən rejimlərin getdikcə məhv olması onun dayaqlarını təşkil edən xalqın rejimə nifrətindən irəli gəlir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.